Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

►“Məqsədimiz saxta pulu dövriyyəyə buraxmaq olmayıb. Biz, sadəcə, maraq üçün pul kəsmişik."

Azərbaycanda həbs edilən iki əcnəbinin işi üzrə məhkəmə prosesi noyabrın 23-də yekunlaşdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə çıxarılan hökmə əsasən, Maput MartialHongla Samuelin hər biri 10 il azadlıqdan məhrum edildi. Onlar əslən kamerunlu olan Belçika vətəndaşlarıdır.

Onlar Cinayət Məcəlləsinin 204-cü maddəsilə saxta pul hazırlamaq və satmaqda ittiham olunurdular.

Kamerunluları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs ediblər. Elə bu iş üzrə ibtidai araşdırma da idarənin istintaq şöbəsində aparılıb. İttihama görə, adları çəkilən əcnəbilər Bakıda keçirilən birinci Avropa Oyunları zamanı çoxlu turistlərin gələcəyini və xarici valyutadan daha çox istifadə olunacağını nəzərə alaraq, turnir öncəsi saxta ABŞ dolları hazırlayaraq dövriyyəyə buraxmağa çalışıblar.

Cinayət işinin materiallarında göstərilib ki, onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında, aprelin 3-də 10 min saxta dolları 5 minə satarkən saxlanılıblar. Bundan sonra onların Xırdalanda kirayədə yaşadıqları evdən daha 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkarlanaraq götürülüb.

Əcnəbi təqsirləndirilənlər isə məhkəmədə ifadələrində özlərini təqsirli bilməyiblər. Onlar ittihamın “uydurma” olduğunu deyiblər.

Buna da bax: Suriya türkmanları: "Raketlər yağış kimi yağır"

"Dollar alverilə məşğul olsaydıq, Belçikada bu işi görərdik"

"Bunların hamısı uydurmadır. Vicdanıma and içirəm ki, biz elə şey eləməmişik. Əgər dollar alveri ilə məşğul olsaydıq, elə oturub Belçikada bu işi edərdik...", - deyə Hongla Samuel məhkəməyə sərbəst ifadəsində bildirib.

Məhkəmə prosesində şahidlər, o cümlədən polislər dindirilərkən kamerunlular onların ifadələrinə etiraz edərək, deyilənlərin doğru olmadığını məhkəmənin nəzərinə çatdırıblar.

Noyabrın 23-də keçirilən məhkəmə iclasında prokuror çıxış edərək dedi ki, ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 11 il azadlıqdan məhrum edilməsini, həmçinin cəzanı çəkib qurtarandan sonra Azərbaycandan çıxarılmalarını istədi.

Buna da bax: Dayə, repetitor, tərcüməçi... vergiyə cəlb olunacaq

Əcnəbilərin vəkilləri isə bəraət hökmünün çıxarılmasını xahiş etdilər.

"Uşaqlarımın atasız böyüməsini istəmirəm"

Maraqlıdır ki, məhkəməyə ifadələrində, ümumiyyətlə, ittihamı qəbul etməyən kamerunlular son sözlərində fərqli danışdılar. Onlar saxta pul hazırladıqlarını etiraf etsələr də, onları dövriyyəyə buraxmaq istəmədiklərini vurğuladılar. Həmçinin məhkəmədən hökm çıxararkən humanizm prinsiplərini rəhbər tutmağı xahiş etdilər.

"50 yaşım var. 3 azyaşlı övladım var. Özüm uşaqlıqdan yetim böyümüşəm deyə, valideynsizliyin

nə olduğunu yaxşı bilirəm. Ona görə də uşaqlarımın mənsiz böyüməsini istəmirəm.

Bizim məqsədimiz saxta pulu dövriyyəyə buraxmaq olmayıb. Biz, sadəcə, marağımızdan pul kəsmişik. Bir növ "fokus"... Bizim başqa heç bir niyyətimiz olmayıb. Gözlərim 60 faiz görmür. Xahiş edirəm, hökm çıxararkən bütün bunları nəzərə alın", - deyə Hongla Samuel bildirdi.

Maput Martial da son sözündə himayəsində 1 azyaşlı övladının, 78 yaşlı anasının olduğunu vurğuladı. Saxta pula gəlincə, o da həmyerlisinin söylədiklərini təkrarladı: "Dostumun dediyi kimi, biz bu pulları dövriyyə məqsədi ilə kəsməmişik".

Qısa müşavirədən sonra onların hər birinin 10 il azadlıqdan məhrum edilməsi barədə hökm elan olundu. Həmçinin onlara izah edildi ki, hökm qanuni qüvvəyə minəndən sonra cəzanı öz ölkələrində çəkmək üçün müvafiq dövlət strukturlarına ərizə ilə müraciət etmək hüquqları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG