Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:50

Səudiyyə-İran davası “sünni-şiə haqq-hesabı” deyil?


Şiəməzhəb İranla sünni Səudiyyə Ərəbistanı arasında qarşıdurma Tehranın son ittihamlarından sonra yeni və daha təhlükəli mərhələyə qədəm qoyub

Tehran Səudiyyə Ərəbistanının Yəməndə hava reydləri keçirən koalisiyasını paytaxt Sanadakı İran səfirliyinə raket zərbəsi endirməkdə ittiham edib.

Beləliklə, ötən həftə Səudiyyədə şiə ruhanisi Nimr al-Nimr-in edamı və Tehrandakı Səudiyyə səfirliyinin yandırılması ilə başlanan gərginlik artmaqda davam edir.

Lakin dərhal hadisə yerinə yollanan beynəlxalq agentlik müxbirləri səfirlik binasına heç bir ciddi ziyan dəymədiyini yazırlar.

Dünya analitikləri iki ölkə arasındakı məzhəb düşmənçiliyinin Yaxın Şərqin bütün münaqişələrini təsirləndirəcəyini proqnozlaşdırırlar.

Lakin Riyad və Tehran arasındakı sünni-şiə çəkişməsi qarşıdurmanın yalnız gözlə görünən aysberq ucu olduğuna inanan təhlilçilər də az deyil.

Şərqin iki sütunu

“Bush evi, Səud evi” kitabının müəllifi Craig Unger yazır ki, bu, iki ölkə arasında teoloji qarşıdurmadan daha çox, regionun iki supergücü arasında davam edən nüfuz müharibəsidir.

Craig Unger
Craig Unger

Unger yazır ki, ABŞ İran və Səudiyyəyə onilliklər ərzində öz xarici siyasətinin Yaxın Şərqdəki iki sarsılmaz sütunu kimi baxıb. Lakin bütün bunlara 1979-cu ildə, İran şahını devirmiş İslam inqilabı son qoyub.

Həmin vaxtdan bəri Vaşinqton özünün xarici siyasətində və təhlükəsizlik məsələlərində tamamilə Səudiyyəyə etibar etməyə başlayıb.

ABŞ yüz milyardlarla dollarlıq Səudiyyə neftinə, Səudiyyə isə yüz milyardlarla dollarlıq Amerika silahlarına müştəri olub.

Düzəni dəyişən saziş

Lakin, Ungerin fikrincə, ABŞ-Səudiyyə münasibətlərinin arxasındakı bu düzən Qərb, habelə Rusiya və İran arasında nüvə sazişinin imzalanması ilə kökündən dəyişib.

Sözü gedən saziş İran üzərindən beynəlxalq sanksiyaların qaldırılması ilə Tehranın neft bazarına, başqa sözlərlə həm də daha böyük regional siyasət meydanına qayısdışına yol açıb.

Politoloqun fikrincə, Səudiyyə ABŞ-ın İranın yenidən baş qaldırmasına yol verməsini heç cür həzm edə bilmir.

Prezident Jimmy Carter və İran şahı Məhəmməd Rza Pəhləvi, 1978.
Prezident Jimmy Carter və İran şahı Məhəmməd Rza Pəhləvi, 1978.

Birdən birə hirsini İranın üstünə tökə bilməyən Səudiyyə, əvəzində onun Yaxın Şərqdəki müttəfiqlərinə qarşı aqressiv hərəkətlərə başlayıb.

Səudiyyə Suriyada İranın dəstəklədiyi prezident Bashar al-Assad-ı məhv etmək yolunu seçib. Bunun ardınca Yəməndəki şiə husi qiyamçılarına, Bəhreyn, Nigeriya və Livanda İranın dəstəklədiyi qüvvələrə zərbələr endirib.

Craig Unger yazır ki, münaqişələrin diplomatiya və danışıqlar yolu ilə həll olunmasında da Səudiyyə eyni problemlə üzləşir. Keçmişlərdə, İranın gözüm-çıxdıya salındığı dövrlərdə səudlər siyasi problemləri ABŞ və Qərb diplomatları ilə eyni masa arxasında müzakirə edirdilər və Səudiyyə Şərqin ən ucadan eşidilən yeganə səsi idi. Keçmişlərdə Səudiyyə İranın Cenevrə danışıqlarının yaxınlığına belə buraxılmamasına nail olmuşdu.

İran-Amerika Şurasının sədri Trita Parsi deyir ki, ABŞ və Qərb ötən payızda İranla ortaq məxrəc tapan kimi, prezident Obama kral Salmana zəng edib və ona İranla danışıqlar masası arxasına keçməyi məsləhət görüb.

Cihadın arxasında Səudiyyə dayanır

Unger yazır ki, Səudiyyə Ərəbistanının uzun illər ABŞ-ın ən yaxın müttəfiqi olması Vaşinqtonu amerikalıları narahat edən bir çox məsələlərin üstündən sükutla keçməyə vadar edib.

Keçmişlərdə Səudiyyə İranın Cenevrə danışıqlarının yaxınlığına belə buraxılmamasına nail olmuşdu

Beləcə, ABŞ əslində sünni vəhabi təməlçiliyinə hamilik edən krallığın teokratik monarxiyasını silahlandırıb və mühafizə edib. Halbuki, bu təməlçilik, sonunda Qərbə qarşı çevrilən cihadizmin cücərməsi üçün münbit zəmin olub.

Unger yazır ki, dolayısı ilə Amerika üzərinə 11 sentyabr terror hücumları, habelə Keniya və Tanzaniyadakı ABŞ səfirliklərinə basqınlar, London və Madriddəki partlayışlar üçün məsuliyyəti Səudiyyə daşıyır.

“Bunlardan heç biri bu gün də dəyişməyib, - yazır Unger, - Səudlar açıq şəkildə əl-Qaedaya bağlı Cəbhət ən-Nüsranın da daxil olduğu “Fateh ordusunu” dəstəkləyirlər”.

İran Səudiyyənin quyusuna düşüb

Craig Unger bu qənaətdədir ki, əslində İran Səudiyyənin qazdığı quyuya düşüb.

Məhz buna görədir ki, İran prezidenti Səudiyyə səfirliyinin yandırlımasını hiddətlə tənqid edib.

Qərbpərəst hökumətin çökməsi ilə cihadçıların Səudiyyə Ərəbistanının nəhəng neft ehtiyatlarına sahiblənməsi əsl fəlakət olardı

O deyib ki, bu nəinki düzgün əməl deyildi, üstəlik Səudiyyəyə İranla əlaqələrini kəsmək bəhanəsi verib.

Unger yazır ki, Obama administrasiyası bütün Yaxın Şərq münaqişələrinə dair danışıqlar prosesində İranın iştirak etmək haqqını tanıyıb. Lakin buna səudları inandırmaq qat-qat çətin məsələ olacaq.

Məqalədə deyilir ki, neft qiymətlərinin az qala bir barrel üçün 33 dollara düşməsi ilə bağlı Səudiyyə çətin maliyyə durumundadır. Üstəlik, onun neftlə zəngin şərq regionlarında əhali çoxluğu şiələrin tərəfindədir.

Craig Unger bu nəticəyə gəlir ki, hazırda regionda həqiqətən də partlayışlı vəziyyət yaranıb.

“Bəli, Səud monarx evi bütün dünyada cihad terrorunun qızışdırlması üçün məsuliyyət daşıyır. Lakin burada qərbpərəst hökumətin çökməsi ilə cihadçıların Səudiyyə Ərəbistanının nəhəng neft ehtiyatlarına sahiblənməsi əsl fəlakət olardı. Buna görə də İranla münaqişəni gərginləşdirməklə, Səudiyyə, heç şübhəsiz çox təhlükəli oyun oynayır” – yazır Craig Unger.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG