Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

"Vergilər nazirinin müşaviri məhkəməyə gəlsin!"


Saday Şəkərli
Saday Şəkərli

►"Əgər gəlməsə, barəsində məcburi gətirilmə qərarı çıxarılsın"

Şair Saday Şəkərli Vergilər nazirinin müşaviri Asif Cahangirovun şikayəti əsasında həbs olunub.

Şairin ondan rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etdiyini deyən Cahangirov bu cinayət işi üzrə əsas şahidlərdən biridir. Amma özü bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclaslara gəlmir.

Aprelin 6-da keçirilən məhkəmə iclasında hakim Əfqan Hacıyev Asif Cahangirovun məhkəməyə göndərdiyi teleqramı elan edib.

Cahangirov yazır ki, səhhətindəki problemlərlə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcək. Hakim qeyd edib ki, Asif Cahangirov səhhətində problemlər olduğunu bildirsə də, məhkəməyə bunu təsdiqləyən tibbi arayış təqdim etməyib.

“SÜBUTLARINI ORTAYA QOYSUN”

Saday Şəkərlinin vəkili Bəhruz Bayramov Asif Cahangirovun məhkəməyə qatılmamasına etirazını bildirib:

"Saday Şəkərli onun ərizəsi və ifadəsi əsasında tutulub və onu 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Asif Cahangirovun iştirakı olmadan mümkün deyil. Mən sonrakı prosesdə, çox güman ki, Vergilər naziri Fazil Məmmədovun da gəlib şahid kimi dindirilməsi barədə vəsatət verəcəm. Əgər biz obyektiv və ədalətli hökm çıxarılmasını istəyiriksə, yüz faiz Asif Cahangirov gəlib ifadə verməlidir. Məsələlərin mahiyyətinin aydın olması üçün Asif Cahangirov məhkəməyə məcburi gətirilməlidir. Əgər gəlməsə, biabırçılıq olacaq. Şahid məhkəməyə məcburi gətirilsin".

Saday Şəkərli də şahid Asif Cahangirovun məhkəməyə məcburi gətirilməsini istəyib:

"Burada mənim taleyim həll olunur. Zəhmət çəkib gəlsin, sübutlarını ortaya qoysun".

Dövlət ittihamçısı Abusalam Heydərov da Asif Cahangirovun işdə şahid olduğunu qeyd edərək, məhkəmədə iştirakının vacib olduğunu deyib. Bununla belə, o, Cahangirovun bir daha məhkəməyə rəsmi bildirşlə çağırılmasını, əgər yenə gəlməsə, ondan sonra barəsində məcburi gətirilmə qərarının çıxarılmasını təklif edib.

___________________________________________________________

Bunlara da bax:
Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]
"Cəbhədəki əsgərlərə dəstək" aksiyası

___________________________________________________________

“İFADƏSİ VAR”

İş üzrə zərərçəkmişin nümayəndəsi qismində iştirak edən Vergilər Nazirliyinin əməkdaşı Ramil Nəcəfov isə Asif Cahangirovun məcburi gətirilməsinə ehtiyac olmadığını deyir:

"İş materiallarında onun ifadəsi var, əgər ehtiyac olarsa, ifadəsini təsdiq edə bilər".

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası qərara alıb ki, Asif Cahangirov bir daha məhkəməyə rəsmi bildirişlə çağırılsın, əgər gəlməsə, barəsində məcburi gətirilmə qərarı çıxarılsın.

Məhkəmə iclasında hal şahidləri - Seymur Həsənəliyev və Vüsal Sofibəyov dindirilib. Dindirmə zamanı məlum olub ki, onlar iş yoldaşıdır. Dediklərinə görə, Vergilər Hazirliyinin yanındakı parkda gəzərkən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları onlara yaxınlaşıb, hal şahidi olmağı təklif ediblər. Onlar da razılaşıblar.

“CƏBHƏDƏ OLMALISAN”

Vüsal Sofibəyov dindirilərkən Saday Şəkərli ilə onun arasında belə bir sual- cavab olub:

– Sən mənim cibimdən pulun çıxmasını gördünmü?

– Gördüm.

– Yalan deyirsən, sən görməmisən.

– Mən gördüyümü deyirəm.

– Bala, sən indi cəbhədə olmalısan. Şairin üzünə durmalı deyilsən...

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

Saday Şəkərli dekabrın 23-də həbs olunub. Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə təqsirləndirilən şairə qarşı CM-nin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb.

Saday Şəkərli isə ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə Vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Buna da bax: Saday Şəkərlinin şeirləri

XS
SM
MD
LG