Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:51

Özbəkistanda saqqallı kişiləri futbol oyunlarına buraxmırlar


Foto illüstrasiya

Foto illüstrasiya

-

Özbəkistanlı futbol azarkeşlərindən birinin dediyinə görə, «Buhara» və «Navbahar» komandaları arasında yoldaşlıq görüşünü izləmək üçün ona dəlləyə getmək lazım olub: saqqalını kəsdirmək üçün.

«Biz stadiona gəldik ki, futbol yarışına baxaq. Girişdə minə yaxın adam dayanmışdı. Mülki geyimdə olan bir şəxs mənə sarı baxdı və dedi: «Get saqqalını kəsdir, sonra gələrsən». Mənsə ona cavab verdim ki, axı, heç kim mənə xəbərdarlıq etməyib ki, yarışa baxmaq üçün saqqalsız gəlməliyəm. O da bu sözümü eşidəndə dedi: «Qardaş, mən sənə normal şəkildə izah eləyirəm». Bu sözlərdən sonra ətrafıma boylandım, gördüm ki, bir tərəfdə mənim kimi daha 4 nəfər var. Axırda qərara gəldim ki, gedim saqqalımı kəsdirim. Stadiondan 300 metr aralıda olan kişi salonuna gedib saqqalımı qırxdırdım», - adının açıqlanmasını istəməyən futbol azarkeşi danışır.

TAPŞIRIQ ŞİFAHİDİR

AzadlıqRadiosunun özbək xidmətinə danışan «Buhara» fan-klubunun liderlərindən biri azarkeşin dediklərini təsdiqləyir, deyir, belə bir şifahi tapşırıq verilib ki, saqqallı şəxslər stadiona buraxılmasınlar.

«Saqqallı gənc oğlanları stadiona buraxmırlar. Amma 40-45 yaşlarında saqqal buraxan kişilərə içəri girməyə icazə verirlər. Belə bir qayda indi ölkənin hər yerində var», - «Buhara» komandasının fan-klubunun lideri deyir.

«BU XƏBƏRDARLIĞI ƏKS ETDİRƏN LÖBHƏ VURSUNLAR»

Ancaq yarışlara bilet satılan kassalarda azarkeşlərə belə bir qayda olması, yəni saqqallı olduğu təqdirdə stadiona buraxılmayacağı ilə bağlı heç kim xəbərdarlıq etmir. Stadionun qarşısına da bu xəbərdarlığı əks etdirən lövhə vurulmayıb.

Müsahibimiz olan futbol azarkeşi deyir ki, belə bir xəbərdarlığın edilməsinə heç bir maneə yoxdur: «Stadionun və ya kassaların qarşısında «Saqqallı kişilər içəri buraxılmır» yazılmış lövhəni vurmaq çətin iş deyil ki».

«BU, HÜQUQ POZUNTUSUDUR»

Hüquq müdafiəçiləri güc orqanlarının belə bir hərəkətini insan haqlarının pozulması kimi qiymətləndirirlər. Fransada yerləşən Orta Asiya İnsan Hüquqları Assosiasiyasının rəhbəri Nadezhda Ataeva deyir ki, saqqallı müsəlmanların ictimai yerlərdə görünməsini əngəlləyən ölçülər götürülməsi onların inanclarına müdaxilədir».

Özbəkistanın Müsəlman Ruhani İdarəsinin təmsilçisi hesab edir ki, heç kimin müsəlmanlar qarşısında belə bir tələb qoymaq hüququ yoxdur. Adının açıqlanmasını istəməyən ruhani əlavə edir ki, belə bir tələb varsa, bu, qanun pozuntusudur.

TƏLƏBƏLƏRƏ DƏ QADAĞA

Özbəkistanda son vaxtlar saqqallı tələbələrin auditoriyaya buraxılmaması ilə bağlı bir neçə hadisə olub. Bundan başqa, bazara gedən və ya küçədə gəzən saqqallı gənclər milis şöbələrinə dəvət olunub orda sorğu-sualla üzləşirlər.

Ötən il hicablı qadınlar və ağ araqçın geyinən kişilərə Fərqanə vilayətində Kokand şəhər bazarına girmək qadağan olunmuşdu.

Saqqallılara qarşı təzyiq Tacikistanda da müşahidə olunur. Tacikistan hakimiyyəti saqqalın uzunluğu və formasının qeydinə qalmağa başlayıb. Hakimiyyətdəkilərin fikrincə, saqqalın forması onu saxlayanın dini ekstremizminə dəlalət edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG