Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:40

Sahibkarlara ən çox mane olan nədir?


"A`Mart" ayaqqabı dükanının açılışı, 5 mart 2006

"A`Mart" ayaqqabı dükanının açılışı, 5 mart 2006

«Şəffaflıq Azərbaycan» Təşkilatı ilə «Azadlıq» radiosunun birgə layihəsi olan «Şəffaflıq» verilişində bu dəfə Azərbaycanda sahibkarlara ən çox mane olan problemlər müzakirə olunur.

Bu yaxınlarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 150 nəfər yerli iş adamı arasında onların üzləşdiyi problemləri öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak edənlərin əksəriyyəti fəaliyyətinə ən çox korrupsiyanın mane olduğunu bildiriblər. «Şəffaflıq-Azərbaycan» Təşkilatı da 200 yerli və əcnəbi iş adamları arasında keçirdiyi bənzər sorğudan oxşar cavablar alıb. Yenə də iş adamları onlara daha çox korrupsiyanın mane olduğunu bildiriblər.


İqtisadi İnkişaf Nazirliyində isə hesab edirlər ki, sahibkarların üzləşdiyi problemlər ötən illərlə müqayisədə xeyli azalıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, sahibkarlıq subyektlərinin hamısına nəzarət kitabçaları verilib və onlar il boyu üzləşdikləri problemlər, qanunsuz müdaxilələrlə bağlı həmin kitabçalarda qeydlər aparırlar. Həmin qeydlər də ildə iki dəfə nazirlikdə müzakirə olunur, sonra da yekun nəticə barədə rəhbərliyə məlumat verilir. Amma Abbas Əliyev indiyə qədərki müzakirələr və bunun nəticəsi kimi atılan addımlar haqqında xəbərsiz olduğunu deyir.


Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya halları ilə bağlı indiyə qədər 34 cinayət işi açılsa da, həmin işlərdən neçəsinin sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərlə bağlı olduğu məlum deyil.

Rəsmi qurumların dediklərindən fərqli olaraq söhbətləşdiyimiz ekspertlər bir qədər başqa məqamlardan danışırlar.


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov hesab edir ki, sahibkarların daha çox korrupsiyadan şikayətlənmələri bu bəla ilə mübarizənin zəifliyi və məmurların birbaşa və ya dolayı yolla bizneslə məşğul olmasıyla bağlıdır.


Sahibkarın korrupsiya halları ilə üzləşməsi bir çox hallarda onların öz hüquqlarını bilməmələrilə izah edilsə də, Ələkbər Məmmədov bununla razılaşmır. Onun sözlərinə görə, bütün şərtlərə cavab versə belə, məmurlarla qohumluq və ya hansısa yaxın əlaqələri yoxdursa, hansısa şirkətin hökumət idarələrinin keçirdiyi tenderlərdə qalib gəlməsi qeyri-mümkündür. Cənab Məmmədov bildirir ki, məmurun tenderi öz himayəsində olan şirkətə verməsi Azərbaycanda ən çox yayılan haldır. Və bu zaman sahibkarın öz hüquqlarını hansı səviyyədə bilməsi elə bir əhəmiyyət daşımır: «Bir də ki, əgər sahibkar öz hüququnu bilmirsə, onda bu hüququ bilən tərəf qanuna əməl etsin».


İndiyə qədər məhkəmələrdə 20-dən çox sahibkarın hüquqlarını müdafiə etdiyini deyən vəkil Aslan İsmayılov isə, bütün hallarda sahibkarın öz hüququnu bilməsini əsas şərtlərdən biri hesab edir. Onun dediyinə görə, bəzi sahibkarlar işə başlayanda hüquqşünasların, vəkillərin xidmətindən istifadəyə o qədər də meylli olmur. İş-işdən keçəndən sonra vəkilə müraciət isə həmişə istənilən nəticəni vermir: «Avropada, Amerikada sahibkarın bir milyon dollar pulu varsa və işə başlamaq istəyirsə, o, bəri başdan həmin məbləğin 10 faizini hüquqşünas və vəkil xərcləri kimi ayırır. Bizdə 10 milyonluq iş görən sahibkar heç min dollar da vəkil xərci ayırmır».

Aslan İsmayılova görə, bəlkə elə buna görədir ki, əksər sahibkarlar qanuna əməl etməkdənsə, daha çox hansısa məmurun himayəsi altında işləməyə üstünlük verirlər. Vəkil Azərbaycan reallığında belə bir iş prinsipini əksər sahibkarlar üçün ən yaxşı müdafiə sistemi sayır.


Amma Aslan İsmayılovun dediklərilə razılaşmayanlar da var. Bu fikir ayrılığı da onunla bağlıdır ki, hansısa məmura yaxın olmaq və onun himayəsində işləmək də çox vaxt riskli bir məsələdir. Bəzən həmin məmurun hansısa məsələdə ittiham olunması və həbs edilməsi himayədarlıq etdiyi sahibkarlardan da yan keçmir.


Sahibkarların daha çox hansı sektorlarda korrupsiya ilə üzləşdiyinə gəlincə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədova görə, indiki dövrdə bu, ən çox tikinti sektorunda baş verir: «Bina tikmək istəyən sahibkar torpaq sahəsinin alınmasına icazədən tutmuş, başqalarının həmin bazara buraxılmamasına qədər fəaliyyətlə məşğuldur. Bu da ən böyük korrupsiyadır».


Sahibkarların işin hansı mərhələsində korrupsiya halları ilə üzləşməsinə gəlincə, konfederasiya rəhbəri deyir ki, bu daha çox sahibkarlıq subyektlərinin növündən asılıdır. Yəni, elə sahibkarlıq subyektləri var ki, onlar elə ilk gündən problemlərlə üzləşir, elələri də var ki, onlar bu problemlə müəyyən mərhələdən sonra qarşılaşırlar: «Məsələn, neft və benzin alqı-satqısı ilə məşğul olan sahibkarların dediyinə görə, onlar ilk - lisenziyanın verilməsi anından korrupsiya ilə üzləşirlər. Digər sektorda çalışan sahibkar müəyyən mərhələdə - məsələn, özəlləşdirmə prosesində problemlə üzləşir. Elələri də var ki, məsələn, idxal-ixrac prosesində problemlə üzləşir. Ancaq konkret sahibkar nə vaxt, harada korrupsiya ilə üzləşir, bunu demək mümkün deyil. Bu baxır sahibkar hansı mərhələdə məmurlarla əməkdaşlıq etməli olur».


Söhbətləşdiyimiz ekspertlərin bəziləri hesab edirlər ki, Azərbaycanda azad rəqabət olmadığından sahibkarlıq subyektlərinin Sahibkarlığa Kömək Milli Fondundan aldığı kreditlərin də xeyli hissəsi korrupsiyanın yemi ola bilər.


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov da bunu istisna etmir, amma onda olan məlumata görə, ötən il həmin fonddan ayrılan vəsaitlər olduqca səmərəli xərclənib. Bu il isə fonddan sahibkarlara hələ ki, vəsait verilməyib.


Sahibkarlar arasında keçirilən sorğunun nəticələrini reallıq hesab edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rövşən Ağayevə görə, ən çox problemlə üzləşənlər mal idxalı və ixracı ilə məşğul olan sahibkarlardır. Onlar bu problemlə əsasən gömrük orqanlarında rastlaşırlar. Ekspert bildirir ki, son illər vergi orqanlarında müsbət addımlar atılsa da, bu sahədə də sahibkarların xeyli problemləri qalmaqdadır. Cənab Ağayevin sözlərinə görə, sahibkarlığın inkişafı ilə bağlı prezidentin verdiyi fərman və sərəncamlara baxmayaraq, yerli icra hakimiyyəti orqanlarının sahibkarlara yaratdığı problemlər də azalmaq bilmir: «Ayrı-ayrı ərazilərdə abadlıq işləri aparılanda sahibkarlardan qeyri-rəsmi şəkildə vəsait alınır, büdcədən ayırmaları isə mənimsəyirlər».

Digər həmkarlarından fərqli olaraq Rövşən Ağayev sahibkarın kiməsə haqq verməsini və ya məmurlar arasında özünə arxa, dayaq axtarmasını həmin sahibkarların öz hüquqlarını bilməməsi kimi yozulmasının əleyhinədir: «Hesab etmirəm ki, hansısa iş adamı çox ürəklə kiməsə rüşvət versin, yaxud korrupsiyaya bulaşmış məmurla sövdələşməyə getsin. Sadəcə, bu sistem, məmur hegemonluğu korrupsiyanı törədir».


Ekspert hesab edir ki, son vaxtlar ayrı-ayrı sahibkarların həbs olunması, haqqında cinayət işinin açılması, neçə illər sahib olduğu müəssisənin təkrar özəlləşməsi və sair adlarla əlindən alınması adi hala çevrilib: «Azərbaycanda heç bir sahibkar müdaxilə və korrupsiya ilə üzləşməkdən sığortalanmayıb. Yəni, sahibkar haqqını bilsə belə, müstəqil məhkəmə sistemi olmadığından, özünü müdafiə edə bilmir».


Rövşən Ağayevə görə, sahibkarların hüquqlarının pozulması ilə nəticələnən məhkəmə qərarları yüzlərlə olsa da, sona qədər müdafiə olunan iş adamları bir neçə nəfərdən artıq deyil. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti hesab edir ki, əksər hallarda prosesin sonunu gözləmək istəməyən sahibkarlar qeyri-rəsmi sövdələşmələrə üstünlük verirlər: «Nəticəni əvvəlcədən bildiklərinə görə, qeyri-rəsmi sövdələşmələrə gedir və çalışır ki, məsələni pərdəarxası danışıqlarla yoluna qoysun. Hesab edirəm ki, indiki situasiyada sahibkarlar bəlkə də düz addım atırlar».


Hüquqşünas Aslan İsmayılov isə deyir ki, bu gün Azərbaycan sahibkarının hüquqlarını qoruyacaq mükəmməl hüquqi baza var, amma bu reallıqda tətbiq olunmadığından sahibkar qanunlarla, yoxsa, məmurların dediklərilə işləmək kimi çətin bir sual qarşısında qalırlar. Aslan İsmayılova görə, yaranmış qeyri-müəyyənlikdən çıxış yolları axtarılanda sahibkarların əksəriyyəti məmur himayəsində işləməyə üstünlük verir.


İş adamı Natiq Şirinzadə isə deyir ki, idxal-ixracla məşğul olan sahibkarların üzləşdiyi problemlər barədə məlumatı olsa da, onlar istehsalla məşğul olduqlarından bu müdaxiləni o qədər də hiss etmirlər. İşin sürətləndirilməsi üçün sahibkarların atdığı bəzi addımlara isə, Natiq Şirinzadə haqq qazandırır: «Bu, adi prosedurdur, işin sürətləndirilməsi üçün vaxtı gözləmirsən, özün deyirsən ki, bir aya yox, 10 günə həll edilsin».


Hüquqşünas Aslan İsmayılov isə hesab edir ki, sahibkarların üzləşdiyi problemləri bir yolla aradan qaldırmaq olar, bu da prezidentin məsələni öz nəzarətinə götürməsindən və iş adamları ilə tez-tez görüşməsindən ibarətdir. O, həmin görüşlərin effektli olması üçün təklif də irəli sürür: «Görüşdə qutu qoyula və bura atılan anonim məktubları birbaşa prezident özü oxuyub, tədbir görə bilər».


İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rövşən Ağayev isə deyir ki, indiyə qədər bu üsuldan istifadə olunub və bunun sahibkarlar üçün nəzərəçarpan bir xeyri olmayıb.


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov isə deyir ki, qurumun nəzdində iş adamlarının üzləşdiyi problemləri araşdıracaq Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi fəaliyyətə başlayacaq. Bütün müraciətləri hüquqşünaslar araşdıracaq, cinayət tərkibli olan şikayətlər Respublika Prokurorluğuna, digərləri isə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya göndəriləcək.


XS
SM
MD
LG