Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:52

'İnəkləri kənddən çıxarmışıq…'


Foto illüstrasiya. Sürüşmə
Foto illüstrasiya. Sürüşmə

«Hələ də bilmirik ki, nəyi gözləyirlər... Bu qədər qocanın, uşağın faciəsinimi?».

İsmayıllının Sədiyan kəndində torpaq sürüşməsi sürətləndikcə Səfayə Hacıyevanın da həyəcanı artır.

«HEÇ KƏS ŞİRİN CANINDAN BEZMƏYİB»

Bir həftədir ki, rayonun iki kəndində – Sədiyan və Diyallıda torpaq sürüşməsi sürətlənib. Kəndlilər özləri başlarına çarə axtarmaq məcburiyyətində qalıblar. Məsələn, Səfayə Hacıyeva çarəni evi başına uçmamış şələ-küləsini yığışdırıb təhlükəli ərazidən uzaqlaşmaqda görür: «Neyləyə bilərəm, uçqunun qarşısını kəsə bilmərəm ki... 4 azyaşlı uşağım var, torpaq sürüşməsi ortalığa düşəndən məktəbə buraxmıram. Hökumət anlamalıdır ki, üstünə daş-kəsək, torpaq gələn insan dayanıb gözləmir, qaçır. Sabah kənd boşalanda necə olacaq? Heç kəs şirin canından bezməyib ki... Olan-qalanı qoruyub saxlamaq lazımdır, dağılanı sonra bir yerə yığmaq gec olur».

Səfayə xanımın ev-eşiyi, həyət-bacası uçqun təhlükəsi olan zonaya düşür. İstədiyi də odur ki, hökumət gözlənilən təhlükənin qarşısını indidən almaq üçün tədbirlər görsün.

Ancaq bu, təkcə Səfayə xanımın istəyi deyil. Maldarlıqla məşğul olan Elnur Kərəmov da hökumətdən hərəkət gözləməkdədir: «Sürüşmə biz tərəflərə yaxınlaşdıqca hökumətdən səs çıxmasa da, özümüz tədbirlərimizi gücləndirmişik. Mən inəkləri, ot tayalarını kənddən çıxarıb bizdən üç kənd o tərəfə yaşayan qohumumun həyətinə yığmışam. Evimizi təzəcə abad eləmişik, bir-iki heyvan satıb avadanlıq almışıq. Bunlar uçqunun altında qalsa, həyatımız necə olacaq, düşünəndə çarəsizlikdən nə edəcəyimi bilmirəm».

«HƏR ŞEY NƏZARƏTDƏDİR»

Diyallı və Sədiyanda torpaq sürüşməsinin aktivləşməsinə səbəb aramsız yağışdır. İsmayıllı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, hələlik, yalnız bir ailənin köçürülməsinə qərar verilib: «Hər şey nəzarətdədir, təhlükə artsa, əlbəttə ki, hökumət əl-qolunu sallayıb tamaşa etməyəcək. Bu işlə Fövqəladə Hallar Komissiyası məşğul olur, narahatçılığa əsas yoxdur».

APA-nın xəbərinə görə, təxminən bir həftədir başlayan sürüşmə son iki gündə daha da aktivləşib. Ümumilikdə 320 sakini olan Sədiyan kəndində 5, Diyallıda isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Bəzi evlərin divarlarında xırda çatlar yaranıb.

Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. Yarğanın kənd sakini Ağalar Əliyevin həyətyanı sahəsinə doğru genişləndiyi, təsərrüfat tikilisinə böyük ziyan vurduğu bildirilir. Onun evinin uçmaq təhlükəsi qarşısında qaldığı, divarlarda çatlar yarandığı deyilir.

Sədiyanlı Səfayə xanımsa ehtiyatını möhkəm tutub, necə deyərlər, hər ehtimala qarşı boxçası qoltuğundadır.

XS
SM
MD
LG