Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:11

«Tarif Şurasının qərarı ilə baş verən son artım əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək».

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazir Səlim Müslümov deyib.

«Birincisi, tariflərin artırılması diferensiallaşdırılmış şəkildə həyata keçirildi. Əlilliyi olan şəxslərin istehlak etdiyi elektrik enerjisinin, təbii qazın həcmi barədə məlumatlar var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə istehlak səbətinin tərkibi təsdiqlənir və üç qrupa bölünür - ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər. Xidmətlərin tərkibində də məhz bu enerjidaşıyıcıların istehlak olunma həcmi və qiymətləri var. Gördüyünüz kimi, bu dəfə tariflər artırılan zaman həmin məsələyə toxunulmadı. İstehlak səbətinə daxil olan həcmdə həm elektrik enerjisinin, həm qazın, həm istiliyin qiymətləri olduğu kimi saxlanıldı. Yəni, bu kateqoriyadan olan şəxslər də aztəminatlı təbəqəyə aid olunduğu üçün xidmətlərin dəyərinin artırılması onlara hər hansı bir ciddi təsir göstərməyəcək».

Nazir deyib ki, pensiyaların gələn ilin əvvəlindən indeksləşdirilməsi barədə ölkə başçısının fərmanına uyğun şəkildə tədbir görüləcək. «İndeksləşdirmə bu artımların əsas hissəsini kompensasiya edəcək. Bununla yanaşı, gələn il «Pensiya haqqında» Qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq. Əmək pensiyalarının formalaşdırılması isə bilavasitə onların özündən asılı olacaq. Bir daha qeyd edirəm ki, biz birinci qrup əlillər üçün bütün güzəştləri saxlayacağıq, hətta onların genişləndirilməsi istiqamətində işləyəcəyik», - deyə nazir bildirib.

İndeksləşmə rəsmi inflyasiyaya əsasən aparılır. Ancaq müstəqil iqtisadçılar deyillər ki, inflyasiya reallıqda daha yüksək olur. Rəsmi statistikaya görə, bu ilin 9 ayında Azərbaycanda inflyasiya 12 faizə yaxın olub. Ekspertlərə görə, əslində ölkədə 40 faizə qədər qiymət artımı baş verib.

Azərbaycanda 570 mindən çox əlil var.

Tarif Şurası noyabrın 28-də enerjidaşıyıcıların qiymətlərini artırıb.

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Aylıq məsrəf 250 kVt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG