Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Bu kənddə hələ də çaydan su, meşədən odun daşıyırlar


Arxiv fotosu: Zaqatala, zəlzələdən az sonra, 10 may 2012
Arxiv fotosu: Zaqatala, zəlzələdən az sonra, 10 may 2012

Zaqatalada Ələsgər kəndinin sakini güzəranı bu cür izah edir: “Ötən il yoldaşım bətnindəki körpəsini itirdi. Təcili yardım gəlib çıxa bilmədi. Yük maşını yolboyu yazığı o qədər atıb-tutdu ki… Xəstəxanaya çatınca uşaq salamat qalmadı.”


Zaqatalanın Ələsgər kəndinin sakinləri milli azlıq olan saxurlardır. Kənd sakini Cəlil Paşayev “Qaynar xətt”ə köhnə kəndin Sovet dönəmindən miras qalmış problemlərindən danışır. Deyir yolsuzluqdan kəndlə rayon mərkəzi arasındakı 20 kilometr yolu nə avtobus, nə minik maşını gedə bilmir deyə yük maşını ilə gedib gəlirlər. Yol olmadığından bura təcili yardım da vaxtında yetişmir:

“Yük maşını da tapmayanda ayağımıza uzunboğaz çəkmə geyinib burdan mərkəzə piyada gedib gəlirik. Ötən il yoldaşım bətnindəki körpəsini itirdi. Təcili yardım gəlib çıxa bilmədi, özümüz də xəstəxanaya çatdıra bilmədik… Yük maşını yolboyu yazığı o qədər atıb-tutdu ki… Xəstəxanaya çatınca iş-işdən keçdi, uşaq salamat qalmadı…”

Buna da bax: QaynarXətt proqramımıza siz də şikayətlərinizi göndərə bilərsiz

YOLSUZLUQ, SUSUZLUQ...

Cəlil Paşayev kənddəki susuzluq və başqa problemləri sadalayır:
“Biz hələ də ibtidai icma dövrünü adlamamışıq. Hələ də çaydan su, meşədən odun daşıyırıq. Yayda çay quruyur, kəndə də ki, su maşını gəlmir. Elə bil hər yerdən təcrid olmuşuq. Bir az aralıda Muxax kəndidir, o kəndlə də aramızı çay ayırır. Üstündəki sınıq-salxaq körpüdür, adamlar keçməyə qorxur”.

Bu kəndin başqa bir sakini Süsən Şahidova böyrək çatışmazlığından əziyyət çəkir. Onun sözlərinə görə, həftədə azı üç dəfə dializ proseduru keçməlidir. Ancaq bu proseduru ayda cəmi iki dəfə keçə bilir:

“Həkim nəzarətində olmalıyam. Kənddə bir həkim yoxdu. Halım dəyişəndə iynə vurmağa, ilkin yardım göstərməyə bir tibb bacısı tapmırıq. Təqaüdümün bir hissəsini uşaqlara verirəm ki, mənə çaydan su, meşədən odun daşısınlar. Camaatın dolanışığı əkinçilikdən, heyvandarlıqdan çıxır. Su yoxdur ki, yayda camaat əkin sahələrini sulasın."

Buna da bax: Zaqatala zəlzələsinə 320 milyon, Vana 130 milyon [Video]

ZƏLZƏLƏ İZLƏRİ

Bir də bu kənddə 4 il əvvəl baş vermiş zəlzələnin izləri hələ də qalmaqdadır. Süsən Şahidova deyir, 4 il əvvəl dağılmış tövləsini hələ də düzəldə bilməyib. Evinin pəncərələrinin şüşələri də o vaxtdan qırılıb. Yerini əskiylə doldurur ki, qışda evə soyuq dolmasın:

“O vaxt komissiya gəldi, bir-bir evlərə baxdı, mənim də evimə baxdı… Divarlar da aralıdır. Eləcə yazıb getdilər. Tək arvadam, kimsəm yoxdur ki, əlimdən tutub rayon mərkəzinə aparsın, gedim dərdimi məmurlara deyim”.

Zaqatala rayon icra hakimiyyətindən bildiriblər ki, Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı çərçivəsində Ələsgər kəndinə yeni su və qaz xəttinin çəkilişi nəzərdə tutulub.

Bundan başqa kənd yolunun bir hissəsinin də bərpası proqramda öz əskini tapıb. Bu işlərin bir hissəsi görülüb. Hazırda da işlər davam edir.

XS
SM
MD
LG