Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40
Heydər Əliyevin ad günündə Space telekanalı mərhum prezident Heydər Əliyevin Londonda yaşayan qızı Sevil Əliyeva ilə müsahibə yayımlayıb. Rus dilində kanalın prezidenti Vaiqf Mustafayevlə müsahibəsində Sevil Əliyeva atası haqda xatirələrini bölüşür, onun Sevil xanımla, qız nəvələri ilə münasibətlərinin səmimiliyindən danışır, deyir ki, Londonda yaşamağına baxmayaraq Azərbaycana bütün varlığı ilə bağlıdır və özünü azad və xoşbəxt hiss edir. Müsahibənin Politika.az saytında "Heydər Əliyevin adını hallandırmayın...” başlığı ilə dərc olunan tərcüməsindən bir parçanı diqqətinizə təqdim edirik

-Sevil xanım, böyük Heydər Əliyevin oğlu və qızı var. Həyat göstərdi ki, böyük Heydər Əliyevin böyük qızı və böyük oğlu var. Siz həm xarici görkəmcə, zahirən, həm də daxilən atanıza çox oxşayırsınız. Zəhmət olmasa deyin, Heydər Əliyevin əsasən hansı cizgiləri sizdə davam edir?

- Bilirsiniz, mənə elə gəlir ki, mən hər şeydə öz atama oxşamışam. Qızım məni “atamla əkiz qız” adlandırır. Heydər Əliyev müstəqil Azərbaycanı qurub, saxlayıb, müdafiə edib, gücləndirib və insanlara verib. Bu gün əsas sərvətimiz budur. Ancaq Heydər Əliyevin bizə miras qoyduğu bu maddi dünyadan istifadə edərkən liderin bizə vəsiyyət etdiyi mənəvi prinsipləri də yaddan çıxarmamalıyıq.

Maddiyyatla mənəviyyatı müqayisə etmək prinsipcə düzgün deyil. Bunlar tamamilə fərqli iki anlayışdır. İnsanın maddi və əxlaqi tərəfi artıq onun xarakteridir, onun təbiətidir. Təəssüf ki, bu keyfiyyətlər heçə gedir. İnsanlarda ancaq maddi tərəf önə çıxır.

Bu, olduqca kədərlidir, çünki insanın mənəvi-əxlaqi tərəfi əsasdır. Əgər insanın əxlaqı və mənəviyyatı yoxdursa, onda o, heç adam deyil, sadəcə olaraq varlıqdır. Mənim üçün bu cür adamlarla danışmaq ayrı-ayrı dillərdə danışmaq kimidir. Bu, mənim dünyam deyil, mənim üçün başadüşülməzdir. Maddi rifahın olması yaxşıdır, aydındır ki, hər adam yaxşı yaşamaq istəyir. Bunlar tamamilə fərqli şeylərdir. Lakin bütün bunların əsası tərbiyədir, ənənədir, mədəniyyət, əxlaq və mənəviyyatdır. Ona görə də əxlaqsız və mənəviyyatsız adam heç adam deyil.

Nə qədər ağır da olsa gəlin Heydər Əliyevin həyatının ən ağır və dramatik dövrlərindən birini yada salaq. Onun vəzifədən çıxarıldığı Moskva dövrünü. Onda onun yuxarı çəkdiyi, vəzifə verdiyi adamlar Heydər Əliyevdən üz döndərdilər. Həmin adamlar öz sifətlərini göstərdilər. Biz artıq bunları görmüşük, bu mərhələni keçmişik. Onda atamın pensiyada olduğu illər idi. Ancaq bu gün görəndə ki həmin adamlar necə yaltaqlanır, kitablar yazır, onun adından istifadə edib özlərinə piar qururlar... Nə istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin buna haqqınız çatmır, buna layiq deyilsiniz. Qoy kim nə istəyir eləsin, ancaq öz adından. Ancaq yaltaqlanmaq və mənim atamın adından öz maraqları üçün istifadə etmək lazım deyil.

-Sevil Heydərovna, biz nəsə qeyri-normal adamlar haqda danışmağa başladıq, gəlin...

-Qeyri-normal adamlar haqda əslində siz danışmağa başladınız və düzünü desəm, bu, mənim xoşuma gəlmir. Ancaq təəssüf ki, belə adamlar var.

-Mənə elə gəlir ki, hər şey səmimi münasibətlərdən asılıdır. Bu dünyada yaşayan istənilən adam Heydər Əliyev kimi səmimi yaşamalıdır. Və Allah sizə can sağlığı versin, Sevil Heydərovna. Siz xoşbəxt adamsınız, çünki Siz Heydər Əliyevin qızısınız. Siz xoşbəxt anasınız, sizin gözəl övladlarınız var. Bunlar ən böyük xoşbəxtlikdir...

-Bəli, bu, ən böyük xoşbəxtlikdir və ona görə də mən özümü xoşbəxt hesab edirəm. Çünki belə valideynlərin övladı olmaq böyük xoşbəxtlikdir, bu, nadir xoşbəxtlikdir və mənə qismət olub. Və mən bunu çox dəyərləndirirəm və fəxr edirəm.

-Mən əvvəldə dedim ki, uşaqlıqda “səmimi qəlbdən: sizin” ifadəsini başa düşmürdüm. Bilirsiniz, məktubun sonunda belə yazırdılar. “Səmimiyyətlə: sizin” olmaq necə mümkündür olar? Siz necə hesab edirsiniz?

-Yox, mən belə ifadədən istifadə etmirəm, çünki hansısa formal ifadələri xoşlamıram. Ola bilsin özüm haqda belə danışmağım yaxşı deyil, ancaq mən səmimiyəm və sözü birbaşa deyirəm. Nə fikirləşirəmsə, onu deyirəm. Mən təmiz və ədalətliyəm və öz keyfiyyətlərimlə fəxr edirəm. Və mənim çox güclü xarakterim var. Ola bilsin bu, kimin üçünsə nöqsandır, ancaq mənim üçün ləyaqətdir. Mən təbiətin mənə bəxş etdiyi hər şeylə fəxr edirəm. Özümə çox inanıram.

-Sevil xanım, gözəl və səmimi söhbətə görə çox sağ olun. Söhbəti hansı sözlərlə bitirmək istərdiniz?

-Təbii ki, mənim özümün müəyyən formam var, mən belə deyirəm: “Sizin Sevil Əliyeva. Sizin. Həmişə sizin. Sizin hamınızı - bütün yaxşı adamları bağrıma basıram”.

Müsahibənin tam mətni ilə Politika.az saytında tanış ol

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG