Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

'Səhər gördük ki, həyət daşlarla doludur, hər yan palçıqdır'


Su basmış həyət. Astara, sent.2016
Su basmış həyət. Astara, sent.2016

Sentyabrın 6-dan 7-nə keçən gecə leysan yağışı Astara rayonunun Kijabə qəsəbəsində və Maşxan kəndində fəsadlar törədib. Qəsəbənin və kəndin dağətəyi ərazilərində yerləşən fərdi təsərrüfatlarına və evlərə ziyan dəyib. Selin dağdan gətirdiyi gil qarışıq daşlar həyətlərdə qalmaqdadır. Həmin ərazi həm də aktiv sürüşmə zonası hesab olunur.

«Elə bildim ki, sel evi aparacaq»

Kijabə qəsəbə sakini Rəsul Həmidov deyir ki, səhərə kimi qorxu içində olublar:

«Sel birdən gəldi, həyəti və evi basdı. Baxmayaraq ki, evim hündür yerdə yerləşir. Elə bildim ki, sel evi aparacaq. Səhər gördük ki, həyət daşlarla doludur, hər yan palçıqdır. Su tez çəkildi. Həyətdə nə əkmişdiksə sıradan çıxdı...»

Rəsul Həmidovun su aparmış həyəti
Rəsul Həmidovun su aparmış həyəti

«Sel həyətlərə doldu»

«Allah üzümüzə baxdı ki, yağış çox yağmadı. Leysan haradasa 3 saat davam etdi...»

Həyətlərdə sürüşmə və selin keçdiyi yerlər aydın görünür. Kijabə qəsəbəsinin digər sakini Amil Əsgərovun sözlərinə görə, yağış yağan kimi ərazidə su qalır: «Allah üzümüzə baxdı ki, yağış çox yağmadı. Leysan haradasa 3 saat davam etdi. Sonra gurultu eşitdik. Sel həyətlərə doldu. Bayıra çıxmaq mümkün deyildi. Qorxduq ki, sel bizi aparacaq. Sonra tədricən yağış azaldı. Bu ərazidə su arxları olub. Çoxları bu arxları doldurublar. Ona görə də su həyətlərə, evlərə dolur. Burda yüzə yaxın ev var. Haçansa burda bir fəlakət olacaq. Leysan yağışı bir az da davam etsəydi evlər palçıq altında qalacaqdı. Naringi bağı dizə qədər su içində idi, çəkildi. Ağacların kökləri hamısı tərpənib. Necə olacaq bilmirəm?»

Buna da bax:​ Astaranın bəzi kəndlərinə sel gəlib

«Tədbir görmək üçün kimsə ölməlidir, ev uçulmalıdır?»

Maşxan kənd sakini Seyfəddin Seyfiyev deyir ki, bir otaqlı mənzildə yaşayır. Döşəməsi yerlə birdir: «Su evin içində idi. Həyəti yararsız hala salıb. Hər dəfə belə olur. Yağış yağan kimi dağda nə var tökür bura. Dəfələrlə demişik, problemi həll edin. Gəlirlər, gedirlər. Hələ ki, bir tədbir yoxdur. Belə yaşamaq olar? Tədbir görmək üçün kimsə ölməlidir, ev uçulmalıdır?»

Sel gecə buralardan keçib gedib
Sel gecə buralardan keçib gedib

«Tərəvəz əkmişdik, zay oldu»

Kijabə qəsəbə sakini Nəsir Həmidov da, hələ də, xof içindədir: «Evdən bayıra çıxmaq mümkün deyildi. Yaxşı ki, çox çəkmədi. Görürsünüz, evin arxa hissəsini nə günə qoyub? Həyətyanı təsərrüfat məhv olub. Tərəvəz əkmişdik, zay oldu. Amma yenə yaxşı keçdi. Elə bildim ki, sürüşmə də olacaq. Adətən leysan yağışından sonra sürüşmə olur. Həyətimiz sürüşür. İndi su çəkilib. Burda su tez çəkilir. Gecə həyət su içində idi. Evin divarından da görünür, su haradan olub»

Buna da bax:​ Qaraçay daşdı, Qarğalığın gününü qara gətirdi

Ərazidə traktorlar işləyirdi. Yeni su arxaları qazılırdı. Sakinlərin demələrinə görə, görülən işlər problemi tam aradan qaldırmayacaq. Təhlükəni aradan qaldırmaqdan ötrü kompleks tədbirlər həyata keçirilməlidir.

Astara rayon İcra Hakimiyyətindən bildirirlər ki, təhlükəli ərazidə seldən əvvəl də işlər görülürdü. Həmin ərazidə su kanalın qazılması nəzərdə tutulub. Bununla selin qarşısını almaq niyyətindədirlər

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG