Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:01

Eynən Ronald Reagan kimi…


Donald Trump və Ronald Reagan, Ağ evdə qəbul, 1987
Donald Trump və Ronald Reagan, Ağ evdə qəbul, 1987

ABŞ-ın növbəti prezidenti Donald Trump seçildi. Hər nə qədər bir çoxları üçün sürpriz olsa da. Hərçənd, azərbaycanlı politoloq Elxan Mehdiyev bu nəticənin ona sürpriz olmadığını, əvvəlcədən Trump-ın seçiləcəyini proqnozlaşdırdığını söyləyir:

– Şəxsən məndən ötrü sürpriz deyil. Bütün müsahibələrimdə demişəm ki, Trump-ın qalib gəlmək şansı çox böyükdür. Mən ABŞ-da yaşamışam, Amerika xalqını az-çox tanıyıram, xalq Trump-ı praymerizlərdə önə çıxarmışdısa, Clinton-a rəqib etmişdisə, bu o deməkdir ki, Amerika xalqı dəyişiklik istəyir. Amerika xalqı dəyişiklik istədiyindən bütün televiziya şirkətləri, ən öndə gedən qəzetlər Trump-a qarşı kampaniya, bir çox hallarda da çirkin kampaniyalar aparsalar da, seçkilər zamanı partiyadaşları, önəmli şəxslər ondan dəstəyini geri çəkdiyi halda, onun seçki kampaniyasına yığılan pullar Clinton-un kampaniyasına yığılan pullardan iki dəfə az olsa da, dünyada irqçi, faşist imici yaradılsa da, o, qalib gəldi. Mən şəxsən buna əmin idim və demişdim ki, xalq dəyişiklik istəyir. Hillary Clinton-un hakimiyyətə gəlməsi həmin köhnə status-kvonun davam etməsi olacaqdı. Sıravi insanlar da bunu istəmirdi. Onlar iş istəyirlər. Onları xarici siyasət maraqlandırmır. Amerikalılar iş istəyir və Trump da iş adamıdır. Ona görə də ona daha çox rəğbət vardı.

– Siz də sadaladınız, Trump hamıya qalib gəldi, rəy sorğularına, KİV-ə, siyasətçilərə, bəlkə lap intellektuallara da. Bunu necə bacardı?

– Ancaq xalqın dəstəyi ilə. Xalq dəyişiklik istəyir. Amerika xalqının önəmli hissəsi televiziyalara baxmır, 90 faizi isə xarici siyasətlə maraqlanmır. Bu kəsimə iş lazımdır, dəyişiklik lazımdır. Bir də Clinton dönəmində yaranmış durğunluq bu məsələdə başlıca amil oldu. Yenidən Clinton ailəsinin hakimiyyətə gəlməsini istəmədilər. Ümumiyyətlə, bu siyasətçi xanımın mübahisəli tərəfləri var, Hillary Clinton-un yaratdığı rəy mənfi nəticələrə gətirə bilərdi. Yəni bu, uzun məsələdir, üzərində dayanmaq istəmirəm. Ən önəmlisi, Trump hər məsələdə dəyişiklik istəyirdi, ABŞ-ın həm daxili, həm xarici siyasətini islah etməyə, dəyişməyə çalışan adam təəssüratı yaradırdı. İşqabiliyyətli insandır. O, eynən Ronald Reagan kimi, təsəvvürləri dağıdaraq önə çıxdı.

Elxan Mehdiyev
Elxan Mehdiyev

– Elxan bəy, dediniz ki, onunla bağlı irqçi, faşist obrazı yaradılmışdı, hər halda, bu imic bəzən onun çıxışlarına, fikirlərinə söykənirdi. Amma seçildikdən sonra balkon çıxışında o, daha yumşaq danışdı və dünyayla, rəqibləriylə normal münasibətlər quracağını dilə gətirdi. Yəni Trump dönəmində xarici siyasətdə nə gözləmək olar, xüsusən də İslam ölkələri ilə münasibətdə?

– Onun müsəlmanlar haqda dedikləri şişirdilmişdi. Trump heç də İslam dünyası ilə düşmən olmaq, müsəlmanlara qarşı səlib yürüşü aparmaq niyyətində deyildi. O, cihadı, terrorçuları nəzərdə tuturdu. Bu ölkədə müsəlmanlar Trump lehinə kampaniya aparırdılar. Müsəlman qrupları, qurumları onun yanında idi, məsləhətçiləri vardı. Sadəcə, bu işi izləməyənlər detallardan xəbərsizdirlər. Bu məsələ media tərəfindən də şişirdilmişdi, onunla bağlı bəd imic yaratmaq məqsədi güdürdü. O, dediyim kimi, ABŞ-ın həm daxili, həm xarici siyasətini dəyişmək, onu yeni tərəfə yönləndirmək, daha çox Amerikanın maraqlarını önə çəkmək kimi fikirləri ilə üzə çıxdı. Xalq da bunu dəstəkləyirdi. O baxımdan, dəyişiklik olmalıdır. Dəyişiklik də irəliləyişdir. Onun gəlişi dünyanın da xeyrinə olar.

– Rusiya ilə münasibətlər yaxınlaşa, yeni bir mərhələyə adlaya bilərmi?

– Düşünürəm ki, Rusiya ilə münasibətlər normallaşacaq. Onun çıxışlarında da bu var idi. İki ölkənin münasibəti əməkdaşlıq istiqamətində qurulacaq, nəinki konfrontasiya istiqamətində.

– Azərbaycanla münasibətlərdə nə gözləmək olar?

– Heç bir şey gözləmək lazım deyil. 25 ildə ABŞ-da beş prezident gəlib gedib. Azərbaycan üçün bir nömrəli məsələ erməni işğalıdır. Əgər o erməni işğalı ilə bağlı Azərbaycan rəhbərliyinin ən yaxın dostu, qardaşı Bill Clinton, ya da George Bush heç bir iş görməyibsə, o zaman bu haqda danışmaq lazım deyil. İkincisi də, bu məsələdə ABŞ-ın rolu həlledici deyil, burda həlledici rola Rusiya sahibdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG