Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

Siyəzən sakini: “Dolanışıq, çörək yoxdur”


►"Deyirdilər ki, un bahadır. Camaata başa salındı ki, süni qiymət artımının qarşısısı alınacaq."

Yanvarın 13-də Ağcabədi, Füzuli və Ağsu rayonlarında da etirazlar haqda xəbərlər yayılıb

“Dolanışıq, çörək yoxdur. Camaat bahalığa, işsizliyə, unun, ərzağın qiymətinin qalxmasına etiraz edir. Bu gün də daxili qoşunları, texnikanı yeridiblər, həbslər var. Rayonda belə bir vəziyyətdir”.

Siyəzən rayon sakini Mərdan Mehdiyev deyir ki, camaat dolanışığın çətinliyinə etiraz edib, ancaq həbslərlə qarşılaşıb.

SAXLANANLAR VAR

Yanvarın 12-də Siyəzəndə sosial tələblərlə başlayan etiraz aksiyası zamanı polislə etirazçılar arasında toqquşma yaranıb. Ötən axşam polis aksiya iştirakçılarının həbsinə başlayıb.

Yerli polis bölməsindən AzadlıqRadiosuna saxlananların olduğunu təsdiqləyiblər. Ancaq onların sayı haqda məlumat verməyiblər.

Rayon sakinlərinin sözlərinə görə, yanvarın 13-də səhər onlarla adam icra hakimiyyətinin binasıını qarşısına toplaşaraq saxlanılanların buraxılmasını tələb edib.

Polis aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Şəhərə Daxili İşlər Nazirliyinin xüsusi bölmələri gətirilib.

Bir neçə saat davam edən aksiya dağıdılıb.

Buna da bax: Bala Bəhmənli kəndində gərginlik - Video

İCRA HAKİMİYYƏTİ: HƏR ŞEY YOLUNDADIR...

Siyəzən rayon icra hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova AzadlıqRadiosuna deyib ki, hazıda rayonda sakitlikdir:

“Adamlar yığışmışdılar. Başçı onlarla görüşdü. Hazırda heç bir problem yoxdur. Heç kim tutulmayıb”.

Təhminə Bəxtiyarova rayona polis qüvvələrinin yeridilməsi haqqında məlumatı olmadığını deyib.

Arif Hacılı: Arif Hacılı: “Rayonlardakı aksiyaların təşkilatçısı Müsavat deyil”

“RAYONUMUZDA ƏMİN-AMANLIQDIR”

İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Balabəy Balabəyov isə söyləyir ki, etirazçılara süni qiymət artımının qarşısının alınacağı vəd edilib:

“Rayonumuzda heç nə baş vermir, əmin-amanlıqdır.Küçədə sakitlikdir, qoşun-zad yoxdur. Dünən camaat qiymət artımına görə yığışmışdı. Deyirdilər ki, un bahadır. Camaata başa salındı ki, süni qiymət artımının qarşısısı alınacaq. İndi isə küçədə heç kim yoxdur. Hər kəs öz işində-gücündədir”.

Yanvarın 12-də ölkənin dörd bölgəsində - Lənkəran, Füzuli, Siyəzən və Ağcabədidə qiymət artımına yol verilməməsi tələbilə etiraz aksiyaları keçirilib. Yanvarın 13-də Ağcabədi, Füzuli və Ağsu rayonlarında da etirazlar haqda xəbərlər yayılıb.

Buna da bax: «Papanin» sakinləri: Evlərimizi dağıdıb getdilər

“DƏRMANLA, İŞSİZLİKLƏ BAĞLI ŞİKAYƏTÇİLƏR İDİ”

Ağsu rayon icra hakimiyyətinin informasiya təminatı sektorunun müdiri Cavanşir Nəsibov AzadlıqRadiosuna bildirib ki, şikayətçilər qəbul olunub:

“Dərmanla bağlı, işsizliklə bağlı problemləri olanlar var, onlar gəlmişdilər. Qəbul olunudular, dinlənildilər”.

Ağcabədi və Füzuli rayon icra hakimiyyətlərindən isə dedilər ki, rayonda etiraz aksiyalarının keçirilməsi haqda hər hansı məlumatları yoxdur.

Yanvarın 12-də Lənkəranın Liman qəsəbəsində keçirilən etiraz aksiyasından sonra rayonda iki yerli müxalifət fəalı –AXCP-nin rayon şöbəsinin rəhbəri Nazim Həsənli və Müsavat Partiyasının Lənkəran təşkilatının fəalı İman Əliyev saxlanılıb.

“KORTƏBİİ AKSİYALAR TƏHLÜKƏLİ MƏCRAYA KEÇƏ BİLƏR”

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

Ekspertlər deyir ki, bölgələrdə keçirilən etiraz akiyaları hakimiyyət üçün siqnal olmalıdır.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, islahatlar keçirilməsə, bölgələrdəki aksiyalar digər rayonlara da yayılacaq:

“Azərbaycanın əksər əyalətlərində kortəbii təsir bağışlayan etiraz aksiyalarının keçirilməsi qaçılmazdır. Ölkədə iqtisadi– sosial problemlər həddən artıq çoxdur. Ən əsası, hakimiyyət daxilində mərkəzdənqaçma tendensiyaları güclənib. Hakimiyyət kadr dəyişikliyinə getməyə məhkumdur. Yaxın zamanlarda ölkənin yeni baş nazirinin kim olacağı sualı aktuallaşacaq. İstənilən halda arxasında siyasi təşkilatların dayanmadığı kortəbii aksiyaların keçirilməsi proqnozlaşdırıla bilməyən effektlər verə bilər. Aksiyalar kortəbii xarakter alanda, onu cilovlamaq mümkün olmur. Düşünürəm ki, yaxın zamanlarda hakimiyyət ciddi şəkildə antiböhran tədbirləri həyata keçirməsə, bu aksiyalar daha ciddi çalar alacaq. Azərbaycan siyasiləri və xüsusilə hakimiyyət ölkədə xaosun yaranmaması üçün dərhal tədbirlər planı hazırlamalıdır. Əks təqdirdə, ölkədə xaos qaçılmaz olacaq”.

"DAHA PİS ƏLAMƏT"

Ərəstun Oruclu

Ərəstun Oruclu

Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da deyir ki, kortəbii aksiyalar ciddi təhlükələr yarada bilər:

“Dünən (yanvarın 12-də-red.) başlayan aksiyalar bu gün genişlənib. Bu, yaxşı əlamət deyil. Bu, onu göstərir ki, bu etiraz aksiyalarının miqyası da genişlənə bilər, kəskinliyi də, ona qoşulan əhali qrupunun sayı da arta bilər. Hakimiyyət aksiya iştirakçıları ilə danışıqlara getməkdənsə, onların qarşısına silahlı polis, daxili qoşunlar çıxardır. Bu, daha pis əlamətdir. Deməli, hakimiyyət belə bir şəraitdə də cəmiyyətlə danışığa hazır deyil. Məsələ burasındadır ki, bu cür zorakılıq adətən daha artıq zorakılıq doğurur. Hesab edirəm ki, bu, təhlükəli tendensiyadır. Həm də bu aksiyalar təkcə genişlənmək yox, idarəolunmaz formaya da keçə bilər. Bu, daha təhlükəlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG