Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

►“Yəni deyirsiniz, Avropa Şurası bu dərəcədə qanunsuz proseslərə əl atardı?”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov italyan mətbuatının iddialarına cavab olaraq AzadlıqRadiosuna danışıb.

– Səməd müəllim, italyan mətbuatının iddialarına görə, Azərbaycan hökuməti 3 il öncə deputat Christoph Strasserin siyasi məhbuslarla bağlı hesabatının qəbul edilməməsindən ötrü AŞPA-nın sabiq sədr müavini Luka Volentiyə rüşvət verib. Nümayəndə heyətinin rəhbəri kimi bu iddialar haqda nə deyə bilərsiniz?

– Təəssüflər olsun, Avropa Şurasında Azərbaycana qarşı müxtəlif qüvvələr işləyir və əminəm ki, onlar işlərini bundan sonra da davam etdirəcəklər. Yadınızdadır, bir neçə müddət əvvəl “kürü diplomatiyası” adı altında Azərbaycana hansısa təzyiqlər göstərmək istəyirdilər. İndi də hardasa hansısa bir cinayət işi açılıb-açılmayıb, aparılır-aparılmır, bundan dərhal istifadə edirlər. Biz bilirik bunlar nəyə görədir. Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlarda nə qədər çox möhkəmlənəcəksə, bunun qarşısını almaq üçün əks qüvvələr müxtəlif yollardan -“rüşvətxorluq”dan, “kürü diplomatiyası”ndan, lobbiçilikdən istifadə edəcəklər.

– Amma mətbuatda köçürmələrin konkret hansı ünvanlardan edildiyi göstərilir.

– Mən nə prokuroram, nə də müstəntiq. Bir məsələni təsdiq edə bilərəm ki, bir neçə müddət öncə “kürü diplomatiyası” ilə bağlı hətta deputatların şəkillərini də ortaya qoymuşdular. O deyilənlər nəinki yalan çıxdı, hətta həmin deputatlar bu gün Avropa Şurasına rəhbərlik edən şəxslərdir. Yəni deyirsiniz, Avropa Şurası bu dərəcədə qanunsuz proseslərə əl atardı? Heç vaxt. Bilirdilər ki, bu insanlar nüfuzludur, Azərbaycan həqiqətlərini başa düşürlər və ona görə başladılar onlara zərbə vurmağa. Mən bunun siyasi tərəfi haqda danışa bilərəm. Ancaq o ki qaldı deyirsiniz, “faktdı, odu-budu”, ünvanı səhv salırsınız.

____________________________________________________________

Bunlara da bax:
Qənimət Zahidin qohumlarına 6 il həbs verildi
'Qohum, pul ver, biznes qurum'

____________________________________________________________

– Səməd müəllim, konkret olaraq, başçılıq etdiyiniz nümayəndə heyətində iki deputatın adı hallandırılır: Elxan Süleymanov, Müslüm Məmmədov. Onların Azərbaycan hakimiyyəti adından rüşvət verdikləri iddia edilir. Siz bu faktı təkzib edirsinizmi?

– Ha-ha-ha (ironiya ilə gülür). Bir neçə müddətdir mənim adımdan, nümayəndə heyətinin üzvləri adından müxtəlif uydurmalar yayılır. Mən bir də deyirəm ki, nümayəndə heyətinin hər bir üzvü Avropa Şurasında Azərbaycanın maraqlarını müdafiə edir və bu müdafiə heç də asan deyil. Fəaliyyətimiz nə qədər çox göz önündə olacaqsa, bizə bir o qədər çox zərbə vurulacaq. Nümayəndə heyətinin hər bir üzvü aktiv, bacarıqlı, yüksək səviyyəli insanlardır. İndi hansısa erməni saytı, ya başqaları bizi ittiham edirlərsə, o demək deyil ki, bu həqiqətdir. Bir daha deyirəm ki, bu hücumlar nümayəndə heyətinin müsbət fəaliyyəti ilə bağlıdır.

– Nümayəndə heyətinin üzvü Rövşən Rzayev AzadlıqRadiosuna deyib: “AŞPA-da elə hücum yoxuydu və ya heç ehtiyac yoxuydu ki, kiməsə o qədər məbləğdə rüşvət verəsən”. Dərhal sual yaranır: ehtiyac olsaydı, bu rüşvət veriləcəkdimi?

– Hansısa sözü kontekstdən çıxarıb istifadə etmək lazım deyil. Rövşən müəllim bizim nümayəndə heyətinin ən aktiv üzvlərindəndir, Dağlıq Qarabağ icmasının nümayəndəsidir. Onun sözünü təhrif etmək lazım deyil. Biz onun sözü ilə desək, hansısa rüşvətə, qanunsuz fəaliyyətə əl atmamışıq, əl atmağa ehtiyac da görmürük.

– Madam ki, belədir, Azərbaycan hakimiyyəti niyə həmin mətbuatdan təkzib tələb etmir və ya araşdırma apararaq bu məsələnin əslini-kökünü öyrənmir?

– Azərbaycan hökumətini niyə bu dərəcədə alçaldırsınız, başım çıxmır. Hansısa şayiə yayılacaq, hansısa mətbu orqanı erməni lobbisi rüşvətlə alacaq, o, onların öz işidir. Azərbaycan hakimiyyətinin, iqtidarının, o cümlədən nümayəndə heyətinin fəaliyyəti kiminsə işini ifşa etmək, hansısa məsələni araşdırmaqdan ibarət deyil, Azərbaycan maraqlarını müdafiə və ona yönəlmiş hücumları dəf etməkdir. Biz ən əsas problemin – Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurasında müzakirəsinə nail olmuşuq, Azərbaycan torpaqlarının işğal altında olmasını sənədlərə yazdırmışıq. Elə bilirsiz asandır? Ona görə də indi başqa tərəf Azərbaycana qarşı normal, sivil, dünyada qəbul edilmiş qaydalar əsasında müharibə apara bilmədiyindən belə hiyləgərliyə əl atır. Ona görə dövlətin bu istiqamətdə açıqlaması yaraşmaz. Bu iddialardır, dərhal buna dövlətmi cavab verməlidir?

– Sizcə, bu cür iddialar siyasi hakimiyyətin və ya dövlətin imicinə zərbə deyilmi? Onun nüfuzunu qorumaq gərək deyilmi?

– Bu gün Azərbaycan dövləti millətin maraqlarını ən yüksək səviyyədə qoruyur. Bunu Azərbaycanın beynəlxalq təşkilatlardakı nüfuzu, cəbhədəki uğurları, iqtisadiyyatı göstərir. Üzr istəyirəm, it hürər, karvan keçər. Bunların əllərində yol, arqumentlər qalmadığından bu cür xoşagəlməz üsula əl atırlar. Az sonra ortaya hansısa qalmaqal çıxsa, şəkillər qoyulsa, təəccüblənmərəm. Bu, Azərbaycan dövlətini, millətinin nüfuzunu alçaltmaq üçündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG