Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

►“Şöbə rəisinin məndən rüşvət istəməsi barədə Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət etdim. Əməliyyat quruldu..."

Bu yaxınlarda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin rəisi Oqtay Quliyev rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Onunla bərabər şöbənin baş məsləhətçisi Yusif Dadaşov da mühakimə edilib.

Hər ikisi Salyan rayonu, Kürqaraqaşlı kəndinin sakini Mahir Baxışovun şikayəti ilə tutulub.

“ŞÖBƏ RƏİSİ MƏNDƏN 10 MİN MANAT İSTƏDİ”

Mahir Baxışov məhkəmədə bildirib ki, yaşadığı evin yaxınlığında, dövlət mülkiyyətində olan 120 kvadratmetr boş torpaq sahəsi yerləşib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsini istəyib:

“Şöbə rəisi məndən 10 min manat istədi. Bu pulun müqabilində həmin torpaq sahəsinin adıma ayrılması üçün icra hakimiyyəti başçısının sərəncamı və tikinti işlərinin aparılmasına razılığı alınmalı idi. Şöbə rəisinin məndən rüşvət istəməsi barədə Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət etdim. Əməliyyat quruldu...”

Oqtay Quliyev 4 fevral 2013-cü ildə şöbənin Salyan şəhərindəki inzibati binasında Yusif Dadaşovun xidməti otağında Mahir Baxışovdan pulu alarkən əməliyyatçılar otağa daxil olublar.

Buna da bax: İran Müqaviməti azərbaycanlıların etirazlarını dəstəkləyib

APELLYASİYA TƏMİN OLUNMAYIB

Keçmiş şöbə rəisi məhkəmənin 8 illik həbs hökmü ilə razılaşmayıb. Cəzanın yüngülləşdirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.

Şikayətə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılıb.

Təqsirləndirilən şəxsin vəkili Nizami Abbasov məhkəmədən azadlıqdan məhrumetmə cəzasının şərti cəza ilə əvəz olunmasını istəyib. Bunu müvəkkilinin 10 il əvvəl keçirdiyi avtomobil qəzasından sonra səhhətindəki problemlərin hələ də qalması ilə əsaslandırıb. Məhkəmə isə apellyasiya şikayətini təmin etməyib.

Keçmiş şöbə rəisi Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Bu şikayət də təmin olunmasa, şöbə rəisi 8 il həbsdə qalacaq.

XS
SM
MD
LG