Özbəkistanın Mərkəzi Seçki Komissiyası bildirir ki, prezident səlahiyyətlərini icra edən Shavkat Mirziyaev dekabrın 4-də keçirilmiş seçkilərdə səslərin 88 faizdən artığını toplayıb.
MSK-nın rəsmi bilgisinə görə, ötən günkü prezident seçkilərinə seçicilərin 87,83 faizi qatılıb. Səsvermə hüququ olan 20 milyondan çox vətəndaşın 17,9 milyonunun səs verdiyi bildirilir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR) dekabrın 5-də bildirib ki, Özbəkistandakı prezident seçkiləri ölkənin "hərtərəfli islahatlara ehtiyacına" cavab verməyib.
Buna da bax: Özbəkistan: Yeni prezidentin gəlişi nəyi dəyişəcək?
ODIHR-in bu günədək Özbəkistanda müşahidə etdiyi altı seçkidən heç biri demokratik və ədalətli sayılmayıb.
SİYASİ XƏTTİN DAVAMI
2003-cü ildən ölkənin baş naziri olmuş Mirziyaev-in seçkidə qalib gələcəyi gözlənilirdi. Karimov-un ölümündən sonra o, cəld tərpənərək hakimiyyəti öz əlində cəmləşdirib.
Karimov-un ölümünün elanından altı gün keçmiş 59 yaşlı Mirziyaev-in prezident səlahiyyətlərini icra edəcəyi bildirilmişdi. Halbuki, ölkə Konstitusiyasına görə, prezident öz səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətləri parlamentin yuxarı palatasının spikerinə keçir.
Buna da bax: Özbəkistan Karimovun ölümündən sonra necə dəyişib?
Mirziyaev, əsasən, Karimov-un siyasi xəttini davam etdirmək niyyətində olduğunu deyib.
Namizədlər arasında daha üç şəxsin adı var: Xalq Demokratik Partiyasından Khatamjon Ketmonov, Milliy Tiklanish (Milli Dirçəliş) Demokratik Partiyasından Sarvar Otamuratov və Adolat (Ədalət) Sosial-Demokrat Partiyasından Nariman Umarov.
Onların hər üçü hökumətin tərəfdarıdır.
Buna da bax: Özbəkistanın yeni lideri, 'çılğın və inadkar' Shavkat Mirziyaev
DÖVLƏT NECƏ İDARƏ OLUNACAQ
Ketmonov və Umarov 2015-ci ildə prezident seçkilərinə də qatılıblar. Müşahidəçilər bu seçkiləri Karimov-un dördüncü prezidentlik müddətinin təşkilindən ötrü quraşdırılmış saxta oyun sayıblar. Karimov öz hakimiyyətini Qərb dövlətlərinin və müşahidəçilərin qeyri-demokratik saydığı seçkilərlə uzadıb.
Mirziyaev iyirmi il Karimov-un sadiq havadarı olub. Əvvəlcə regionlardan birinin qubernatoru, daha sonra baş nazir vəzifəsində çalışıb.
Keçmiş işçiləri onun sərt müdir və zorakı xarakterli şəxs olduğunu deyirlər.
Buna da bax: Islam Karimov-un prezident iqamətgahı muzey olur
Mirziyaev-in dövləti necə idarə edəcəyi barədə əsas budur – o, əsasını Karimov-un qoyduğu avtoritar idarəetməni davam etdirəcək, yoxsa fərqli siyasət yürüdəcək.
Karimov-un ölümündən sonra Mirziyaev vaxt itirmədən Rusiya prezidenti Vladimir Putin-lə görüşüb. O, ötən ay Daşkənddə Türkiyə prezidenti Recep Tayyip Erdogan-ı qəbul edib.
Əvvəlki prezident İslam Karimov sentyabrın 2-də insultdan vəfat edib.
Həmin vaxtdan bu yana prezidentin səlahiyyətlərini Shavkat Mirziyaev icra edirdi.
Buna da bax: