Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24

►Baş məşqçi Fikrət Sideifzadə: “Şahmat azarkeşləri çox istəyir, amma tək biz şahmat oynamırıq”

Ümumdünya Şahmat Olimpiadasında yarış zamanı mobil telefon, adi qələm, saat zala buraxılmayacaq

Azərbaycanda 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış tədbiri sentyabrın 1-də Milli Gimnastika Arenasında keçirilməlidir.

Yarışlar sentyabrın 2-də başlayacaq, ayın 13-də başa çatacaq. Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib.

Bakı Şahmat Olimpiadasında çempionluq uğrunda 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Azərbaycan həm kişilər, həm də qadınlar arasında 3 komanda ilə təmsil olunacaq.

Azərbaycan yığmasının baş məşqçisi Fikrət Sideifzadə AzadlıqRadiosunun suallarını cavablandırıb:

Fikrət Sideifzadə

Fikrət Sideifzadə

​– Birinci dəfədir ki, Şahmat Olimpiadası Bakıda keçirilir. Şahmat olimpiadası şahmat turnirlərinin ən mükəmməlidir. Bütün dünya dövlətləri orda iştirak edir. Belə bir tədbirin Azərbaycanda keçirilməsi son 20 ildə şahmatımızın inkişafını göstərən amildir. Bunun şahmatın təbliğinə, gələcək yetirmələrin yetişdirilməsinə böyük təkan olacağına ümid edirik. Olimpiadada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən 2 mindən artıq şahmatçı Bakıya gəlir. Bu, böyük şahmat bayramıdır.

– Azərbaycan bu tədbirə necə hazırlaşıb?

– Mənə elə gəlir, yaxşı səviyyədə hazırlanıb. Bu gün də açılışdır. Təşkilati işlərdə heç bir problem yoxdur.

– Şahmat intellektual oyundur, bu oyun özünəməxsus təhlükəsizlik təbirlərinin görülməsini tələb edir. Eşitdiyimizə görə, oyun keçirilən binada mobil operatorların dalğası tutmayacaq.​

– Bəli, təhlükəsizlik baxımından böyük işlər görülüb. Həm oyun salonunda, həm də iştirakçıların yaşadığı hoteldə. Hamı, hər şey nəzarət altındadır. Ondan başqa, bu gün açılış keçiriləcək. Heç kim ora sənədsiz, icazəsiz girə bilməz. Ümid edirəm ki, bizim bu tədbirimiz problemsiz, fövqəladə hadisəsiz keçiriləcək.

– Deyəsən, təkcə oyunçular yox, tamaşaçılar da nəzarətə götürüləcək? Yəni mobil telefonlar oyun zallarına buraxılmayacaq?

– Bəli, mobil telefon da, adi qələm də, saat da zala buraxılmayacaq. Şahmatda gedişləri ötürməyin qarşısını almaqdan ötrü bu cür tədbirlər görülür. Tamaşaçılar zala girəndə təhvil verəcəklər, çıxanda geri alacaqlar. Problemi var? Oyun zalına mobil telefon keçirilə bilməz, çünki oyunçulara mane olur.

– Nəhayət, gələk əsas suala. Azərbaycan yığmasından gözləntiniz nədir?

– Bizim oğlanlardan ibarət komandamız son 9 ildə 4 dəfə Avropa çempionatında medal qazanıblar: iki dəfə qızıl, bir dəfə gümüş, bir dəfə bürünc medal. Artıq dünya şahmat aləmində özlərinə məxsus yer tutublar. Norveçdə keçirilən ötən Dünya Şahmat Olimpiadasında komandamız 3-cü, 5-ci yeri bölüşüb. Xallara görə, beşinci oldu. Reytinq siyahısında oğlanlarımız dördüncü yerdədir. Hamımız ümid edirik, inanırıq ki, komandamız medal qazanacaq. Gücümüz çatar. Hamımız onların 3 medaldan birini qazanmasına azarkeşlik edəcəyik.

– Bəs qızlar?

– Qızlar 142 komanda arasında əmsallara görə 15-cidirlər. Komandanın qarşısında birinci onluğa düşmək məqsəd kimi qoyulub. Qızlarımızın böyük şansları, buna gücləri də var.

Buna da bax: Səfir Robert Cekuta şahmatçılarla görüşüb

– Azərbaycan şahmat məktəbi güclü olub, amma belə fikir var ki, son illər əvvəlki nəticələri göstərə bilmir. Razısınızmı bu tənqidlə?

– Yox, niyə ki. Kişilərdən ibarət komandanın medallarını qeyd etdim. Müstəqillik illərində 8-18 yaş arası şahmatçılarımız Avropa və dünya çempionatlarında 98 medal qazanıblar. Bununla təkdənbir ölkə fəxr edə bilər. Mən Rusiyanı, Çini, böyük dövlətləri qırağa qoyuram. Amma başqa dövlətlər belə nəticələrlə fəxr edə bilməzlər. Qabaqcıl çempionlarımız Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov dəfələrlə nüfuzlu yarışlarda çıxış ediblər. Əlbəttə, azarkeşlər daha çox şey istəyirlər. Amma nəzərə alaq ki, tək biz şahmat oynamırıq. Bütün dünya şahmat oynayır, rəqabət də güclüdür. Fəxr edirik ki, Azərbaycan dünya şahmatında qabaqcıl yerlərdən birini tutur. Keşkə bu səviyyəni saxlayaq.

– Yəni nəticə baş məşqçi kimi sizi qane edir?

– Əlbəttə. Nəticə bir dəfə aşağı olur, bir dəfə yuxarı... Qızlardan gözləntilərimiz var. Çox şey istəyirik, o demək deyil ki, mütləq olmalıdır. Amma çalışırıq.

Buna da bax: İspaniyada traktorların şahmat oyunu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG