Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:06

«SOCAR, bənzərlərindən fərqli olaraq hər şeylə məşğuldur»


Bakı fəhləsi neft buruqlarının fonunda

Bakı fəhləsi neft buruqlarının fonunda

Neftin ucuzlaşmasının təsiri, təbii ki, SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkətindən - ARDNŞ-dən) da yan ötməyib. Şirkət 2015-ci ildə mənfəət əldə etməyib. SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov dövlət şirkətinin ili zərərlə başa vurmasının səbəblərini belə açıqlayıb:

«Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, üstəlik, manatın devalvasiyası SOCAR ötən ili 1 milyard manatdan çox zərərlə başa vurub».

«Aktivlərimizin manata çevrilməsi nəticəsində...»

Şirkət rəsmisi devalvasiyanın xeyrindən də söz açıb: «Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərcə manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub».

Şirkətin toplam borcu 6,3 milyard dollardır. Buraya həm xarici, həm də daxili borclar aiddir.

Ekspertlərin çoxu bu fikirdədir ki, SOCAR-ın ili mənfəətsiz başa vurması təkcə neftin ucuzlaşmasından qaynaqlanmayıb. Şirkətin çıxardığı 1 barrel neftin maya dəyəri 25 dollardır. Ötən il «Azeri Light» markalı neftin orta qiyməti 50 dolları aşıbsa, bu halda sual doğur: Maya dəyərindən 2 dədə yuxarı qiymətə satılan neft şirkətə niyə mənfəət gətirməyib?

Mənfəət üçün xam neftin qiyməti, azı, 65-70 dollar olmalıdır?

İqtisadiyyat eksperti Rövşən Ağayev də xatırladır ki, 2015-ci ildə «Azer Light» markalı neftin ortalama qiyməti 55 dollar 40 sent olub: «Bu qiymət səviyyəsi, üstəlik, xam neftin həmin qiyməti bazasında formalaşan neft məhsullarının qiyməti SOCAR-ın 1 milyard manat zərərlə işləməsinə səbəb olub. Belə çıxır ki, xam neftin qiyməti azı 65-70 dollar olmasa, şirkət zərərlə işləyəcək və ya 80-90 dollar olmalıdır ki, mənfəətə çıxsın? Nə qədər ki effektiv və şəffaf menecment qurulmayıb, bütün dövlət şirkətlərinin fəaliyyəti belə olacaq».

«Maliyyə nəticələrinə digər faktlar təsir edib»

Şirkətin rəsmi məlumatına görə, neft məhsullarının 65 faizi daxili bazara, 35 faizi ixracata yönəldilib. Ötən il istehsal 4,9 faiz azalaraq, 5,26 milyon tona düşüb.

Ekspertin fikrincə, bu fakt onu göstərir ki, SOCAR-ın gəlirlərinin cəmi üçdə biri xarici bazarda formalaşıb və qiymətin 47 faiz ucuzlaşması həmin üçdə bir hissəyə aiddir: «Üçdə iki hissə 2014 və 2015-ci illərdə eyni qiymət əsasında formalaşıb. 2014-cü ildə 1 milyard 300 milyon manat xalis mənfəət olub, ötən ilsə 1 milyard zərər. Bu səbəbdən, məncə, maliyyə nəticələrinə digər faktlar - profil fəaliyyətdənkənar təmir-tikinti işləri, havayı verilən mazut daha çox təsir göstərib, nəinki qiymətdəki eniş».

«Mənfəətin olmamasında obyektiv səbəblər də var»

Azerbaijan -- oil expert Ilham Shaban, 2014

Azerbaijan -- oil expert Ilham Shaban, 2014

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın qənaətincə, mənfəətin olmamasında obyektiv səbəblər də var: «Axı ötən il şirkətin kapital xərcləri həm daxildə, həm də xaricdə artıb. Bunu da nəzərə almaq lazımdır. SOCAR intensiv olaraq «Neft Daşları» və «Günəşli» yataqlarında istismar quyuları qazıb. Dekabrın 4-də o cür ağır faciə baş verdi. Görün, dekabr ayı boyunca nə qədər gəmi, helikopter, xilasedici cəlb edilmişdi. Amerikanın «Baker & Boots» şirkəti də bura dəvət edilmişdi. Bunlar xeyli puldur, axı».

«Hökumət bu şirkətin ən azı 200 milyon manatını...»

İ.Şaban SOCAR-ın borcunun azalmasına da diqqət çəkir: «Şirkət xaricdəki layihələrinin hamısını Neft Fondunun hesabına maliyyələşdirmir. Üstəlik, bir il əvvəl bu vaxtlar SOCAR-ın borcu 7 milyarddan bir qədər artıq idi, indi 6,3 milyard dollar olub. Borca xidmət məsələsi də var. Özümüz də şirkətin sosial layihələrini araşdırarkən görmüşdük ki, hökumət bu şirkətin ildə, ən azı, 200 milyon manatını öz layihələrinə xərcləyir. Bir faktor da var ki, SOCAR neft də ixrac edir, neft məhsulu da. Onların da qiyməti ötən il dünya bazarında, orta hesabla, 47 faiz ucuzlaşıb. İstənilən halda gəlirə təsir göstərən faktordur».

Vitse-prezident Süleyman Qasımov da bildirib ki, SOCAR ötən il Türkiyədəki layihələrə görə, həmin ölkənin şirkətlərinə 1 milyard dollardan çox borc qaytarıb. Şirkət rəsmisi bu ilin əvvəlində bondlarla bağlı 400 milyon dollar məbləğində borcun da qaytarıldığını söyləyib.

«Şirkət hər şeylə məşğuldur»

İqtisadçı Nazim Məmmədov SOCAR-ın bənzər dünya şirkətlərindən fərqli özəlliyini vurğulayır: «SOCAR, dünyada fəaliyyət göstərən bənzər neft şirkətlərindən fərqli olaraq, təkcə neft hasilatı, tranziti və satışı ilə deyil, həm də demək olar, səhiyyə, təhsil, tikinti, xidmət və s. də daxil, hər şeylə məşğuldur. Bunların da əksəriyyəti səmərəsiz idarə olunduğundan, şirkət bütövlükdə ziyanla işləyir. Beləcə, SOCAR-ın xarici və daxili borcları artır, büdcə öhdəliklərinin icrası ləngiyir və ya tam yerinə yetirilmir».

«SOCAR əsasnaməsində göstərildiyi kimi...»

Azerbaijan. Baku. Former PM Nazim Mammadov

Azerbaijan. Baku. Former PM Nazim Mammadov

N.Məmmədov deyir ki, SOCAR, əsasnaməsində göstərildiyi kimi, yalnız hasilatla və öz məhsulunun satışı ilə məşğul olmalıdır: «Digər sosial və iqtisadi fəaliyyətlər məhdudlaşdırılmalıdır. Eyni zamanda belə böyük gəlirləri olan dövlət şirkətlərinin menecerləri üzərində müşahidə şuraları (icra, qanunverici və ictimai qurumlardan paritet əsaslarla) yaradılmalıdır ki, izafi xərcləmələrə son qoyulsun və təkbaşına qərar qəbuluna yol verilməsin. Şirkətin işinin səmərə dərəcəsi haqqında təsəvvürün yaranması üçün onun idarəçiliyinə qatılan vitse-prezidentlərin, baş idarə və idarələrin, departament və şöbələrin sayına baxmaq yetər. Bir sözlə, ciddi struktur dəyişikliyi aparılmalı, işçi sayı optimallaşdırılmalı, neft hasilatı və satışına birbaşa texnoloji və iqtisadi bağlılığı olmayan sahələr yerli icra orqanlarına verilməli və ya özəlləşdirilməlidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG