Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

'Mona Liza'nı 14 illik həbs gözləyir


Sharbat Gula
Sharbat Gula

Əfqan Mona Lizası kimi tanınan, ya da qaçqın Şərq qadınının üzü hesab olunan Sharbat Gula-nı bu günlərdə şərti azadlığa buraxacaqlar. «Al-Jazeera», BBC, «CBSnews» və başqa aparıcı nəşrlərin məlumatına görə, Sharbat Gula azad olunsa da, onu 5 min dollara qədər cərimə və 14 illik həbs cəzası gözləyir. Gula Pakistanda saxta sənədlərlə yaşamaqda günahlandırılır.

Pakistanın Federal Araşdırma Agentliyi Gula və onun əriylə bağlı iki ildir tədqiqat aparıldığını bildirib.

«İTTİHAMI LƏĞV EDƏ BİLMƏRİK»

Sharbat Gula-nı məşhurlaşdıran Steve McCurry adlı tanınmış fotoqrafın çəkdiyi şəkil olub. Pakistanda qaçqın düşərgəsində işləyərkən fotoqrafı gənc əfqan qızın yaşıl gözləri cəlb edib. 1985-ci ildə şəkli «National Geographic» jurnalının üz qabığında nəşr olunandan sonra Sharbat bütün dünyanı «fəth edib». Onun fotosunu insan mübarizəsini təcəssüm etdirən əsər kimi müxtəlif beynəlxalq təşkilatların nəşrlərində, plakatlarda və təqvimlərdə dəfələrlə çap ediblər.

18 ildən sonra fotoqraf bu qadını yenidən, bu dəfə Əfqanıstanın Tora-Bora dağlarında tapıb. Amma növbəti foto müharibə və mübarizələrdən əziyyət çəkmiş, vaxtından əvvəl qocalmış adi qadını əks etdirib. İndi isə hamı kimi, fotoqraf Steve McCurry də Gula-nın xəbərini Pakistan həbsxanalarından alıb.

Pakistanın daxili İşlər naziri Chaudhry Nisar Ali Khan deyib ki, qadın olduğundan polis Gula-nın işinə humanitar aspektdən baxmalıdır. Amma nazir dünyaca məşhur bu qaçqının üzərindəki ittihamı götürə bilməyəcəklərini vurğulayıb: «Biz ittihamı ləğv etsək, onu deportasiya etsək, yaxud Pakistandan çıxmasından ötrü ona müvəqqəti viza versək, ona bu saxta sənədləri vermiş rəsmilərə qarşı araşdırmadan imtina etmiş olarıq. Baş verənlərin əsl səbəbkarı həmin məmurlardır və onların məsuliyyətdən yayınmasına imkan verə bilmərik».

VƏTƏNİNƏ DÖNMƏK İSTƏYİRMİŞ

İndi Sharbat Gula-ya saxta sənəd verməkdə şübhəli bilinən rəsmiləri axtarırlar.

Sharbat Gula-nın yaxınlarının dediyinə görə, o, son illər Əfqanıstana – vətəninə qayıtmaq istəyirmiş, amma ata yurdu olan kəndin İŞİD-in əlində olduğunu öyrənib. 2 oğlu və əri ilə əfqan qaçqınların məskunlaşdığı «Nasir Bagh» düşərgəsində yaşayırmış.

Fotoqraf McCurry Sharbat Gula-nın məşhur fotosunu «Instagram» səhifəsində yerləşdirərək, ona və ailəsinə hüquqi və maddi yardım üçün əlindən gələni etməyə hazır olduğunu yazıb.

Sharbat Gula Sovet İttifaqı ordusunun Əfqanıstana müdaxiləsindən sonra ölkəni tərk edərək, digər milyonlarla həmvətəni kimi, Pakistanda sığınacaq tapmışdı. İndi Pakistan hökuməti ölkədə saxta sənədlərlə qalan qaçqınları sıxışdırır, əfqan qaçqınlarına isə vətənlərinə qayıtmaqdan ötrü 2017-ci ilin martına kimi vaxt verib.

XS
SM
MD
LG