Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

Səid Nuri: «Bu qadağa hakimiyyətə başağrısı gətirəcək» [Video]


Səid Nuri Azərbaycanı niyə tərk edə bilməz?
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Səid Nuri Azərbaycanı niyə tərk edə bilməz?

-

Bakıda səfərdə olan azərbaycanlı mühacir, Amerika vətəndaşlığını qəbul etmiş Səid Nurinin ölkədən çıxışına qadağa qoyulub.

Sentyabrın 4-də Heydər Əliyev Hava Limanından Ukraynaya getmək istəyən Səid Nurini təyyarəyə buraxmayıblar. Rəsmi qurumlar Səid Nurinin ölkədən çıxışına qadağa qoyulduğunu təsdiqləsələr də, bunun səbəbini açıqlamayıblar. AzadlıqRadiosu Səid Nuri ilə müsahibəni təqdim edir:

- Sizin ölkədən çıxışınıza qoyulan qadağanı necə əsaslandırdılar?

- Pasport nəzarətindən keçəndə bildirdilər ki, Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi mənim ölkədən çıxışıma qadağa qoyub. Səbəbini soruşduqda adıçəkilən qurumlara müraciət etməyimi məsləhət gördülər. Onlardan da məlumat ala bilmirəm.

- Siz ABŞ vətəndaşınız. Bundan sonra hansı addımları atmağı düşünürsünüz?

- ABŞ səfirliyini məlumatlandırmışam. Vaşinqtonda da vəziyyəti bilirlər. Vəkil tutub hüquqlarımı müdafiə etməyi düşünürəm

- Ölkədən buraxılmamağınızın səbəbləri haqda hələlik rəsmi məlumat verilmir. Siz özünüz bu qadağanı nə ilə əlaqələndirirsiniz?

- Məncə, bu, siyasi motivlidir. Ancaq dəqiq hansı ittiham olacaq, deyə bilmərəm. Bu, artıq hakimiyyətin fantaziyasına uyğun bir şey olacaq. Mənim atam xəstə idi və ailə üzvlərimi görməyə gəlmişdim. Atamın xəstəliyi ilə bağlı xəbəri alanda mən Ukraynada rəsmi səfərdə idim. Orada Azərbaycan səfirliyinə yaxınlaşdım və viza istədim. Öncə dedilər ki, iki gün ərzində viza veriləcək. Bir həftə keçdi, vermədilər. Sonra bildirdilər ki, Azərbaycanda hansısa qurum mənim ölkəyə gəlməyimi istəmir. Bu haqda Vaşinqtonu, Dövlət Departamentini məlumatlandırdıqdan sonra mənə viza verdilər. Əvvəl ölkəyə buraxmırdılar, indi də ölkədən buraxmırlar...

- Son dövrlər hakimiyyəti tənqid edən bəzi müxalif siyasi fəallar müxtəlif ittihamlarla həbs olunur, yaxud onların ölkədən çıxışına qadağa qoyulur. Sizin də bu aralarda hakimiyyətin xoşuna gəlməyəcək hər hansı fəaliyyətiniz olubmu?

- Mən 2003-cü ildən siyasi proseslərin içindəyəm. Mənim bu hakimiyyətə qarşı mövqeyim həmişə müxalif olub. Ölkədən də siyasi mühacir kimi çıxmışam. Mən öz siyasi fəaliyyətimi kifayət qədər məhsuldar hesab etmirəm. Bilmirəm mənim hansı fəaliyyətim bunları qıcıqlandırıb ki, beynəlxalq qalmaqala səbəb olacaq addım atıblar. Mənə qarşı ittiham nə olacaq, bilmirəm. Rəsmi açıqlama gözləyirəm.

- Gözləntiniz nədir?

- Hər şey ola bilər. İstənilən qərara hazıram, heç nədən qorxmuram. İstər həbs olsun, istər deportasiya. Vəkillərlə məsləhətləşirəm. Ciddi işlər görüləcək. Bu qadağa xırda məsələ deyil, hakimiyyətə başağrısı gətirəcək.

- Baş verənlər səfirliyin reaksiyası necə oldu?

- Səfirlikdə görüşdüm. Onlar aidiyyəti qurumlara müraciət etdilər. Həmin qurumlardan bildirdilər ki, Səid Nuri həm də Azərbaycan vətəndaşıdır, vətəndaşlıqdan çıxmayıb və hansısa qanunları pozub. Deyiblər ki, onun haqqında tədbir görüləcək. Mən Azərbaycana 4-cü dəfə idi gəlirdim. Hər dəfə də məndən viza tələb olunub. Mən Azərbaycan vətəndaşıyamsa, necə olur ölkəyə viza ilə buraxılıram? Qəfildən indi çıxıb deyirlər ki, Azərbaycan vətəndaşıyam. Yəqin ki, yuxarıdan siyasi qərar var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG