Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:21

Bu gün, oktyabrın 18-i vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında satirik şair Tofiq Həsənli ilə görüşüb.

Vəkil qeyd edir ki, hazırda iş apelyasiya instansiyası mərhələsindədir.

Elçin Sadıqovun bildirməsinə görə, məhkəmə bir tərəfli gedib, hətta Tofiq Həsənlinin heç bir vəsatətini təmin etməyib. Üstəlik, onun şahidləri də dindirilməyib.

Buna da bax:​ 6 il həbs alan satirik şairin anası yatağa düşüb

Vəkilin bildirməsinə görə, Tofiq Həsənli deyib ki, tutularkən ona satirik şerləri irad kimi bildirilib. Onu narkotik ittihamını üzərinə götürməyə məcbur ediblər:

“Buna etiraz etdikdə onu butulka ilə əxlaqsız hərəkətlər edəcəkləri ilə hədələyiblər. Məcbur olaraq etmədiyi cinayəti etiraf etdiriblər” - deyə vəkil bildirir.

Vəkilin deməsinə görə, istintaqı daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. İdarədən vəkilin bildirdiklərinə, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Ancaq Azərbaycanın hüquq mühafizə orqanları istər cəza yerlərində, istərsə də təcridxanalarda təqsirləndirilən şəxslərin işgəncə və təhdidlərə məruz qalmaları ilə bağlı şikayətləri bir qayda olaraq təkzib edirlər.

Buna da bax:​ Oğurlandığı deyilən şairin səsi Kürdəxanıdan gəldi

Satirik şair Tofiq Həsənli ötən il oktyabrın 13-də yoxa çıxmışdı. Yaxınları iki gündən sonra xəbər tutmuşdular ki, Tofiq Həsənli saxlanıb.

Tofiq Həsənlinin işlədiyi ticarət obyektində ona məxsus külli miqdarda narkotik aşkar olunduğu deyilirdi. Şair Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satma - Küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirdi. Satirik şairin ailə üzvlərinin bildirməsinə görə, maddi problemlər üzündən uzun müddət ona vəkil tuta bilməyiblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu il avqustun 22-də onu 6 il həbs cəzasına layiq görüb.

O, tutulmazdan öncə xaricdən yayılan «Azərbaycan saatı» proqramında tənqidi şerlər oxuyardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG