Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Jurnalisti polislərin apardığı deyilir


Oktyabrın 7-də səhər saatlarında polis əməkdaşlarının «Gündəm-xəbər» qəzetinin redaktoru Şirin Cəfərini saxladıqları bildirilir.

Verilən xəbərlərə görə, əvvəlcə onun evində axtarış aparılıb. Polis əməkdaşları jurnalisti özləri ilə aparıblar.

Bu haqda jurnalistin xanımı bildirib. O, başqa bilgiyə sahib olmadığını deyib.

«Bizə heç nə demədilər. Evdə axtarış apardılar, sonra da Şirini apardılar. Hara apardıqları barədə bizə heç nə demədilər», - o, bildirib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə Şirin Cəfərini Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxladığını bildirib. Onun deməsinə görə, jurnalist hazırda DİN-in adıçəkilən idarəsində saxlanır.

«Əldə etdiyimiz bilgilərə görə, Ş.Cəfərinin saxlanılmasına səbəb onun baş redaktoru olduğu «Gündəm-xəbər» qəzetinin bugünkü sayında daxili işlər nazirinin müavini Vilayət Eyvazov haqqında manşetdə dərc olunan tənqidi yazıdır», - hüquq müdafiəçisi bildirib.

DİN jurnalistin saxlanması ilə bağlı hər hansı açıqlama verməyib.

Şirin Cəfərinin əvvəllər də peşə fəaliyyətinə görə çək-çevir edildiyi bildirilir.

O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə CM-nin 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) maddəsi ilə 3 il şərti azadlıqdan məhrum edilib.

Məhkəmə Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını da təmin edərək, dövlət büdcəsinə 71 min 478 manat ödəməsinə qərar verib. Jurnalist həmin məbləğin 540 manatını ödəyib. Ş.Cəfəri vəsaiti ödəyə bilmədiyinə görə həbs təhlükəsi ilə üzləşib. Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ona qarşı cinayət işi başlayıb.

O zaman Ş.Cəfərli 71 min manat ödəniş etməsini nəzərdə tutan qərarın qanunsuz və əsassız olduğunu iddia edirdi.

Jurnalist sərbəst buraxılıb

“Gündəm-xəbər” qəzetinin redaktoru Şirin Çəfəri günortadan sonra sərbəst buraxılıb. O, Azadlıq Radiosuna açıqlamasında saxlanmasının peşə fəaliyyəti, yazıları ilə bağlı olduğunu deyib.

"“Gündəm xəbər” qəzetində azərbaycanlıların Ukraynadakı villaları ilə bağlı yazı dərc olunub. Yazıda adı çəkilən şəxslər şikayət ediblər. Mənə belə dedilər. Idarədə şöbə rəsilərinin birinin kabinetində söhbət etdik. Yazı ilə bağlı suallar verdilər”, deyən jurnalist ona hər hansı xəbərdarlıq edilmədiyini bildirib.

Ş.Cəfəri onunla rəftardan narazı qalmadığını da əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG