Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:16

Samir Şərifov Amerikaya 4 milyard dollarlıq kredit almağa gedib?


Samir Şərifov

Samir Şərifov

Maliyyə naziri Samir Şərifov ötən həftəsonu ABŞ-a gedib. Rəsmi məlumatda onun BVF və Dünya Bankının illik toplantısına qatılmaq üçün okeanın o tayına yollandığı deyilir.

Siyasi şərhçi Azər Rəşidoğlu AzadlıqRadiosu-na Azərbaycan maliyyə nazirinin ABŞ-a səfərinin səbəblərindən danışır.

Buna da bax:​ Samir Şərifov pul tapmaq üçün ABŞ-a gedib

– Sizcə, adı vitse-prezidentliyə də hallandırılan Samir Şərifov ABŞ-a nə vaxtsa haqqında danışılan 4 milyard dollarlıq krediti almağa gedib, yoxsa mesajları çatdırmağa?

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

– Sadəcə, Azərbaycan hakimiyyəti indiki məqamda Avropa və bütövlükdə Qərb qurumlarıyla əlaqələrini bərpa etmək istəyir. Azərbaycan hakimiyyətinin önəmli bir hissəsi Rusiyaya bağlıdır. Köhnə qvardiyanın təmsilçiləri kimi, onlar həm də islahatları əngəlləyən simalar kimi tanınırlar. Hakim komandada, az da olsa, Avropayla işləməyə meylli məmurlar da var. Samir Şərifov da qərbyönümlü məmur kimi tanınır. Bu baxımdan onun ABŞ-a səfəri ortalıqda olan texniki problemlərin həlliylə yanaşı, Avropaya, Qərbə bir mesajdır. Yəni Azərbaycanda Qərblə işləməkdə maraqlı fiqurların olmasının mesajıdır. Digər tərəfdən Samir Şərifovun adı vitse-prezidentliyə namizədlərdən biri kimi hallanır. Yəni birinci vitse-prezident kimi hallanmır. Birinci vitse-prezidentliyə namizəd kimi adı hallananlar məhz rusiyayönümlü fiqurlardır. Güman edirəm ki, hazırkı etapda hakim elitaya təsir imkanları daha çox Rusiyanın əlindədir. O baxımdan qərbyönümlü siyasətçilərin imkanlarını şişirtməyin tərəfdarı deyiləm.

– O zaman Samir Şərifovun səfərinin məqsədi nədir, hansı mesajı çatdırır?

– Azərbaycan hakimiyyəti anlayır ki, ona kreditlər, maliyyə vəsaiti lazımdır. Rusiyanın, təzyiq rıçaqlarından savayı, Azərbaycana yardım edəcək nəyisə qalmayıb. Rusiya Azərbaycana möhtac olduğu kreditləri belə verə bilməz. Qərblə, ABŞ-la əlaqələri bərpa etmək lazımdır, çünki kreditlər, maliyyə məhz Qərbdən gələcək. Bu baxımdan Samir Şərifovun səfəri və Qərbə yönəlik başqa reveranslar həmin kreditləri almağa yönəlib. Həmin kreditlər olmazsa, neftin qiymətinin aşağı düşdüyü, istehsalın olmadığı, manatın növbəti devalvasiyasının gözlənildiyi, ölkədə iqtisadi-sosial böhranın dərinləşdiyi vaxtda çox ağır fəsadlar yarana bilər. Azərbaycan indiki halda Qərblə əməkdaşlığa məhkumdur. Bu baxımdan Samir Şərifov və onun kimi qərbyönümlü məmurların Avropaya səfərləri anlaşılandır.

Buna da bax:​ Problemli kreditlər:Dövlət yaxasını kənaramı çəkir?

– Bütün bunlar prezidentin “Biz Avropaya inteqrasiya etməyəcəyik” bəyanatının fonunda baş verir...

– Prezident dəfələrlə belə çıxışlar edib. Növbəti dəfə bu çıxışı etməklə Avropadan gələn təzyiqləri aradan qaldırır. Azərbaycan hakimiyyəti nə zaman Qərbə qarşı aqressiv, qıcıq doğuran çıxışlar edirsə və Rusiyaya doğru reverans edirsə, pərdəarxasında da Avropa və ABŞ-la münasibətlərini bərpa etmək istəyir. Bu da Rusiyanın, İranın təzyiqlərini azaltmaq üçün istifadə edilən siyasi texnologiyadır. Nəzərə almaq lazımdır ki, referendumla bağlı nə demokratik təsisatlar, nə Avropa, nə də Birləşmiş Ştatlar kəskin bəyanat verdi. Bu səbəbdən Azərbaycanla Qərb arasındakı savaşın səngidiyini söyləmək olar. Güman edirəm ki, Qərblə yaxınlıq, kredit və maliyyə yardımı almaq istiqamətində iş gedir, Samir Şərifovun səfəri də buna xidmət edir. Yaranmış durumda Avropa, ABŞ-la əməkdaşlıq ən düzgün seçimdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG