Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:38

Dükanına buraxılmayan sahibkar- [Video]


►“İçəridə 10 min manatlıq mal qalıb, malın yiyəsi onu nə götürə, nə də sata bilir. 1 aydır ki, zərərin içərisindədir…”

ŞƏRTLƏRİ QƏBUL ETMƏDİ, MAĞAZA QIFILLANDI

Həsən Əliyev sahibkardır. 5 ildir ki, Sədərək Ticarət Mərkəzində 73 saylı mağazanı alıb və başqasına icarəyə verib. 1 aya yaxındır ticarət mərkəzinin rəhbərliyi mağazanın qapısına qıfıl vurub.

Sahibkar deyir, obyektin qıfıllanmasına səbəb ticarət mərkəzinin rəhbərliyinin tərtib etdiyi təzə müqavilədəki şərtləri qəbul etməməsidir. Çünki bu müqavilə onun sahibkarlıq hüquqlarını tam məhdudlaşdırır:

“Dedilər, “köhnə müqavilə qüvvədən düşüb, təzəsi bağlanmalıdır”.

Yaxınlaşdıq ki, təzə müqavilə bağlayaq. Deməli, adamların savadsızlığından istifadə edirlər. Aldadırlar ki, guya təzə müqavilə ilə biz mağazaların tam sahibinə çevrilirik. Əslində isə bu müqavilə Mülki Məcəlləmizə də ziddir”.

Bəs bu müqavilədə sahibkarın vəziyyətini ağırlaşdıran nədir? Sahibkar deyir, əvvəlki müqavilədə mağazaya görə ödənilmiş 6 min manat göstərilsə də, ikinci müqavilədə bu, yoxdur. Əvvəlki müqavilədə sifarişçinin obyekti üçüncü şəxsə icarəyə vermə hüququnu tanıyırdısa, təzə müqavilə ilə sahibkara bu hüquq da verilmir. Ümumiyyətlə, təzə müqavilədə sahibkarın vərəsəlik hüquqları tanınmır.

MƏHKƏMƏ UZANIR

Sahibkar məsələni hüquqi müstəvidə çözmək üçün Sədərək Ticarət Mərkəzinin rəhbərliyini məhkəməyə verib. Məhkəmə uzanır, zərərsə qıfıllı qapının o tayında satlıq əşyaları qalmış ticarətçi Vahid Kərimova dəyir.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Vahid Kərimov:

– Buranı mən işlədirəm. Həsənlə problemləri var. Mən mağazanı işlədə bilmirəm. Özümün nə qədər kreditlərim var… Deyirəm, “gedib mağazanı açacam”, deyirlər, “özbaşınasan, mağaza qapısı açasan?”

– Nə qədər icarə haqqı verirsiz?

– 187 manat…

– Ödənişə görə qəbz alırsız?..

– Yox…

TİCARƏTÇİLƏR DANIŞMAQ İSTƏMİRLƏR

Ancaq burada ödənişə görə qəbz almayan təkcə Vahid Kərimov deyil. Sadəcə, ondan fərqli olaraq, ticarətçilərin çoxu bu barədə danışmaq istəmirlər. Elə qarşımıza çıxan Rauf Mustafayev kimi:

– Neçə ildir burada işləyirsiz?

– 4 ildi…

– Nə qədər icarəhaqqı verirsiz?

– Əəə, yoxee, qardaş, onu deyə bilmərəm…

Deyib, gülə-gülə uzaqlaşır.

Başqa bir ticarətçiyə yaxınlaşmaq istəyəndə şüşənin arxasından əli ilə işarə edir ki, “uzaqlaş burdan...”

Nəhayət, ticarətlə məşğul olanlardan biri Fərhad Bədəlov bizi aylıq ödənişə görə aldığı “qəbz”lə tanış edir. Kiçik kağız parçasında əlyazısı ilə “icarəhaqqı ödənildi” sözləri və tarix qeyd olunub.

“BELƏ QƏBZ OLAR?”

Ticarətçilər belə “qəbz”lərə etiraz edirlər, düşünürlər ki, bu, qəbz deyil. “Belə qəbz olar? Nə təsdiqi var, nə möhürü”, deyirlər.

Yollanırıq ticarət mərkəzinin inzibati binası yerləşən tərəfinə. Bir neçə qapı döysək də, açan olmur. Nə hüquqşünası, nə də rəhbərlikdən başqa birisini tapa bilmirik ki, suallarımızı cavablandırsın.

Əvəzində çəkilişdən xəbər tutub özünü kameramıza yetirən başqası ilə qarşılaşırıq. O, israrla ərazidən uzaqlaşmağımızı tələb edir.

Bax belə… Əslində elə bütün sualların cavabı çəkilişə mane olmaq istəyən bu adamdaydı… Əlbəttə ki, gecikmiş müdaxilə idi. Çəkilənlər çəkilmişdi, yazılanlar yazılmışdı…

Buna da bax: Sədərəkdə ölən alver (Fotolar)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG