Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:06

Faiq Əmirli ev dustaqlığına buraxılmadı


Vəkil Aqil Layıcov və Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli
Vəkil Aqil Layıcov və Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli

Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsində "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə iclasında Faiq Əmirli özü də iştirak edib.

Hakim Şəlalə Həsənova vəsatəti təmin etməyib.

Qapalı keçirilən məhkəmə prosesi barədə məlumat verən vəkil Aqil Layıcov bildirib ki, müstəntiq Faiq Əmirlinin həbsdən buraxılmasına etiraz edib və vəsatətin təmin olunmamasını istəyib: "Faiq Əmirlinin həbsdə saxlanılması üçün arqumentləri də ümumi ifadələrdən ibarətdi - istintaqın gedişinə mane ola bilər, şahidlərə təsir göstərə bilər, sübutları saxtalaşdıra bilər. İnsanın bu cür ümumi ifadələrlə həbsdə saxlanılması həm yerli qanunvericilik, həm də beynəlxalq hüquq normaları baxımından doğru deyil".

Buna da bax:​ Faiq Əmirlinin həyat yoldaşı prokurorluğu məhkəməyə verib

Vəkilin sözlərinə görə, Faiq Əmirlinin ailə üzvləriylə görüşünə qadağa qoyulması məsələsi də qaldırılıb. Müstəntiq deyib ki, onun yaxınları ilə görüşünə prokurorluq tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

"Belə çıxır ki, məhdudiyyəti Penitensiar Xidmət qoyub", – vəkil bildirib.

Müdafiəçi deyir ki, dünən (oktyabrın 11-də) 1 saylı Bakı istintaq təcridxanasının rəhbərliyi Faiq Əmirlini qəbul edib və yaxınları ilə görüşün qadağan olunmadığını bildirib: "Deyiblər ki, sabah (bu gün-red.) ailə üzvlərin gəlsin. Biz də məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət eləmişdik. Amma bu gün heç bir səbəb olmadan görüşə imkan verməyiblər. Əgər prokurorluğun məhdudiyyəti yoxdursa, belə çıxır ki, Ədliyyə Nazirliyi bürokratik əngəl yaradır".

Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcəyini deyən vəkil əlavə edib ki, avqustun 22-də Faiq Əmirli barəsində həbs-qətimkan tədbiri seçiləndən bəri onunla bağlı heç bir istintaq hərəkəti aparılmayıb.

Buna da bax:​ Faiq Əmirli istintaqa ifadə vermir

Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Buna da bax:​ Məmurlara sərf etməyən amnistiya

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen də ittihamları qəbul etmir.

Vəkillərinin bildirməsinə görə, istintaqda F.Əmirliyə ittiham olunduğu məsələlər üzrə yox, "Azadlıq" qəzetinin maliyyə qaynaqları haqqında suallar verildiyindən, o, müstəntiqə ifadə verməkdən imtina edib.

Faiq Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı da dayanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG