Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:24

Rusiyada hər gün 270 nəfər HİV-ə yoluxur


Foto: arxiv
Foto: arxiv

Bu təhlükəli virusun törətdiyi Qazanılmış İmmun Çatışmazlığı Sindromundansa (QİÇS və ya ingiliscə qısaltması AIDS)hər gün 60 nəfər ölür

Rusiyanın Yekaterinburq şəhərinin sakinləri arasında hər 50 nəfərdən biri immun çatışmazlığı virusuna yoluxub (ingiliscəsi “Human Immunodeficiency Virus”, qısaltması – HIV-dir.“İnsan İmmunçatışmazlıq Virusu” deməkdir. Qısaltması –İİV –red.). Bu, artıq virusa yoluxmanın epidemiya halı aldığını göstərir.

Şəhər səhiyyə idarəsinin rəisi Tatyana Savinova həmin məlumatı verib.

Doğrudur, ertəsi gün ictimaiyyətin təşvişini azaltmaq üçün bu idarədən bildiriblər ki, şəhərdə epidemiya rəsmən elan edilmədikcə çox da narahat olmağa dəyməz. İdarə rəisi də sözlərinə bir qədər düzəliş verməyə məcbur qalıb:

“HIV virusu sarıdan şəhərimizdə mürəkkəb durum var. Bu günə olan məlumata görə, şəhər sakinləri arasında 27 min yoluxma halı qeydə alınıb. Bu, Yekaterinburq əhalisinin 1,8 faizidir. Duruma virusun epidemik yayılmasının ümumiləşmə mərhələsi kimi baxmaq olar. Əvvəlki bəyanatı epidemiyanın rəsmi elanı kimi yox, məsələ ilə bağlı informasiya kampaniyasına başlanılması kimi qəbul etmək lazımdır”.

Buna da bax: Azərbaycanın cənubunda QİÇS-dən ölənlərin sayı artır...

Virusun yayılması ölkənin ümumi inkişaf səviyyəsinin göstəricisidir

Belə düşünülür ki, HIV virusunun yayılması ölkənin ümumi inkişaf səviyyəsi ilə bağlıdır. Di gəl, yoluxanların ölkə əhalisinə nisbətinə deyil, yoluxanların mütləq sayına baxanda, ABŞ həmin göstərici üzrə Rusiyadan da qabaqdadır. Amerikada HİV-ə yoluxmuş 3,5 milyon insan qeydiyyata alınıb.HIV – infeksiyadır. Avropa ölkələrində bu rəqəm milyondan bir qədər çoxdur. Ukraynada 300 min nəfər HIV daşıyıcısı olsa da, onların yarısı təhlükəli virusa yoluxduğunu bilmir.

Rusiyada rəsmi qeydiyyata görə, təxminən 1 milyon HIV daşıyıcısı var. Əslində isə, onların sayı daha çoxdur.

Rusiyadakı “AİDS-mərkəz” fondunun direktoru Yelena Orlova-nın sözlərinə görə, HIV-ə yoluxma elə bir haldır ki, daim yanımızda olsa və nə olduğunu bilsək də, o haqda danışmaq istəmirik. Bu mövzu yalnız iki halda ictimailəşir: ya “Dojd” radiosunun aparıcısı Pavel Lobkov kimi biri HIV-pozitiv olduğunu etiraf edəndə, ya da rəsmilərin dilindən “epidemiya” kimi qorxunc ifadəni eşidəndə.

Buna da bax: "SPİD"in müalicəsində sıçrayış

Y. Orlova deyir ki, epidemiya ilə mübarizənin əsas yollarından biri yeni yoluxma hallarının qarşısını almaq, yəni profilaktikadır. Bundan ötrü insanlar bu virus barədə məlumatlı olmalı, ehtiyat tədbirləri görməlidirlər.

Rusiyada hər gün 270 nəfər HIV-ə yoluxur

Bəzi məlumatlara görə, Rusiyada hər gün 270 nəfər HIV-ə yoluxur və bu təhlükəli virusun törətdiyi AİDS-dən - Qazanılmış İmmun Çatışmazlığı Sindromundan hər gün 60 nəfər ölür.

Hazırda HIV-i orqanizmdən çıxara bilən hər hansı preparat və ya müalicə üsulu olmadığından, ona yoluxan ömürlük daşıyıcıya çevrilir. Yoluxanların bunu gizlətmələri, bu barədə danışmaqdan çəkinmələri virusun yayılmasında böyük rol oynayır.

“AIDS-mərkəz”in direktoru bununla əlaqədar ayrıca vurğulayır ki, virus daşıyıcısı hələ xəstə olmaq demək deyil. HIV-in AİDS-i törətməməsi üçün daşıyıcılar daim həkim nəzarətində olmalı, lazım gəldikdə, ömürboyu xüsusi preparat qəbul etməlidirlər. Bu halda HIV-ə yoluxanlar ona yoluxmayanlar qədər yaşayır, hətta sağlam övlad da dünyaya gətirə bilirlər.

Orlova HIV daşıyıcılarının nisbi portretini belə təsvir edir: Onların yarısı narkoman, digər yarısı heteroseksual insanlardır. Düşünülənin əksinə, onların 2 faizindən də azı homoseksuallardır.

Dünya üzrə HIV virusuna yoluxma hallarının 45 faizi 15-24 yaş qrupuna aid gənclərin payına düşür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG