Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:03

Şirinbəy kəndində polis xofu


►Sakinlər: İki gündür polislər kənddə dolaşır

“Yolu yalnız məmurlar, dövlətlilər yaşayan tərəfə çəkirlər. İndiyədək iki dəfə yolu kəsmişik. İndi də polisi üstümüzə salırlar ki, üçüncü dəfə yol kəsməyək. Bəs biz səsimizi necə çatdıraq? Axı bizi adam yerinə qoymurlar...”

Saatlının Şirinbəy kəndinin sakinlərini narahat edən məsələ odur ki, kəndin yeni yaşayış evləri salınmış hissəsinə yol çəkilir, köhnə evlər olan hissəsinə yox. Kənd sakini Tofiq Əmirov AzadlıqRadiosunun “Qaynar xətt”inə deyir ki, asfalt döşənən yol adamı məmurların yaşadıqları villaların üstünə aparıb çıxarır:

“Bu kəndə gələn yolun ümumi uzunluğu 6,5 kilometrdir. 15 gündür ki, ağır texnikaları töküb yolun cəmi 4 kilometr hissəsinə asfalt döşəyirlər. Asfalt tökdükləri yol yalnız yeni salınmış əraziyə qədərdir. Ordan bu tərəfə – yəni biz tərəfə qalan 2,5 kilometr yolu isə təmir etmirlər. Səbəb də odur ki, bu tərəfdə yaşayan əsasən kasıb təbəqədir, bu kasıb təbəqə elə bərbad yolla da gedib gələ bilər”.

Sakin deyir, kəndin asfalt çəkilməyən hissəsində 2 min 400-dək sakin yaşayır. Yerli qurumların ayrı-seçkilik prinsipinə etiraz edən həmin sakinlərin təqribən 700 nəfəri iki dəfə kəndin kənarından keçən əsas yolu bağlamaqla etirazlarını bildiriblər:

“BİZİMLƏ BƏRABƏR DAVRANSINLAR”

“Hər dəfə polisi tökürlər üstümüzə. İki gündür kənddə polislər dolaşır, adamlara təzyiq göstərirlər ki, etiraz səslərini çıxarmasınlar. Bizsə bu asfalt gəlib kəndə çıxmayınca səsimizi kəsməyəcəyik. Hər cür aksiyaya əl atacağıq ki, bizimlə bərabər davransınlar. O tərəfə yol çəkilirsə, biz tərəfə də çəkilsin”.

Kəndin digər sakini Nizami Orucov deyir, kənddə ümumilikdə 5 min əhali yaşayır. Yol təmiri bu əhalinin 2 min 100 nəfəri yaşayan hissəsinə düşür. Yerdə qalan əhali də yol tələb edir.

Sakinlərin narazılığı təkcə yol çəkilişi ilə bağlı deyil. Onlar həm də çoxdandır ki, yarımçıq qalmış qaz xətti çəkilişinin başa çatdırılmasını tələb edirlər.

“NÖVBƏLİ ŞƏKİLDƏ TƏMİR OLUNUR”

Saatlı rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, regionların sosial inkişafı proqramına əsasən, kənd yollarının abadlaşdırılması işləri çərçivəsində Şirinbəy kəndinin yolları təmir olunur. Əvvəl yolun bir, qısa fasilədən sonra digər hissəsi təmir olunacaq:

“O ki qaldı məhəllədaxili yollara, bu, bələdiyyənin işidir. Ümumi yollarsa növbəli şəkildə təmir olunur. Sakinlərin sözlərinin heç bir əsası yoxdur. Yol çəkilən hissədə də eyni şəraitdə yaşayan sakinlərdir. Heç kəsin heç kəsdən üstünlüyü yoxdur ki, birinə yol çəkək, o birinə yox...”

İndi sakinlərə, sadəcə, işin sonunu gözləmək qalır.

Saatlı rayon polis şöbəsindən isə "Qaynar Xəttə bildiriblər ki, Şirinbəy kəndinə heç bir əməkdaşı təhkim etməyiblər.

XS
SM
MD
LG