Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28

►Gündüz İsmayılov: “Bunu dövlətin şəriətə müdaxiləsi kimi necə qiymətləndirmək olar ki?”

“Heç kim iddia etmir ki, gələn ildən bütün müsəlmanlar Ramazanı eyni gündə qeyd edəcəklər. Xeyr! Amma nə qədər mümkündürsə, bu birliyi təmin etməyə çalışaq”

İyunun 7-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam dünyasında dini bayramların eyni gündə keçirilməsi haqda ilkin qərar əldə edilməsindən danışmışdı.

AzadlıqRadiosuna danışan dini məsələlər üzrə ekspert Altay Göyüşov demişdi ki, bu “nağıl”dır, gerçək ola bilməz. O bu cür yanaşmanı “sovet propaqandası” adlandırmışdı.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov AzadlıqRadiosunun suallarını cavablandırır.

– Gündüz bəy, ondan başlayaq ki, dini bayramların eyni gündə keçirilməsi nə qədər realdır və bunda məqsəd nədir?

– Məsələnin bir hüquqi, bir də dini tərəfi var. Biz həmişə dini bayramların eyni gündə keçirilməsinin tərəfdarı olduğumuzu bildirmişik. Özü də nəinki Azərbaycanda, bütün islam dünyasında. Birincisi, hər bir müsəlmanın fikridir ki, mahiyyəti vəhdətə dayanan bir dinin bayramının müxtəlif günlərdə qeyd edilməsi qəbuledilməzdir. Bununla bağlı, islam dünyasında dəfələrlə təşəbbüslər olub. Mayda İstanbulda Beynəlxalq Hicri Təqvimi Konqresi keçirilirdi, orda da ən çox vurğulanan fikir bu oldu ki, islam dünyası 60 ildir Ramazan ayının eyni vaxtda keçirilməsinə çalışsa da, hələ də nəticə yoxdur. Konkret Azərbaycana gəldikdə, Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Həmin fətvada Ramazan ayının başlanması və bitməsi tarixi konkret göstərilib. QMİ-nin belə bir fətva verməsinə bəzən münasibət birmənalı olmur. Kimlərsə deyir: “bu fətva hamıya şamil edilə bilməz”, kimlərsə deyir: “Yox, ümumiyyətlə, belə bir fətva verilə bilməz”. Bunlar yanlışdır. Qanuna görə, QMİ ölkə müsəlmanlarının, islamtəmayüllü icmaların bir araya gəldiyi dini mərkəzdir. Din xadimləri də, axundlar, imamlar İdarə tərəfindən təyin olunur. Əlbəttə, kim bayramı nə vaxt keçirir, oruca nə vaxt başlayır, öz işidir, söhbət bu məqamda fərdlərdən gedir. Amma söhbət məscidlərdə bayram namazlarının qılınmasından gedirsə, dini icmalardangedirsə, bunun qanunvericilik tərəfi nəzərə alınır. Qanuna görə də QMİ-nin qəbul etdiyi qərar onlar üçün məcburi xarakter daşıyır. Dövlət Komitəsinə gəlincə, biz dəfələrlə bildirmişik ki, din dövlətdən ayrıdır, şəriət məsələlərinə qarışmır. Ancaq dövlət ümumi bayram ab-havasının olması, eyni gündə qeyd olunması ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir.

____________________________________________________________

Bunlara da bax:
Kənddə çaqqal sürüylə gəzir
Avropa Birliyində kim nədən narazıdır?

____________________________________________________________

– Məqsəd nədir?

– Bu, bir növ sosial sifarişdir. Azərbaycan dünyəvi dövlət olsa da, əhalisinin 96 faizi müsəlmandır. Üstəlik də dövlət Qurban və Ramazan bayramlarını qeyri-iş günü kimi qeyd edir, bu zaman da QMİ-nin fətvasını əsas götürür. Belə olan halda “din dövlətdən ayrıdır, şəriət məsələlərinə qarışmamalıdır” prinsipi ilə mövqe bildirənlərlə razılaşmaq olmaz.

– Gündüz bəy, ölkədə şiələr üstünlük təşkil etsə də, sünnilər də var və onların eyni gündə bayram keçirməsini necə tənzimləmək olar, sizcə? Və bir də dediyiniz kimi, dini bayramların eyni vaxtda qeyd olunması sosial sifariş olsaydı, yəqin əhali özü bunu keçirməyə çalışardı, elə deyilmi?

– Azərbaycan dünyəvi dövlətdir, nə şiə, nə də sünni dövlətidir, nə də islam. Ölkə əhalisinin 96 faizi müsəlmandır, təxmini hesablamalara görə, bunun da 60-65 faizi şiədir, 30-35 faizi sünni. Kimsə deyirsə ki, Ramazanla bağlı fikir ayrılığı yalnız şiələrlə sünnilər arasındadır, tamam yanlışdır. Avropada bir məsciddə 4 gün bayram namazı qılınır. Bir gün ərəblər qılır, bir gün türklər qılır, bir gün iranlılar, bir gün Afrika müsəlmanları. Türklər də, ərəblər də, Afrika müsəlmanları da sünnidir, ixtilaf yalnız məzhəblə bağlı deyil. Alimlərin fikirlərində də müxtəliflik var. Bir qrup alim hesab edir ki, Ay ilk dəfə harda göründüsə, bayram o zaman qeyd olunmalıdır. Astroloji baxımdan da məlumdur ki, Ay ilk dəfə Yeni Zelandiyada görünür. Şəriət alimləri də deyirlər ki, bu ölkədə Ay göründüsə, bütün müsəlman ölkələrində Ramazan ayı başlamalı və ya bayram qeyd edilməlidir. Ancaq başqa qrup alim deyir ki, hər ölkənin öz üfüqi var, Yeni Zelandiyada Ay iyunun 6-da görünürsə, Azərbaycanın üfüqündə 7-də görünür. Və ya belə bir yanaşma, Yeni Zelandiyadakı təqvim qəbul edilirsə, onda məntiqlə, namazı da, orucu da oranın saatına görə qılmalısan. Halbuki mən öz coğrafi şəraitimə uyğun qılıram. Bu, məzhəbdən çox, elmi mübahisədir. Buna məzhəb donu geydirmək yanlışdır və bu təşəbbüsü “mümkün deyil” kimi təqdim etmək kökündən yanlışdır. Heç kim iddia etmir ki, gələn ildən bütün müsəlmanlar Ramazanı eyni gündə qeyd edəcəklər. Xeyr! Amma nə qədər mümkündürsə, bu birliyi təmin etməyə çalışaq. Bu, uzun yoldur. Amma bu təşəbbüsə qarşı çıxmaq, onu ləkələmək, “demokratiyaya ziddir” demək, “sovet propaqandası” adlandırmaq elə müsəlmanların hissiyyatına toxunmaqdır.

– Bunu dövlətin dinə müdaxiləsi kimi dəyərləndirənlər də var. Komitə Ramazan təqvimi ilə bağlı məscidlərdə monitorinqlər aparacağını bildirir. İbadət azaddırsa, o zaman dövlətin apardığı monitorinq müdaxilə deyilmi?

– Söhbət fərdlərdən gedirsə, kimin bayramı nə vaxt keçirməsi öz işidir. Heç kəs məcbur edilə bilməz ki, bayramı filan gündə keçirsin. Söhbət məscidlərdən, dini icmalardan gedir. Dini icmalar təşkilati məsələlərdə QMİ-yə tabedirsə, din xadimlərini QMİ təyin edirsə və bu qurumun Ramazanla bağlı qərarı varsa, bu da idarənin yerdəki nümayəndələri tərəfindən icrasına nəzarət edilirsə və bununla bağlı hər hansı tədbir görülürsə, burda qeyri-adi nə var ki? Bunu dövlətin şəriətə müdaxiləsi kimi necə qiymətləndirmək olar ki? QMİ-nin hüququ var və hətta vəzifəsidir ki, çıxardığı qərarın onun tabeçiliyində olan şəxslər tərəfindən necə icra edilməsi ilə bağlı monitorinq aparsın. Buna uyğun ölçü götürsün. Buna qarşı çıxmaq gülünc və məntiqsiz görünür.

– Başqa ölkələrdə belə təcrübə var?

– Əlbəttə. Siz heç bir müsəlman ölkəsində şəriət məsələləri ilə məşğul olan qurumun çıxardığı qərarların monitorinqini aparmamasına rast gəlməzsiniz. Türkiyədə Diyanet İşləri Başqanlığının qərarının icra edilməməsini və ya buna görə ölçü götürülməməsini təsəvvür edirsizmi?

– Fərdlərin işinə qarışmadığınızı bəyan edirsiz, amma insanlar da bayram namazını məsciddə ürəyi istədiyi vaxt qılmaq istəyə bilər. Buna icazə verilməyə bilərmi?

– Bu cür iddialarla çıxış edənlərin, Ramazanın eyni gündə qeyd edilməsini “sovet propaqandası” adlandıranların qanundanmı xəbəri yoxdur ya... Bilmirəm necə izah edim. Qanunla islamtəmayüllü icmalar məscidlərdə yaranır, onlar da QMİ-yə tabedirlər. Məscidlərdə şəriət məsələlərinin tənzimlənməsi bu qurumun haqqıdır. Dünyanın heç bir müsəlman ölkəsində kimsə məscidi istədiyi kimi idarə edə bilməz. Kim nə vaxt istəyir, bayramını etsin. Ancaq bayram namazı camaat namazıdır. Bu namazları rəsmi din xadimləri, yenə də QMİ-nin təyin etdiyi şəxslər qıldırmalıdır. Bunu qanun tələb edir. Biz qanunu qırağa qoyub, dünyagörüşümüzə, dinə baxışımıza əsaslanıb məsələlərə yanaşa bilmərik. “Dini sahə qanunlarla tənzimlənmir” deyə anlayış yoxdur.

– Azərbaycanda dini bayramla bağlı təqvim hazırlanarkən Qafqaz Müsəlmanları İdarəsinin İranı təqlid etdiyini deyənlər var. Bununla bağlı nə deyə bilərsiz?

– QMİ bu qərarı qəbul edəndə Şamaxı rəsədxanasının nəticələrini, yəni məsələnin elmi tərəfini və şəriət tərəfini əsas götürür.Bu qurumun – QMİ-nin hansısa ölkəyə meylli olduğunu deyərkən gərək onda deyək ki, Şamaxı rəsədxanası da İrana meyllidir?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG