Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:45

Şəmkirdə bir yanğın hadisəsinin müəmması


►“Evimi yandırıblar. Qəsdən ediblər. Bunu rayonun prokuroru da bilir, polisi də. Ört-basdır edirlər. Maraqları nədirsə, bu işin üstünü açmaq istəmirlər”.

Şəmkir sakini Tariyel Əmiraslanovun rayonun Səməd Vurğun küçəsində yerləşən evi 1 il əvvəl yanıb.

Ev sahibi yanğının qəsd olduğunu deyir. Onun sözlərinə görə, hadisə baş verərkən evdə heç kəs olmayıb:

“Həmin gün qonaqlarımız gəlmişdi. Yığışıb kəndə atamgilə getdik. Gecəni orda qaldıq. Səhərə yaxın zəng gəldi ki, ev yanır. Biz gəlincə quru divarları qalmışdı. Yanğınsöndürənlər, demək olar ki, bütün yanğınlarla bağlı eyni protokol tərtib ediblər – yanğın qısaqapanmadan baş verib. Elə bizim ev üçün də belə yazmaq istəyirdilər. Ancaq məlum oldu ki, ev neftlə yandırılıb. Hətta evdən kanistr və bir qırmızı stul da tapıldı. Girib yandırıb gediblər”.

Tariyel Əmiraslanov şübhələri barədə polisə və prokurorluğa da bildirib. O, qohum olduqları və hazırda silsilə cinayətlərə görə həbsdə olan şəxsdən şübhələnir:

“BU DƏFƏ CANINIZ QURTARA BİLDİNİZ”

“Yaxın qohumunu gəlin gətirmişdik. Biləndə ki, kriminal ailədir, münasibətlərimiz pisləşdi, gəlin də özü çıxıb getdi. Ondan sonra bizimlə qərəzçilik etməyə başladılar. Mən hər yerə yazmışam ki, bunun arxasında həbsdə olan keçmiş qohum dayanır. Yanğından neçə gün sonra gətirib qapıya məktub atmışdılar. Məktubda yazılmışdı ki, “bu dəfə canınızı qurtara bildiniz”. O məktubu da istintaqa vermişəm”.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Bir müddət əvvəl baş prokuror Qazaxda vətəndaşların qəbulunu keçirərkən Tariyel Əmiraslanov da orada olub. Başına gələnləri və şübhələrini baş prokurora bildirib. Qaralov da tapşırıq verib ki, bu məsələ dərindən araşdırılsın.

Tariyel Əmiraslanov müharibə veteranıdır. Ailəsi 11 nəfərdir. Yanan evin tavanını qohumların köməkliyi ilə düzəldib içərisinə toplaşıblar. Nə özü, nə də ailə üzvləri işləmədiyi üçün təmir etdirə bilmirlər.

CİNAYƏT İŞİNƏ XİTAM VERİLİB

Şəmkir rayon polis şöbəsindən bildiriblər ki, Tariyel Əmiraslanovun şübhələri araşdırılıb, adını çəkdiyi şəxslər dindirilib, ancaq həmin şəxslərin hadisə ilə əlaqələri sübuta yetirilməyib. Ümumiyyətlə, evin qəsdən yandırıldığı sübuta yetirilmədiyi üçün cinayət işinə xitam verilib.

Elə Tariyel Əmiraslanov da cinayət işinə bir neçə dəfə xitam verildiyini, ancaq hər dəfə prokurorun qərarından sonra xitam qərarının ləğv edildiyini söyləyir.

Hüquqşünas Vaqif Alıyev deyir, Tariyel Əmiraslanov növbəti xitam qərarının ləğv olunması və işin təzələnməsi üçün məhkəməyə müraciət etməlidir.

XS
SM
MD
LG