Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

«The Washington Post» qəzeti Rusiyanın təbliğat kampaniyasının «uğurlarından», saxta informasiya axının böyük sonuclarından yazır.

Müstəqil ekspertlərin fikrincə, Rusiya təbliğat kampaniyasını getdikcə məharətlə aparır, saxta informasiya yaymaqla ictimai rəyə təsir göstərə bilir. Bu seçki dövründə məhz təbliğat maşınını işə salmaqla Rusiya Amerika demokratiyasına inamı sarsıda bilib, demokratların namizədi Hillary Clinton-u cəzalandırıb, onun rəqibi Donald Trump-ın seçilməsinə yardım edib. Bəzi müstəqil araşdırmaçılar belə düşünür.

SAXTA İNFORMASİYA NƏLƏRƏ QADİRMİŞ

Qəzet yazır ki, D.Trump-ın qələbəsində təbliğat kampaniyasının həlledici rol oynadığını demək çətindir. Amma müşahidəçilərin dediyinə görə, Rusiyanın təbliğat maşını – internetdə muzdla fəaliyyət göstərən təxribat dəstələri – trollar, sosial media hesabları, sayt şəbəkələri seçki dövründə H.Clinton haqda neqativ yazılardan söz açmaqla onun qorxunc obrazını yaratmağa çalışıb, eyni zamanda beynəlxalq gərginliyin son dərəcəyə çatması, nüvəylə silahlanmış Rusiyayla düşmənçiliyin qorxulu olması fikrini təbliğ edə bilib.

«The Washington Post» səriştəli hakerlərin ABŞ-ın bir neçə ştatında seçki rəsmilərinin kompüterlərinə nüfuz etdiyini, bəzi məktubları üzə çıxararaq H.Clinton-un reytinqini azaltmağa nail olduqlarını xatırladır.

Xarici Siyasəti Araşdırma İnstitutunun əməkdaşı, Rusiya propaqandasını 2014-cü ildən izlədiyini deyən Clint Watts-un fikrincə, məqsəd ABŞ hökumətinə, onun maraqlarına etimadı azaltmaqdır: «Soyuq müharibə dövründə də bu cür hərəkət edirdilər. Amma sosial media olmadığından o vaxt bu iş çətin idi».

Propaqanda. Karikatura

Propaqanda. Karikatura

EYNİ ŞƏXSİN HESABLARI

Mütəxəssislərin dediyinə görə, Rusiyanın öz taktikalarını təkmilləşdirməsi Facebook və Google kimi onlayn xidmətlərin də saxta informasiyaların öhdəsindən gəlmək cəhdlərini əngəlləyə bilər.

Analitiklər araşdırma apararkən, Twitter-də bəzi statusların mənbəyini, oxşar ismarışlar göndərən sosial hesabların bağlılıqlarını tapmağa çalışıblar. Çox vaxt belə fərqli hesabların eyni şəxslərə məxsusluğu ortaya çıxıb. Bəzənsə eyni fikirlər və ya eyni cümlələrin saytlar və sosial mediada sürətlə təkrarlanması hesab sahiblərinin bir şəbəkəyə xidmət etdiyini, ya da hesabların bir şəbəkə tərəfindən idarə olunduğunu aşkarlayıb.

Analitiklərin «The Washington Post»a göndərdiyi hesabatdan bəlli olur ki, ABŞ-da seçki zamanı Rusiya propoqandasına işləyən 200-dən çox saytı, azı, 15 milyon amerikalı izləyib. Dezinformasiya kampaniyası həmin saytların yaydığı məlumatların Facebook-a çıxmasını uğurla təmin edib. Belə ki, Facebook-da belə yazıların yayılması hallarına 213 milyon dəfədən çox rast gəlinib.

V.Putin RT-nin Moskva ofisində.

V.Putin RT-nin Moskva ofisində.

EMOSİONAL TƏSİR

Araşdırma göstərir ki, bəzi istifadəçilər bilərəkdən, çoxları isə bilməyərəkdən bu onlayn təbliğat maşınının vasitəsinə çevrilirlər.

Rusiyanın saxta təbliğat maşını kimi daha çox RT telekanalının və «Sputnik» informasiya agentliyinin adı çəkilir. Hər iki orqanı Rusiya hökuməti maliyyələşdirir. RT müxtəlif dillərdə informasiya yayan televiziya kanalı kimi tanınsa da, ekspertlər onun ABŞ auditoriyasına onlayn nüfuz etdiyini deyirlər. Ekspertlərin dediyinə görə, hər iki orqan izləyiciləri ona emosional baxımdan daha çox təsir edən, daha çox səs-küyə səbəb olan «gizli» bilgiləri «üzə çıxarmaqla» cəlb edib. Bu orqanlar çox vaxt saxta məlumatlar yaymaqla, hakerlərin əldə etdiklərindən danışmaqla gizli qüvvələrin dünyanı idarə etməsi təəssüratını yaratmağa çalışıblar.

Bu informasiya kanallarının D.Trump-ın təbliği, onun rəqiblərini zəiflətmək cəhdləri ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael A.McFaul-un da gözündən yayınmayıb. D.Trump-ın qələbəsinin Rusiyada sevinclə qarşılandığını isə hamı görüb. M.A.McFaul-un fikrincə, ABŞ-da ikitirəlik yarada bilmiş təbliğat maşınının belə böyük nəticə əldə edəcəyini bəlkə də Moskva özü də gözləmirmiş.

İDEOLOGİYA MÜHARİBƏSİ

«The Washington Post» bir maraqlı məqamı qeyd edir. 2011-ci ildə Rusiya prezidenti V.Putin-in partiyası seçki nəticələrini saxtalaşdırmaqda günahlandırılmış, Rusiyada kütləvi etiraz aksiyaları olmuşdu. O zaman V.Putin bu aksiyalara görə B.Obama administrasiyasını, ovaxtkı dövlət katibi H.Clinton-u qınamışdı. 2013-cü ildə RT mərkəzində çıxışında isə V.Putin «qlobal informasiya axınında anqlo-saksonların monopoliyası»na son qoymaq arzusunu dilə gətiribmiş.

«Bu onlar üçün bir müharibədir. İdeologiya müharibəsi, iki sistemin toqquşmasıdır. Onlar öz aləmlərində Qərbin Rusiyaya elədiyini eləmək istəyirlər». Bunu Corc Vaşinqton Universitetində araşdırmalarla məşğul olan keçmiş rus jurnalisti Sufian Zhemukhov «The Washington Post»a müsahibəsində deyib.

Rusiyanın təbliğat kampaniyasını izləyən mütəxəssislər ABŞ-ın xarici propaqandanı əngəlləməkdən ötrü çox az vasitəyə malik olmasından narahatdırlar. Onlar Rusiyanın təbliğat maşınının gücünü göstərən detallı araşdırmanın Vaşinqtonu tərpədəcəyinə, ciddi tədbirlər görməyə vadar edəcəyinə ümidlidirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG