Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

►“Hələ çox şeyləri açıb demirəm burda. "Nəhayət"i gözləyirəm.

Bu adamların qəti fikrini gözləyirəm, ondan sonra Prezidentə, onun yaxınlarına, ona sədaqətli insanlara müraciət edəcəm. Ailəmə hədə-qorxu, təhdidlərin hamısını deyəcəm”

Həbsdə olan şair Saday Şəkərli Vergilər naziri Fazil Məmmədov və onun müavini Namiq Əliyevin məhkəmədə dindirilməsini tələb edir. Şairin vəkili Bəhruz Bayramov aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıb.

“NAZİR ÜÇÜN DƏ QANUNLAR VAR”

"Mən Azərbaycan reallığını yaxşı başa düşürəm. Qardaşım İspaniyada yaşayır, özü də hüquqşünasdır. Bir məhkəmə prosesində kralın qızı barədə vəsatət verdi ki, gəlib şahid kimi ifadə versin, vəsatət təmin edildi və o da gəldi. Yəni nazir də olsa, Azərbaycan Respublikasının qanunları var. Obyektiv araşdırma aparılması baxımından onların dindirilməsi çox vacibdir", - deyə vəkil bildirib.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətin baxılmamış saxlanılmasına qərar verib.

Məhkəmə iclasında həmçinin Saday Şəkərli həbs edilərkən Vergilər nazirinin müşaviri olmuş, hazırda isə nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışan Asif Cahangirov şahid qismində dindirilib. O, şairin həbsində əsas fiqurdur.

___________________________________________________________

Bunlara da bax:
Avropa Oyunlarındakı avtobus qəzası üzrə məhkəmə başlandı
Qaz idarəsinin işçiləri niyə döyülür?

___________________________________________________________

“10 MİN MANAT VERDİLƏR”

Asif Cahangirov ifadəsində bildirib ki, ötən il dekabrın 23-də işə başı qarışdığından bir müddət telefonuna gələn zənglərə cavab verməyib. Qəbul etmədiyi zənglərdən birinin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün həmin nömrəyə zəng edib:

"Telefona cavab verən şəxs özünü Saday Şəkərli kimi təqdim etdi, yazıçı olduğunu dedi. Bildirdi ki, Vergilər Nazirliyinin rəhbərliyi barədə onda rüsvayedici məlumatlar var və onları mətbuatda yayacaq. Bununla hədələyərək, pul tələb etdi. Mən bu barədə Vergilər nazirinin müavini Namiq Əliyevə məlumat verdim. O, hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət gördü və mən ərizə ilə Baş Prokurora müraciət etdim. Bundan sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirmək məqsədilə mənə 10 min manat verdilər. Mən də Saday Şəkərliyə zəng vurdum. O, gələcəyini dedi. Təxminən saat 19:30-da onunla iş otağında görüşdüm, pulu ona verdim. O, pulu götürüb pencəyinin cibinə qoydu, bu zaman prokurorluq əməkdaşları və hal şahidləri otağa daxil oldular".

Asif Cahangirov vəkillərin suallarını cavablandırarkən söhbətin hansı rüsvayedici məlumatlardan getdiyini izah edə bilməyib.

“MƏNİ ÖLÜMƏ GÖNDƏRİRSİZ”

Vəkil Bəhruz Bayramov bildirib ki, Asif Cahangirovun məhkəmədə dediklərilə istintaqa ifadəsi arasında ziddiyyətlər var. Müdafiəçi həmçinin Saday Şəkərlinin telefon nömrəsində ümumiyyətlə, zəng üçün kontur olmadığını bildirib və birinci şairin ona zəng etməsinin mümkünsüz olduğunu vurğulayıb.

Saday Şəkərli də Asif Cahangirovun yalan danışdığını deyib:

"Niyə yalan ifadə verirsiniz? Başa düşürəm, siz nazirliyin göstərişini yerinə yetirməlisiniz. Amma nahaqdan üzə durmaq şəxsiyyətsizlikdir. Siz məni ölümə göndərirsiz, 15 ilə qədər iş düşür mənə. Mən haqq-ədalətə nail olmaq istəyirəm. Mən sizə zəng eləməmişəm, siz zəng eləmisiz. Mənim o nömrəm bağlıdır, işlətmirəm, kontur da yoxdur. Niyə mənə zəng edib çağırtdırmışdız? Nə istəyirsiz məndən?"

Vəkil Bəhruz Bayramov Saday Şəkərlinin həbsindən az öncə çapdan çıxmış sonuncu kitabı "Qurd ürəyi"nin əvvəlində Saday Şəkərlinin Vergilər naziri Fazil Məmmədova dəstəyə görə minnətdarlıq yazdığını xatırladıb:

"Bu adam Vergilər nazirinə şeir həsr edirsə, kitabının üz qabığında ona təşəkkür edirsə, necə hədə-qorxu gələ bilər ona?"

““NƏHAYƏT”İ GÖZLƏYİRƏM”

Saday Şəkərli kitab məsələsinə də aydınlıq gətirib:

"Eşitmişdim ki, Fazil müəllim şeirlərimin oxucusudur. Mən də kitablarımdan verirdim. Məni hər dəfə Asif Cahangirov qəbul edib, kitabları götürüb. Hələ çox şeyləri açıb demirəm burda. "Nəhayət"i gözləyirəm. Bu adamların qəti fikrini gözləyirəm, ondan sonra Prezidentə, onun yaxınlarına, ona sədaqətli insanlara müraciət edəcəm. Təhlükəsizliyimi təmin eləsinlər. Ailəmə hədə-qorxu, təhdidlərin hamısını deyəcəm".

Məhkəmə aprelin 27-də davam edəcək.

Vergilər Hazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə təqsirləndirilən şairə qarşı CM-nin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb. Saday Şəkərli isə ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə Vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Buna da bax: Elçibəy: Heydər Əliyev fəhlə oğludur, ölkənin yarısı ondan qorxur

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

Günün bütün mövzuları

XS
SM
MD
LG