Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:17

Prezidentliyə saxta namizədin daha çox tərəfdarı var


Khotamjon Ketmonov-un karikaturası

Khotamjon Ketmonov-un karikaturası

Özbəkistanda prezident seçkisi yaxınlaşdıqca, virtual dünyada saxta namizədlər real namizədlərdən daha çox tərəfdar toplayırlar. Twitter istifadəçiləri deyirlər ki, bunun səbəbi saxta namizədlərin ölkədəki problemlərin həllindən ötrü daha qeyri-adi və maraqlı üsullar təklif etməsidir.

Özbəkistanın Xalq Demokratik Partiyasından prezidentliyə namizəd Khotamjon Ketmonov-un təmsilçisi Twitter-də saxta hesabın ortaya çıxması ilə bağlı uyğun qurumlara müraciət edildiyini bildirib.

SAXTA NAMİZƏDİN 957, REAL NAMİZƏDİN 33 İZLƏYİCİSİ VAR

ABŞ-da prezident seçkiləri ərəfəsində @H_Ketmonov hesabından yazan saxta namizəd fəallaşıb.

Respublikaçı Donald Trump-ın ABŞ-da prezident seçilməsindən sonra saxta Ketmonov ABŞ prezidenti ilə birlikdə «yeni Amerika və yeni Özbəkistan» qurmağa söz verib.

Bundan başqa, saxta namizəd Twitter hesabında Khotamjon Ketmonov-un guya Trump-la çəkdirdiyi şəkli yerləşdirib.

@H_Ketmonov hesabından yazan anonim istifadəçi Özbəkistandakı sosial-iqtisadi problemlərin maraqlı həll yollarını təklif etməyə başlayıb. Məsələn, @H_Ketmonov ölkənin hər bir kəndində örtüklü futbol meydançaları, hər bir məhəllədə isə məscid tikməyə söz verib.

Bundan başqa, o, spirtli içki həvəskarlarına «Ketmen» markalı araq təklif edib.

Saxta namizəd prezident seçilərsə, Özbəkistanın büdcəsinə öz arvadından daha çox diqqət ayıracağını deyib.

@H_Ketmonov əslən özbək olmayan Özbəkistan vətəndaşlarına qarşı bir neçə kəskin tvit paylaşıb.

Saxta Ketmonov-un bəzən həqiqətə uyğun, bəzən məzəli fikirləri onu virtual aləmdə məşhurlaşdırıb.

Noyabrın ortasında saxta Ketmonov-un Twitter-dəki izləyicilərinin sayı 957-yə, tvitlərinin sayı isə 4 min 563-ə çatmışdı.

Əsl Khotamjon Ketmonov-a gəlincə, onun Twitter-də cəmi 33 izləyicisi var.

AzadlıqRadiosunun özbək xidməti Ketmonov-un saxta hesabının sahibi ilə birbaşa əlaqə qurmağa çalışsa da, hələlik buna nail ola bilməyib.

Xalq Demokratik Partiyasının sədri Khotamjon Ketmonov

Xalq Demokratik Partiyasının sədri Khotamjon Ketmonov

VİRTUAL POPULYARLIQ

Saxta Ketmonov-un bəzi izləyiciləri AzadlıqRadiosunun reportyoruna onun tvitlərinə artan marağın səbəbini izah ediblər. Onlar hesab edirlər ki, bu, özbəkistanlıların açıq danışmaq imkanının olmamasından qaynaqlanır. Onların fikrincə, insanlar açıq cəmiyyətə ehtiyac duyurlar.

«Ketmonov trendi çox gülməlidir. O, müxtəlif fotolar və şüarlar paylaşaraq özünə diqqət cəlb edir. Onun soyadı Daşkənddə və Özbəkistanın vilayətlərində insanların dilindən düşmür», – saxta Ketmonov-un Twitter-dəki izləyicilərindən biri deyir.

«Məncə, bu, yalnız ali hakimiyyətlə xalq arasındakı nəhəng uçurumla bağlıdır. Özbəkistanda hakimiyyət xalqdan qaçır. Sosial şəbəkələrdə açıq danışanlar isə bundan yararlanaraq böyük nəticələrə nail olurlar», –Facebook istifadəçisi Tungi Uyqoq deyir.

Saxta Ketmonov Twitter-də yazır ki, internetdə populyarlığının artması onun adi həyat ritmini pozub.

SAXTA KETMONOV AXTARILIR

Özbəkistan Xalq Demokratik Partiyasının nümayəndəsi AzadlıqRadiosuna bildirib ki, partiya rəhbərliyi saxta Khotamjon Ketmonov-un olmasından xəbərdardır.

Ketmonov-un seçki qərargahının təmsilçisi bildirib ki, partiya sədrinin müavini Rustam Kamilov bu məsələ ilə şəxsən məşğul olur.

«Biz əlaqədar qurumlara Twitter-də saxta hesabın yaranması ilə bağlı təkzib göndərmişik. İndi bu məsələ ilə şəxsən Rustam Kamilov məşğul olur», – deyə təmsilçi bildirib.

Yerli KİV-lərin verdiyi xəbərə görə, prezidentliyə real namizəd Khotamjon Ketmonov bu günlərdə Navoi, Baxara və Səmərqənd vilayətlərində seçicilərlə görüşür.

Onun bu görüşlərdə açıqladığı seçkiqabağı proqramının əsas maddələrindən biri də ölkədə iş yerlərinin yaradılmasıdır.

1991-ci ildə Özbəkistan Kommunist Partiyasının əsasında yaradılmış Xalq Demokratik Partiyasının sədri, 47 yaşlı Khotamjon Ketmonov-un namizədliyi ikinci dəfə irəli sürülür.

2015-ci ilin prezident seçkisi zamanı da onun namizədliyi verilmişdi. O zaman Ketmonov Özbəkistanın mərhum prezidenti Islam Karimov-la yarışaraq, səslərin 2.92 faizini toplaya bilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG