Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:12

'Saakashviliyə burda yaxşı kamera hazırlamışıq'


Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili
Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili

İnternetdə Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili və partiyasıyla bağlı gizli səs yazısı ortaya çıxıb. Səs yazısı yayılar-yayılmaz Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bunun dövlət çevrilişinə cəhd olub-olmadığını araşdırmağa başlayıb.

Səs yazısını YouTube-a sentyabrın 26-da anonim istifadəçi yükləyib. İki dəqiqə yarımlıq səs yazısı Saakashvili və onun Vahid Milli Hərəkat Partiyasından olan beş deputata aid olduğu iddia edilən telefon söhbətindən ibarətdir.

Söhbətdə oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərində məğlub olacaqları təqdirdə partiyanın necə hərəkət etməli olduğu müzakirə edilir.

Buna da bax: Gürcüstanda seçkilərqabağı gizli silah anbarları aşkarlanıb

Həmin müzakirədə iki variant təklif olunur. Ya müxalifətin koalisyon hökumət qurması, ya da seçkilərin nəticələrinin etibarsız sayılması üçün uzunmüddətli kütləvi etirazlara başlanması. Saakashvili olduğu iddia edilən şəxs birinci variantla razılaşmır.
Deputat Gigi Tsereteli olduğu iddia edilən şəxs isə bunun üçün seçkilərin inqilabi əhval-ruhiyyədə keçməsinin, bu məqsədlə insanları cuşa gətirməyin zəruri olduğunu söyləyir.

Saakashvili: “Səs yazısı saxtadır”

Saakashvili artıq özünün Facebook səhifəsində səs yazısının saxta olduğunu bildirib.Bunun sabiq baş nazir Bidzina İvanishvilinin qaçılmaz məğlubiyyətinin qarşısını almaq üçün son cəhdi kimi qiymətləndirib. İvanishvilinin “Gürcüstan Arzusu” – Demokratik Gürcüstan partiyası hakimiyyətə 2012-ci il seçkilərində məhz Vahid Milli Hərəkatı məğlub edərək gəlmişdi.

Sözügedən audioda səsi eşidildiyi güman olunan başqa bir millət vəkili Petre Tsiskarishvili isə deyib ki, Dövlət Təhlükəsizlik Xidməti onların ayrı-ayrılıqda qanunsuz lentə alınmış səslərini sonradan bir araya gətirərək, dəyişdirib altılığın söhbəti kimi hazırlayıb.

Bu səs yazısı ilə bağlı Vahid Milli Hərəkat Partiyasıbəyanatla çıxış edib. Ölkədə destabillik yaratmaq kimi planının olmadığını bildirib. Qalmaqalda adı keçən başqa bir deputat Akaki Bobokhidze ilərzində Saakashvili ilə hər hansı telefon danışığının və ya şəxsi görüşünün olmadığını söyləyib.

Buna da bax: Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb...

DTX çevrilişə hazırlıq ittihamı ilə cinayət işinə başlayıb

Audionun həqiqiliyi şübhə doğursa da, onun yayılmasının səhəri günü Dövlət Təhlükəsizlik Xidməti çevrilişə hazırlıq ittihamı ilə cinayət işinə başlayıb. Elə həmin gün Akaki Minashvili Nugzar Tsiklauri dindirilməyə çağırılıb.

Daha iki deputat – Tsiskarishvili və Tsereteli isə sentyabrın 28-də ifadə vermək üçün dəvət olunub.

Lakin onların heç biri ifadə verməyə getməyib. Rustavi-2 telekanalının məlumatına görə, Minashvili və Tsiklauri yalnız müstəntiqlərin onlarla söhbət etməyə gələcəkləri təqdirdə ifadə verməyə razı olduqlarını bildiriblər.

Dövlət Təhlükəsizlik Xidməti istintaqa kömək etmək üçün bütün aidiyyəti xarici dövlətlərə də müraciət olunduğunu bildirib. Güman olunur ki, bu müraciət ilk növbədə Ukraynaya ünvanlanıb.

Çünki Saakashvili hazırda Ukrayna vətəndaşı olmaqla yanaşı həm də Odessanın qubernatorudur.

Sandra Roelofs deyib ki, əri seçkilərin səhəri günü qələbəni qeyd etmək üçün Gürcüstana gələcək.

Maraqlıdır ki, sentyabrın 26-da audionun internetdə yayılmasından bir neçə saat əvvəl Saakashvili Facebook vasitəsilə Gürcüstandakı tərəfdarları ilə canlı bağlantı quraraq, seçkilərdə onların mütləq qələbə qazanacaqlarını bildirmişdi.

Rəy sorğuları göstərir ki, seçicilərin çoxu hazırkı hakimiyyəti istəməsələr də, Vahid Milli Hərəkatın da hakimiyyətə qayıtmasına o qədər xoş baxmır.
Hazırkı prezident Giorgi Margvelashvili səs yazısına münasibət bildirərkən, Saakashvilini seçki kampaniyasına müdaxilə etməməyə çağırıb.

Rusiya mediasının məlumatına görə, Saakashvilinin arvadı Sandra Roelofs seçki kampaniyası çərçivəsində Zugdidi rayonunda çıxışında deyib ki, əri seçkilərin səhəri günü qələbəni qeyd etmək üçün Gürcüstana gələcək. Buna cavab olaraq, daxili işlər naziri Gürcüstan torpaqlarına ayağı dəyən kimi Saakashvilinin həbs ediləcəyini bildirib.

“Ona burda yaxşı kamera hazırlamışıq”, -- sabiq baş nazir İvanishvilinin reaksiyası isə belə olub.

XS
SM
MD
LG