Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:58

►Azərbaycan tənqidləri nəzərə alacaqmı?

“Avropa Şurası insan haqlarının qorunmasından, biz isə insan haqlarından siyasi oyunlarda alət kimi istifadə olunmasından narahatıq”.

Bunu parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində deyir.

Mayın 23-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın bu il aprel ayının 5-dən 9-dək Azərbaycana səfərinin yekunları barədə təqdimat keçirilib.

– Azərbaycan üzrə həmməruzəçinin məruzəsində hansı məqamlar öz əksini tapıb?

– Məruzə artıq ilkin cizgiləri ilə təqdim olunub. Məruzədə, təbii, Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı məsələlər gündəmə gətirilib. Qeyd edim ki, məruzəçinin təqdimatında və müzakirələrdə Azərbaycanda gedən müsbət proseslər öz əksini tapıb. Bu, sevindirici haldır. Hətta Azərbaycanı daim tənqid edən adamlar da – biz bilirik, nəyə görə, hansı məsələlərə görə onlar belə tənqidi mövqedə qalırlar, – bu dəfə Azərbaycanda gedən müsbət məsələləri vurğulayıblar. Xüsusilə, birinci xanımın amnistiya aktı ilə bağlı verdiyi və artıq parlamentin qəbul elədiyi qanun layihəsi çox pozitiv qarşılandı. Ölkədə 30 minə yaxın məhbus var, bu amnistiya isə təxminən 10 min məhbusa şamil olunacaq və 3 mindən çoxu azadlığa buraxılacaq. Bundan başqa, Azərbaycan üzrə həmməruzəçilər iyunda Azərbaycana gələcəklər və 90 saylı seçki dairəsində keçiriləcək təkrar seçkiləri müşahidə edəcəklər. Bu dairədə seçkilər qanun pozuntularına görə ləğv olunmuşdu. Azərbaycan tərəfi onların bu seçkidə müşahidə aparmalarına etiraz etmir.

____________________________________________________________

Bunlara da bax:
Məscid, kilsə, sinaqoq bir binada- [Video]
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

– Müzakirələr necə keçdi?

– Konstruktiv keçdi. Hesab eləyirəm ki, bu şəkildə, yəni konstruktiv şəkində müzakirələrin təşkil olunması həm Avropa Şurası, həm Azərbaycan üçün qarşılıqlı hörmətə dəlalət edir.

“Siyasi oyunlarda alət kimi istifadə qəti qadağandır”

– Məruzədə tənqidi məqamlar var idimi?

– Məruzənin tam yekun forması yoxdur. Bunlar ilkin cizgilərdir. Təbii ki, Avropa Şurası insan haqları və onun müdafiəsi ilə bağlı həmişə tənqidi mövqedə dayanıb. Biz bunu çox gözəl başa düşürük, ancaq biz konstruktiv də real tənqidə fikir veririk və nəticələr çıxarırıq. Qeyri-real, təsdiqini tapmayan tənqid bizim üçün qəbulolunmazdır. İnsan haqlarını siyasi oyunlarda alət kimi istifadə etmək qəti qadağandır. O ki qaldı məruzənin mətninə, Avropa Şurasını bir neçə insan narahat edir və həmməruzəçilər Azərbaycana gələndə biz bunu müzakirə edəcəyik, əlimizdə olan məsələləri ortaya qoyacağıq. Siz də bilin ki, bu yaxınlarda İşçi Qrupunun (siyasi məhbuslarla bağlı işçi qrup nəzərdə tutulur –red.) növbəti iclası olacaq. Bu məlumat da müsbət qarşılanmışdı. Həm Avropa Şurasını, həm də bizi narahat edən məsələləri müzakirə edəcəyik. Bizi narahat edən bəzi məsələlərin siyasi oyunlarda istifadə edilməsidir, Monitorinq Komitəsi isə bu oyunları monitorinqdən tam çıxarmalıdır.

– Səməd bəy, məruzədəki tənqidi məqamları konkretləşdirmək olarmı? İnsan haqları hansı kontekstdə vurğulanıb?

– Ümumi şəkildə verilib. Konkret məsələlərdən söhbət getmir. Bizi narahat edən məsələ budur ki, insan haqları məsələsində hansısa ölkəni hədəf kimi seçməsinlər, alət kimi istifadə etməsinlər. Avropa Şurası isə insan haqları məsələsinə daha çox diqqət yetirilməsini istəyir. Bu məsələləri biz, həmməruzəçilər iyunun ortalarında Azərbaycana gələndə onlarla müzakirə etmək imkanı qazanacağıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG