Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:17

BU ZƏNG KİMİN ÜÇÜN ÇALINIR?

Bəlkə də konkret adlardan başlamaq daha düzgün olardı...
Amma adlar o vaxt diqqət çəkir, yadda qalırlar ki, bəlli bir həddi keçməsin və sayıla biləcək hüdudlarda olsunlar. Azərbaycanda isə həbslər «qırmızı sərhəd»i keçib, insanlar da buna alışıblar. Ona görə də bu ölkədə bu gün cəmiyyətin seçib-sevdiyi qəhrəman olmaq çətindən də çətin bir məsələ olub...

Hər dəfə siyasi məhbus sayılan şəxslər azad olunanda qarışıq hisslər keçirirəm. Bir tərəfdən sevinirəm ki, neçə-neçə insan azadlığa qayıdır. O biri tərəfdən də düşünürəm ki, əcəba, məhbəslərdəki yerlər kimin üçün boşalır?...

Niyə belə olur? Niyə biz illərdir qapalı dairə boyunca qaçırıq?

Səbəb çox sadədir. Təəssüf ki, insanların fədakarlığı, əziyyəti və əzmi bu ölkədə siyasi qaydaları islah etmək gücündə deyil. Qələbə yalnız və yalnız bir məsələdədir. O da budur ki, ən yaxşı halda hakimiyyətin istəyinə rəğmən fədakar insanlar və beynəlxalq təşkilatlar ayrı-ayrı mübarizlərin məhbəs həyatının qısalmasına nail ola bilir, onlara dəstək verirlər... Amma köklü bir institusional ictimai və siyasi dəyişiklik baş vermir. Dəyişiklik baş vermədiyi üçün də həyatda üzücü və yorucu bir təkrarçılıq var. Təəssüf, bu ölkədə yaxşılığa doğru çox az şey dəyişir və yaxud da demək olar ki, dəyişmir...

1993-cü ilin yadda qalan məqamlarından və suallarından biri bu oldu ki, «Demokratiya bitdimi?»...

Buna da bax-Rasim Balayevin referenduma şərhi: 'Əcəb edirlər'

Təbii ki, hər şeyi şüara çevirməyi sevən əski kommunistlərin və «yeni demokratlar»ın bu suala cavabı hər bir vaxt olduğu kimi təəccüb və bir də etiraz ifadə etdi. Qayıtdılar ki, «Nə danışırsınız? Demokratiya hələ bundan sonra olacaq!».

Amma o ildən sonra nələr oldu, nələr baş verdi – artıq bunun üzərində geniş dayanmağa dəyməz, hər şey göz önündədir...

İLK FÜRSƏTDƏ AZADLIQDAN İMTİNA ETDİLƏR...

Fəqət, məni bu illərdə ən çox məyus edən bilirsiniz nə oldu? Demokratiya və azadlıq kütləvi dəstəkdən məhrum oldu və ayrı-ayrı fərdlərin, kiçik siyasi qrupların qayğısına çevrildi. Cəmiyyət sanki ən lazımsız bir şey kimi elə ilk fürsətdə məhz demokratiyadan və azadlıqdan imtina etdi...

Bəs bütün bunlar nə ilə bitəcək? Nə qədər belə davam edəcək? Çox çətin suallardır. Bəli, hansısa bir şüarlar deyə, demokratiya və azadlıq uğrunda mübarizənin heç bir vaxt kəsilməyəcəyini və sonda da azadlığın qalib gələcəyini bəyan edə bilərik. Amma ən böyük problem və yaxud da ki, faciə bilirsiniz nədədir? Özüm və yaxud da özümüz inansaq da, başqalarını inandıra bilmirik...

«BİRDƏN HÖKUMƏTİN ADAMI OLAR»...

Sosiologiyada belə bir anlayış var: etimad və identifikasiya radiusu. Bu radius böyük olduqca cəmiyyətin inteqrasiya və identifikasiya resursları da böyük olur, insanlar arasında etimad və inam yaranır...

93-cü ildən Azərbaycanda bu radius çox kiçilib. «Birdən hakimiyyətin adamı olar!» sözləri insanlara hakim kəsilib, heç kim biri-birinə inanmır və etibar etmir, ona görə də səmimi ola bilmir.

Buna da bax-'SSRİ-nin dağılmasını da sonradan bildim' - Ziyalılar referendum haqda

Bəzən belə fikirlər dolaşır ki, guya ortastatistik Azərbaycan insanı informasiya kasadlığından və ya məlumatsızlıqdan ictimai proseslərə tam biganədir. Amma təəssüf ki, belə deyil. Azərbaycan kiçik ölkədir və hamı demək olar ki, hər şeyi bilir...

Sadəcə, inam və etibar qalmayıb. Adicə bir misal çəkəcəyəm.

Sentyabr ayındakı referendumla bağlı «Ölkədə az qala monarxiya qurulur!» deyəndə, insanlar qayıdırlar ki, guya bu vaxta qədər monarxiya deyildi ki?

Bəli, görürsən ki, ortastatistik insan hər şeyi yetərincə dəyərləndirməyi və qiymətləndirməyi bacarır. Amma onu dəyişmək üçün zərrə qədər olsun belə özünə əziyyət vermək istəmir. Problem də elə bundadır. Azərbaycan insanı tamam seyrçidir, düşünmək, nəticə çıxarmaq və ən başlıcası da nəsə etmək, ictimai və siyasi gerçəkliyi dəyişmək üçün azacıq da olsa, səy göstərmək istəmir. Ona görə də bu gün ölkədə demokratiya bir ideya kimi, demokratlar bir kəsim kimi tamam marginallaşıblar. «Bunlar nə edir», «Bunlar nə istəyir» sualları indi ictimaiyyət və siyasət fəallarına cəmiyyətin ayırdığı ən böyük «diqqət»dir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG