Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

Sahibkarın laminatı 3-cü dəfədir gömrükdə saxlanır


-
BROKERİN İCAZƏSİ YOXDURSA...


Türkiyədən laminat gətirən sahibkarın yükü üçüncü dəfədir gömrükdə saxlanır. AzadlıqRadiosuna danışan Vüsal Hacıyevin gətirdiyi yük “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsində aprelin 27-də saxlanıb. Dediyinə görə, gömrüyün əsas iradı yenə də sənədləri ilə bağlıdır:

“Yenə eyni məsələni qaldırırlar, invoice sənədi var, deyirlər, əsli deyil, surətidir. Deyirəm “ötən dəfə də eyni məsələni qaldırdınız, daha sonra malı buraxdız”. Bütün sənədlərim əsldir, surət deyil”.

Bundan əvvəl Vüsal Hacıyevin İzmirdən gətirdiyi laminat martın 11-də həmin keçid məntəqəsində saxlanmışdı. Bir neçə gündən sonra yük buraxılmışdı.

Sahibkarın sözlərinə görə, malın buraxılmamasını brokerin icazəsinin olmaması ilə izah edirlər:

24 MİNƏ 15 MİN MANAT

“Deyirlər gərək broker bizə icazə versin. Yoxsa malı buraxmayacağıq, ləngidəcəyik. Gününə də cərimə yazır. Keçən dəfə cənab prezidentdə, Gömrük Komitəsinin sədri Aydın Əliyevə müraciət etdik”.

Türkiyədən gətirilən yükün həcmi 24 tondur. Vüsal Hacıyev gömrüyə etdiyi müraciətlərin də nəticəsiz qaldığını bildirir. Ancaq o, gömrükdən mal keçirməyin digər yollarından da xəbərdar olduğunu sözlərinə əlavə edir:

“Başqa yolu odur ki, onlarla razılığa gəlirsən, malı bir şərtlə buraxırlar ki, “bizim də malları sat, kvadratına da 3-4 manat ver”. 24 tona 15 minə yaxın pul edir. Gündə 150 manatdan da maşının cəriməsidir. Ötən dəfə 1.500 manat cərimə ödədim. Türk sürücü də hər gün zəng edir ki, nə oldu. Baxır, ölkə barədə düzgün rəy yaranmır onda”.

GÖMRÜK DEYİR Kİ...

“Sınıq Körpü” Gömrük Keçid Məntəqəsi və Dövlət Gömrük Komitəsindən hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Yazının dərcindən bir neçə gün sonra Dövlət Gömrük Komitəsinin “192” Çağrı Mərkəzindən AzadlıqRadiosuna bildirdilər ki, sahibkarın sənədləri qaydasında deyil:

“20 gün qabaq da mal gətirmişdi, sənədləri qaydasında deyildi. Yenə də malını buraxdılar. Özü də bu gün (aprelin 30-da-red.) bizə 3-4 dəfə zəng vurub. Araşdırıb məlumat verəcəyik”.
XS
SM
MD
LG