Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:46

Neft pullarının xərclənməsində şəffaflığa necə əməl olunur?


Azərbaycan -- Neftçi, Bakı
Azərbaycan -- Neftçi, Bakı
Bu ildən başlayaraq Azərbaycana ilk neft pulları gələcək. Buna sevinənlər çox olsa da, narahat olanlar da az deyil. Sevinc hissi pulun gəlişilə, narahatlıq da elə həmin pulun necə xərclənməsilə bağlıdır. Artıq narahatlıq keçirən bəzi siyasi qurumlar və ictimai birliklər hökumətə öz narahatlıqları ilə bağlı müraciət də ediblər.

«Azadlıq» siyasi bloku hesab edir ki, neft pullarının xərclənməsilə bağlı sanballı dövlət proqramı və buna nəzarət edəcək mexanizm olmasa, Azərbaycanda korrupsiyanın səviyyəsi hədsiz artacaq. Belə bir narahatlıq 60-dan artıq Qeyri Hökumət Təşkilatını özündə birləşdirən «Mədən Sənayesində Şəffaflıq» koalisiyasında da var.


«Azadlıq» blokuna daxil olan siyasi partiyalar həm DNF-ə yığılan pullara, həm də adıçəkilən fonda gələnə qədər neft pullarına ictimai nəzarətin olmamasından narahatdır. AXCP sədri Əli Kərimli deyir ki, ictimai nəzarətin olmaması üzündən onlar neft pullarının hara, nə qədər və necə xərclənməsindən bugünə qədər xəbərsizdilər. Cənab Kərimliyə görə, neft pullarının yığıldığı DNF üç aydan bir hesabat versə də, yenə də pulların xərclənməsində şəffaf olmayan məqamlar var. Bundan başqa, fonda daxil olana qədər ümumilikdə neftdən nə qədər vəsait əldə olunduğu, onun neçə faizinin quruma köçürüldüyü hələ də müəmmalı olaraq qalır: «Biz necə edək ki, DNF-in üzərində nəzarəti daha yaxşı təşkil edək? Necə edək ki, təkcə fondu yox, Dövlət Neft Şirkətini də ictimai nəzarətə salaq? Necə edək ki, pullar fonda gələnə qədər və sonra - xərclənən zaman baş verən proseslərlə ictimaiyyəti xəbərdar edək? Biz ictimai nəzarətin təşkili haqqında ciddi düşünməliyik. Hökumət bilməlidi ki, onun hər bir addımı ictimaiyyətin nəzarəti altındadır. Bu, bizim hamımızın bir şansıdır və cəmi 10-15 illik müddət ərzində biz bunu dəyərləndirə bilməsək, Azərbaycan üçün iqtisadi bataqlıqdan çıxmaq qapıları bağlanmış ola bilər».


Verilişin əvvəlində dediyimiz kimi, neft pullarının xərclənməsilə bağlı narahatlıq 60-dan artıq Qeyri Hökumət Təşkilatını özündə birləşdirən «Mədən Sənayesində Şəffaflıq» koalisiyasında da var. Düzdür, burda bütün QHT-lər eyni fikirdə olmasa da, əksəriyyət hesab edir ki, Dövlət Neft Şirkətinin fəaliyyətində və neft pullarının xərclənməsində qeyri-şəffaflıq var.


Koalisiyanın Şura üzvü və Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin həmsədri Mirvari Qəhrəmanlı deyir ki, 2004-cü ildə DNF-in tərkibində hökumət komissiyası, Azərbaycandakı xarici neft şirkətləri və QHT-lər arasında neft hasilatında şəffaflıqla bağlı üçtərəfli memorandum imzalanıb və sonra hər tərəfdən 2 nəfər olmaqla Audit Şirkəti seçilib. Audit Şirkətinin üç dəfə açıqlama verdiyini deyən xanım Qəhrəmanlıya görə, hər dəfə də neft və qaz hasilatı ilə bağlı hesabatlarda hökumətlə xarici şirkətlərin verdiyi rəqəmlər arasında uyğunsuzluq üzə çıxıb. Amma indiyə qədər Audit Şirkəti bu uyğunsuzluğun nədən ibarət olduğuna aydınlıq gətirməyib. Mirvari Qəhrəmanlı deyir ki, xarici neft şirkətlərindən il ərzində neftdən başqa həyata keçirdikləri sosial və vergi ödəmələri barədə də heç bir məlumat əldə etmək olmur.


Həmin ödənişlərin Azərbaycanın gəlirləri hesab olunduğunu deyən Mirvari Qəhrəmanlıya görə, bu barədə məlumatlardan vətəndaşlar xəbərdar olmalıdırlar. O, bildirir ki, xeyli müddətdir «Mədən Sənayesində Şəffaflıq» koalisiyasının şura üzvü olaraq o, Dövlət Neft Şirkətindən hasil olunan neftdən nə qədər vəsait əldə olunduğu və həmin vəsaitin nə qədərinin DNF-ə köçürüldüyü, nə qədər vergi ödənildiyi, hansı layihələrə nə qədər vəsait xərcləndiyi barədə heç bir məlumat ala bilmir. 2000-ci ildən bəri Dövlət Neft Şirkətinin bir dəfə də olsun illik hesabat vermədiyini xatırladan Mirvari Qəhrəmanlı deyir ki, hər dəfə hasilatla və ya ödənilən vergilərlə bağlı məlumat əldə etmək istəsələr də, kommersiya və ya vergi sirridir deyib, onlara heç bir məlumat verilmir.


Mirvari Qəhrəmanlı: «Hökumət bu barədə geniş açıqlamalar verməlidir. Birinci növbədə, Dövlət Neft Şirkəti şəffaf bir quruma çevrilməlidir».


Dövlət Neft Fondu səslənən iradları qəbul etmir. Qurumun mətbuat katibi Könül Xəlilovaya görə, fondun fəaliyyəti həmişə aşkar olub. Fond üç aydan bir hesabatlar verir və bütün məlumatlar da internet səhifəsində yerləşdirilir. Yanvar ayına olan son məlumata görə, Dövlət Neft Fondunda 1 milyard 400 milyon vəsait toplanıb. Həmin tarixə qədər BTC-nin maliyyələşdirilməsi məqsədi ilə DNF-dən ümumilikdə 219 milyon dollara yaxın vəsait ödənilib. Qaçqın və məcburi köçkünlərə evlərin tikilməsi və onların sosial xərclərinin maliyyələşdirilməsi məqsədilə isə fonddan ümumilikdə 120 milyon dollar vəsait ayrılıb. Bundan başqa, DNF 2003-cü ildən başlayaraq dövlət büdcəsinə transfertlər edir. Son hesabat dövrünə qədər dövlət büdcəsinə 380 milyon dollara yaxın vəsait transfert edilib. Bu transfertlər investisiya layihələrinin və sosial proqramların maliyyələşdirilməsi məqsədi ilə edilib.


Dövlət Neft Şirkətinin mənfəət neftindən 2005-ci ildə DNF-ə ödədiyi məbləğ 120 milyon dollara yaxın olub. Qaldı kı, DNF-in vəsaitlərinin harada saxlanmasına, Könül Xəlilova deyir ki, həmin pullar beynəlxalq maliyyə qurumlarının hesablarında saxlanılır. DNF-in maliyyə əməliyyatlarında qarşı tərəf olaraq dünyanın 11 maliyyə institutu və bankı çıxış edir. Hazırda fondun vəsaitləri istiqrazlarda, o cümlədən, inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarında, xarici dövlət agentlikləri tərəfindən buraxılmış borc kağızlarında, maliyyə institutları və banklar tərəfindən buraxılmış borc kağızlarında, depozitlərdə və pul bazarı alətlərində, struktur qiymətli kağızlarda yerləşdirilib. Vəsaitlərin bir hissəsi 2 xarici menecerə - Almaniyanın Döyçe Asset Management və İsveçrənin Kredi Suiss Qrupuna daxil olan Klariden Bankına məhdud şərtlər altında idarəedilməyə verilib.


Dövlət Neft Şirkəti Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev də səslənən iradlarla razı deyil. Ötən və bu il şirkətlə bağlı bütün məlumatların ictimaiyyətə açıqlandığını bildirən Nizamməddin Quliyev deyir ki, hasilatdan tutmuş, vergiyə qədər bütün məlumatlar kitabça şəklində çap olunub və aidiyyatı qurum və təşkilatlara, o cümlədən elə qeyri-şəffaflıqdan danışan QHT-lərə də göndərilib.


Nizaməddin Quliyev: «Mən başa düşə bimirəm bunlar özləri vaxtında maraqlanmırlar, sonra da deyirlər ki, ictimaiyyətə açıqlama verilmir».


Hazırda 2005-ci ilin yekunları ilə bağlı illik hesabat üzərində iş getdiyini bildirən cənab Quliyevə görə, bu barədə məlumatlar kitabça şəklində hazırlanmaqla yanaşı, həm də şirkətin internet səhifəsində yerləşdiriləcək. Nizaməddin Quliyev deyir ki, Mədən Sənayesində Beynəlxalq Şəffaflıq təşəbbüsünə qoşulan ölkələr içərisində Azərbaycan yeganə ölkədir ki, hökumətin hesabatı ilə yanaşı, Audit Şirkətinin də hesabatını açıqlayıb və internet səhifəsində yerləşdirib.


“Turan” İnformasiya Agentliyinin eksperti İlham Şaban deyir ki, çox vaxt iki tərəfin verdiyi hesabatlar bir-birinə uyğun gəlmir. Belə fərqlərlə bağlı suallar meydana çıxanda isə, rəsmi tərəf bunu xarici şirkətlərin hesablama metodologiyası ilə Azərbaycan hesablama sistemi arasındakı uyğunsuzluqla izah edirlər. Onun sözlərinə görə, hesabatlarda uyğunluq yoxdursa, şəffaflıq da olmur. Bundan başqa, İlham Şaban neft hasilatı ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatları ilə neft şirkətlərinin verdiyi məlumatlar arasında tez-tez fərqlər olduğunu deyir: «Həmişə müəyyən fərqlər olub. Şirkətlərin verdiyi sonuncu rəqəmlər arasında 47 min 300 ton fərq var».


Cənab Şaban deyir ki, Dövlət Neft Fondu tez-tez daxil olan və xərclənən vəsaitlərlə bağlı məlumatlar versə də, əsas qaranlıq məqamlar pulların fonda gədərki yolu ilə bağlıdır.


İlham Şaban: «Dövlət Neft Şirkətinin media qarşısında sonuncu hesabatı 2000-ci ilin yanvar ayında olub. Ondan sonra bir dəfə də olsun illik hesabatla bağlı nə görüş keçiriblər, nə də maliyyə göstəricilərini veriblər. Ancaq keçən il 600 milyon dollara yaxın vergi ödəyiblər. Yəni, bundan çıxış etsək, şirkətin illik daxilolmaları təqribən 3 milyard dollara yaxın olmalıdır».

Ancaq İlham Şabanın dediyinə nə adıçəkilən şirkətdən, nə də Vergilər Nazirliyindən münasibət öyrənmək mümkün olmadı.


Vergilər Nazirliyindən onu bildirdilər ki, belə bir məlumat vergi sirri hesab edildiyindən onlar şirkətin razılığı olmadan həmin məlumatı açıqlaya bilməzlər.


İlham Şaban isə, deyir ki, mənfəət neftinin pulları əvvəlcə Maliyyə Nazirliyi yanında Sabitləşmə Fonduna yığılsa da, sonradan həmin fondun fəaliyyəti dayandırılıb. İndi bütün neft pulları Dövlət Neft Fonduna yığılır.
İlham Şaban deyir ki, 2004-cü ilin 6 ayı ərzində neftin büdcə qiyməti 25 dollara hesablanıb, amma həmin vaxt real qiymətlər 45 dollar olub. Bəs 20 dollar fərq hara gedib, bu necə sənədləşib? Bugünə qədər həmin məlumatlar da açıqlanmır. İlin əvvəlindən dünya bazarında neftin bir barreli 60 dollara yaxın olsa da, dövlət büdcəsində bu 40 dollar hesablanıb. Yenə də bu fərqlə bağlı da heç bir məlumat yoxdur.


DNF-in keçmiş prezidenti Sabit Bağırov isə, deyir ki, ilk hesabatlarda fərqlər olsa da, sonradan Audit Şirkəti bu fərqlərə aydınlıq gətirib. Ona görə də istənilən şəxsin Azərbaycanın konsorsiumdan nə qədər qazanc əldə etməsini öyrənməsində elə bir problem yoxdur.


Sabit Bağırov: «İlk hesabatlarda fərqlər olur, amma sonra Auditor Şirkəti aydınlaşdırır ki, fərqlər nəyin sayəsində əmələ gəlir. Yəni, ictimaiyyət bu gün dəqiq bilmək imkanındadır ki Azərbaycan o şirkətlərdən nə qədər qazanc əldə edir».


Onu da deyək ki, Dövlət Neft Şirkətindən və Dövlət Neft Fondundan müxtəlif rəqəmlər deyilsə də, yaranan fərqlə bağlı konkret bir rəqəm əldə edə bilmədik.


XS
SM
MD
LG