Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:06

Siqaret qaçaqmalçıları ayda nə qədər qazanır?


Xəzərdə neft platforması.
Xəzərdə neft platforması.

-

AZƏRBAYCAN NÜMUNƏ OLDU

«Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorundu».

Bu, «Azərbaycan» qəzetində deputat Rafiq Məmmədhəsənovun dərc olunan məqaləsinin başlığıdır.

Məqalədə qeyd edilir ki, ötən il dünyada mürəkkəb geosiyasi proseslər, regional silahlı münaqişələr, beynəlxalq terrorçuluq və dini ekstremizm genişlənib. Ötən il maliyyə-iqtisadi böhranın dərinləşməsi, kütləvi miqrasiya və humanitar böhranla da yadda qalıb. Ancaq Azərbaycan üçün 2015-ci il uğurlu olub.

«Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorundu. İtkilər minimuma endirildi. Bölgəmizə iqtisadi böhranın təsirləri olsa da, Azərbaycan 2015-ci ildə də sabitlik məkanı, inkişaf edən ölkə kimi nümunə oldu»,- deyə deputat yazır.

BƏZİ BANKLAR HƏRRACLARDAN KƏNARDA QALIB

«Mərkəzi Bank və Neft Fondunun ehtiyatları ilə dollar tələbatı uzun müddət ödəmək mümkün deyil».

Bu fikri isə «Azadlıq» qəzetinə iqtisadçılar deyib.

İqtisadçılardan Oqtay Haqverdiyev bildirir ki, bəzi banklar valyuta hərraclarından kənarda qalıblar: «Bizim bank sistemi balanslaşmanı itirib. Ona görə ki, bank sistemimiz iqtisadi qanunlar əsasında işləmir. Bir də kommersiya banklarının sahiblərinə baxsaq görərik ki, əksəriyyətinin bu işlərdən başı çıxmır. Onlar ancaq kredit barədə düşünürlər, ümumi bank siyasəti heç kəsi maraqlandırmır».

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, Dövlət Neft Fondunun ay ərzində valyuta bazarına 400 milyon dollar çıxarması belə, bazarın tələbatını ödəməyə yetərli deyil. Q.İbadoğlu bildirir ki, hazırda bankların və özəl şirkətlərin böyük dollar öhdəliyi var. İqtisadçının deməsinə görə, bütünlükdə ölkədə ay ərzində, azı, 1 milyard dolar dövriyyədə olmalıdır. Mərkəzi Bank və Neft Fondu isə davamlı olaraq dövriyyəni qarşılamaq gücündə deyil.

Siqaret
Siqaret

SİQARET QITLIĞI KİMLƏRƏ SƏRF EDİR?

«Novoye Vremya» qəzetində «İnhisarçıların yerini qaçaqmalçılar tutur» adlı məqalə dərc edilib. Məqalədə son günlər ölkədə siqaret qıtlığının yaşanmasından bəhs edilir:

«Siqaretin nağd pulla satışına qadağa qoyulub. Bundan irəli gələrək, pərakəndə satış şəbəkəsinə məhsul gətirilmir. İkinci devalvasiyadan sonra qiymətlərin bahalaşması üzündən alıcılar daha ucuz siqaret axtarışına çıxdılar. Bu isə qaçaqmal yolu ilə gətirilən siqaretlərin mağazalara yol açmasına səbəb oldu».

Müəllifi fikrincə, qaçaqmalçıların məhz siqaretə «məhəbbət» bəsləməsi asan izah edilməlidir: «Çünki çəkisi az, gətirmək asan, gəliri çox. Alıcı istədiyi siqareti mağazadan tapa bilməsə, ucuz qaçaqmal siqaretinə üz tutacaq. Azərbaycanda insanlar gündəlik gəlirlərinin 8.3 faizini siqaretə xərc edirlər. Bu da qeyri-leqal siqaret dövriyyəsinin artmasını göstərir. Üstəlik, bu növ siqaretlər dövlət sərhədlərini asan keçə bilirsə, o zaman bunun arxasında hər iki sərhəddə inhisarçıların durduğu aydın olur. Həftədə sərhədi 3-5 maşın, ayda isə 20 belə maşın keçir. Bu mənada qaçaqmalçıların xalis gəliri ayda 10 milyon avronu ötür».

Məqalədə qeyd edilir ki, bu məbləğ böyükdür. Amma dövlət büdcəsinə getmir:

«Bu kimə sərfəlidir? Beləliklə, inhisarçılar və qaçaqmalçılar yenidən xalqın hesabına varlanmaq qərarı veriblər. Nə edək ki, bizim iqtisadiyyat belədir».

AZƏRBAYCAN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA NİYƏ ÜZV OLMUR?

«Yeni Müsavat» qəzetində isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmamasından bəhs edən yaz dərc olunub. Məqalədə qeyd edilir ki, bu təşkilata üzvlük məsələsi yenidən aktuallaşıb. İqtisadçı Natiq Cəfərli qəzetə deyib: «Bütün dövlətlər danışıqlar apararaq bu quruma üzv olmaq istəyir. Azərbaycan isə sanki 1997-ci ildən üzv olmamaq üçün danışıqlar aparır».

Natiq Cəfərli hesab edir ki, Azərbaycanın bu quruma üzv olmasına məhz hökumət maneə yaradır: «Azərbaycan daxili bazarını qorumaq adı ilə bu quruma üzv olmaq istəmir. Bu çox bəsit yalan və bəhanədir. Çünki daxili bazarı qorumaq istəyən ölkə yerli istehsalı gücləndirərdi. Azərbaycanın ÜTT-yə üzv olmamasının yeganə səbəbi odur ki, oraya üzvlük gömrük və vergidə yeni oyun qaydalarını tələb edir. Yəni, ölkəyə beynəlxalq standartlar uyğun qaydalar gətirilməlidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG