Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

'Polisdə qohumun varsa, adam bıçaqlaya bilərsən'


Şəmkirin Seyfəli kəndinin sakini Qafqaz Ənnağıyev

Şəmkirin Seyfəli kəndinin sakini Qafqaz Ənnağıyev

“Ailəm hələ də təhlükə altındadır. Çünki bizə qarşı cinayəti törədən şəxs polis şöbəsindəki qohumunun hesabına hələ də azadlıqda gəzir”.

“BIÇAĞIN UCU SİNƏMƏ SAPLANDI”

Bunu AzadlıqRadiosu-na Şəmkirin Seyfəli kəndinin sakini Qafqaz Ənnağıyev deyir. Onun sözlərinə görə, bu il noyabrın 17-də yaxın qohumu tərəfindən bıçaqlanıb. Ancaq Şəmkir polisi həmin şəxsin saxlanmasından ötrü tədbir görmür.

Buna da bax:​ Pirallahıda bıçaqlanma olayı

Qafqaz Ənnağıyev deyir, hadisəyə səbəb əmlak mübahisəsi olub. Onu vuran şəxs isə əvvəllər narkotikə görə məhkum olunmuş doğmaca dayısı oğludur:

“Ailəmlə yaşadığım ev anamın anası tərəfindən mənə vəsiyyətnamə ilə keçib. Dayım oğlu isə əmlakı ona verməyimizi tələb edir. Bir müddətdir ki, mən evdə olmayanda gəlib həyat yoldaşımı və uşaqlarımı hədələyir. Noyabrın 17-də növbəti dəfə sərxoş vəziyyətdə gəlib, uşaqları hədələyib, gedib. Bunu biləndə onunla görüşdüm ki, məsələni aydınlaşdırım. Bıçaqla üstümə hücum çəkdi, cəld tərpənib geri çəkildiyimdən bıçağın ucu sinəmə saplandı”.

Buna da bax:​ Yevlax xəstəxanasında nigaran xəstə

“ADAMIM YOXDUR”

Yaralı vəziyyətdə evinə qayıdıb. Həyat yoldaşı ona ilkin tibbi yardım göstərəndən sonra xəstəxanaya gedib. Ancaq xəstəxana ambulator yardım göstərib. Həkimlər bildiriblər ki, yara dərin olmadığına görə xəstəxanada qalmağa ehtiyac yoxdur.

Qafqaz Ənnağıyev:

“Ekspertizadan da keçdim, orda da qeyd olunub ki, bıçaq sinəyə 1 santimetr nüfuz edib. Söhbət bıçağın sinəyə nə qədər nüfuz etməsindən getmir. Söhbət baş verən hadisədən gedir. Adam məni öldürməyə cəhd edib və bu əməl cinayətdir. Onu hələ də həbs etməyiblər, ortalıqda gəzir, üstəlik, mənə hədə dolu xəbərlər göndərir ki, hələ bundan da pis olacaq. Bu, nə deməkdir? Hanı bu ölkənin hüquq-mühafizə orqanı? Hanı məhkəməsi? Cinayəti törədib, polisdəki qohumuna arxayın olub, “hələ gerisi də olacaq” deyə ailəmi hədələyir. Bir sözlə, polisdəki qohumuna güvən, adam bıçaqla. İndi birinin toyuğuna daş atsaydım, əl-ayağımı qandallayıb azı 5 il həbs kəsəcəklər. Çünki adamım yoxdur. İndi o adamın hədəsinə adekvat cavab versəm, azı 10 il cəzam var. Çünki adamım yoxdur. Hansı quruluşda yaşayırıq biz?..”

Buna da bax:​ Polis rəisinin yumruğunu ona bağışlamır

CİNAYƏT İŞİ QALDIRILIB

Şəmkir rayon polis şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, Seyfəli kənd sakini Qafqaz Ənnağıyev noyabrın 17-də DİN “102” xidmətinə şikayət edib. Elə həmin gün yaşadığı ünvanda ondan izahat alınıb. Növbəti gün isə ailə üzvləri şöbəyə dəvət olunublar və izahatları alınıb. Q. Ənnağıyevin adını çəkdiyi qohumu da dindirilib. Faktla bağlı cinayət işi qaldırılıb. Polis şöbəsindən Q. Ənnağıyevin digər ittihamlarını rədd edirlər. Polis, araşdırma davam etdiyindən əlavə bilgi verə bilməyəcəyini deyib.

Qafqaz Ənnağıyev isə polis tədbir görməsə, Daxili işlər nazirinə və Baş prokurorluğa müraciət edəcəyini bildirir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG