Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

«Üçlər»lərin – Rusiya, İran və Azərbaycan liderlərinin Bakı görüşünün başlıca mövzulardan biri də «Şimal-Cənub» nəqliyyat dəhlizi idi. Liderlər onun önəmindən, geopolitik vacibliyindən çox danışırdılar.

MƏQSƏDİ

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş Rusiya, İran və Hindistan arasında 16 il öncə – 2000-ci il sentyabrın 12-də imzalanıb. Sonradan ona Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə, Ukrayna və Azərbaycan da qoşulub.

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin katibliyi Tehran şəhərində yerləşir.

Nəqliyyat Nazirliyinin məlumatına görə, dəhlizin yaradılmasında məqsəd yük və sərnişin daşımalarında səmərəliliyin yüksəldilməsi, vaxtın qısaldılması və tranzit daşımaların dəyərinin minimuma endirilməsidir.

DƏHLİZİN MARŞRUTLARI

Nəqliyyat dəhlizi Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya, Baltikyanı dövlətlərdən, daha sonra Şimali və Qərbi Avropa ölkələrindən keçəcək. Dəhliz üzrə əsas daşımaların Şimali və Qərbi Avropadan başlayaraq Rusiya və İran istiqamətində 3 əsas marşrut üzrə həyata keçirilməsi nəzərdə tutulur. O, İran ərazisi ilə davam edərək Fars körfəzinə və Hindistana qədər uzanacaq.

Nazirliyin məlumatına görə, bu da Asiya ölkələri ilə Avropa ölkələri arasında daşımaların, yüklərin dəniz yolu ilə daşımalara nisbətən daha qısa zamana və sərfəli qiymətlərlə həyata keçirilməsinə imkan yaradacaq.

AZƏRBAYCANIN DƏHLİZİ

Nəqliyyat Nazirliyi hesab edir ki, bu dəhlizin Azərbaycandan keçən marşrutu daha cəlbedici görünür. «Burada məsafənin qısalılığı, daşımalara daha az vaxt sərf olunması, mövcud nəqliyyat infrastrukturu və bir tranzit ölkənin olması faktoru əsas rol oynayır».

Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi məqsədilə Astara stansiyasından İran sərhədinə qədər 8.3 km yeni dəmiryol xəttinin, buradan hər biri 1050 m olan 4 əlavə stansiya yollarının, Astara (Azərbaycan) – Astara (İran) sahəsində yeni dəmiryol, avtomobil və piyada körpülərinin tikintisi nəzərdə tutulur.

Dəhlizin Azərbaycan ərazisindən keçən dəmiryol xəttinin uzunluğu 511 km-dir.

«Şimal-Cənub» nəqliyyat dəhlizi

«Şimal-Cənub» nəqliyyat dəhlizi

«BU LAYİHƏ BAKI-QARSDAN DA BAHALIDIR»

İqtisadi məsələlər üzrə ekspert İlham Şaban isə rəsmi qurumlar kimi dəmiryol layihəsinin cəlbedici olduğunu düşünmür. Üstəlik də onu qeyd edir ki, «gərək əvvəlcə layihə baş tutsun»:

– 10 il öncə də biz Bakı-Tbilisi-Qars layihəsini imzalayanda, onu təntənəli qeyd edəndə, bunun iki ilə başa gələcəyini deyirdik. Ancaq indiyədək ortada heç nə yoxdur. İş ondadır ki, burda heç bir təsərrüfat subyektləri arasında kommersiya sazişi imzalanmayıb. Hökumətlər arasında, sadəcə, niyyət protokolu imzalanıb və bu da hökumətlərin arzusunu əks etdirir. İran prezidentinin elan etdiyi kimi, bu layihənin ərsəyə gəlməsi üçün İran və Azərbaycanın onu müştərək maliyyələşdirməsi gərəkdir. Özü də bu Bakı-Tbilisi-Qars layihəsindən daha bahalıdır, üstəlik də relyef çox mürəkkəbdir və çox sayda körpülər tikilməlidir. Buna hər iki tərəf təxminən yarım milyard pul qoymalıdır və bu işə maliyyə tapılandan sonra gerçəkləşdirmək mümkündür. Ondan sonra məsələnin ikinci tərəfi gəlir ki, bu layihə bizə nə verə bilər?

- Sizcə, böyük gəlirlər gözləmək olarmı?

– Dəmiryol layihəsi birbaşa gəlir gətirən sahə olsa da, Baykal-Amur magistralı kimi gəlirsiz layihələr də olur. O, hökumətin yatırdığı milyardları SSRİ dağılana kimi çıxara bilmədi.

Buna da bax - Bakı-Tbilisi-Qars - Ümid yolçuluğu

– Bəs «Şimal-Cənub» layihəsi özünü doğrulda bilərmi?

– Azərbaycanda Nəqliyyat Nazirliyinin tabeliyindəki Dəmiryol idarəsi heç vaxt gəlirləri haqda ictimaiyyətə açıqlama vermir. Tutalım, Azərbaycandan iki milyon ton yük daşınır. Bu yükün bir tonuna görə nə qədər tranzit haqqı alınacağı bəlli deyil. İkincisi, bu alınan tranzit haqqının nə qədəri maya dəyərini təşkil edir? Axı tranzit haqqının daxilində daşıma xərcləri var. Burda söhbət avtomobildən getmir ki, onun sürücüsü, yanacağı özünə aiddir və gömrükdə də 100 dollar torpaqbasdı versin. Xeyr, qatar sənin elektrik enerjindən, infrastrukturundan istifadə edir. Bundan başqa, hər ölkə ərazisində maşinistlər dəyişir, bu da xərcdir. Tutalım, 30 dollar veriləcəksə, bunun nə qədəri mənfəət kimi Azərbaycana qalacaq? Axı Azərbaycan Dəmiryolu bundan ötrü böyük məbləğdə kreditlər götürüb və 20 ilə onu geri qaytaracaq. Bakı-Qarsın inşasında 700 milyon dollar neftin pulundan götürüb xərclədik. İndi isə Azərbaycanda dövlət zəmanəti ilə 2 milyard dollarlıq kredit götürülür. Gəlirin çox hissəsi də büdcəyə getməyəcək, kreditə gedəcəksə, bundan bizə nə qalacaq? Hər tonda 2 dollar qalacaqmı? Misal üçün, Azərbaycan ərazisindən 20 milyon ton yük daşındı. Onda belə çıxır ki, 40 milyon ton həcmində büdcəyə gəlir qalacaq. «Şərq-Qərb» də var, axı, hamısı bir yerdə lap 150 milyon dollar olsun. Bu il neftin ortalama qiymətinin 41 dollar olacağını gözləyirik, bu, ən aşağı qiymətdir. Neft Fondunun gəliri 40.5 milyard dollar civarında götürülür. Dəmiryolundan gələn gəlir heç onun 5 faizi də etmir. Hökumətin bu qədər canfəşanlıq etməsinin mənası nədir? Bu il ölkə kənd təsərrüfatından 500 milyon gəlir götürür. Bu dəmiryol o kənd təsərrüfatı qədər gəlir gətirmir, axı. Amma elə təsvir edirlər ki, sanki Azərbaycana 3-4 milyard dollar gəlir gətirəcək. Bu, qətiyyən belə deyil. Süveyş kanalından ildə 280-290 milyon ton yük keçir, onda Misir qaz vurub qazan doldurmalıydı.

– Azərbaycan hökuməti qoyduğu vəsaiti götürə bilməyəcəksə, bu nəhəng layihəni niyə reallaşdırır?

– Bu sual hökumətə ünvanlanmalıdır. Neft Fondundan ən gözəl xərcləmələr, investisiya Bakı-Tbilisi-Ceyhan olub. Ora 289 milyon dollar qoyulub, qısa müddətdə 500 milyon dollar gəlir götürülüb. Düzdür, qazancı ARDNŞ götürür, amma fərqi nədir, ikisi də dövlətin qurumudur, dövlət böyük qazanc götürür. Biz 700milyon dolları Bakı-Tbilisi-Qarsa qoyduq. Ancaq faydası nədir? Düzdür, sıravi adama demək olar ki, Bakıdan qatara oturub Londona gedəcəyik. Ancaq onu demirlər ki, indiki vaxtda Bakıdan Londona 7-8 günə getməyin mənası varmı? Və ya burdan İstanbula heç kim 2 gün yarıma getmək istəməyəcək. Təbii ki, bu, yük daşımaqdan ötrüdür. O halda, Azərbaycanla Türkiyə arasında hansı yük daşımaları olacaq? Çindən bura malı niyə qatarla gətirmirlər? İqtisadi sərfəli deyil də demək. O zaman avropalılara niyə sərfəli olmalıdır? Məsələ budur.

Günün bütün mövzuları

XS
SM
MD
LG