Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

ABŞ-la arası dəyən Rusiya və Türkiyə prezidentlərinin ikili ticarətdə dollardan imtina etmək haqqında bəyanatı diqqət çəkir. Amma bu bəyanat elə söz olaraq qalır. Təklif V.Putin-dən gəlmiş və R.T. Erdoğan bəyənmişdisə, dollardan imtina nədən baş tutmur? AzadlıqRadiosuna müsahibəsində İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul suala belə cavab verir:

- Beynəlxalq hesablaşmalarda və milli valyutanın kursunun müəyyənləşdirilməsində dollardan imtina Putin və Erdoğan-dan da əvvəlki dönəmlərin söhbətidir. Axtarsan, Stalin dönəminə gedib çıxırsan. O zaman Stalin rublun 1937-ci ildə dollara bağlanan kursunu 1950-ci ildə qızıl əsaslı edib (rubl=0.222168 qram təmiz qızıl). Ardından beynəlxalq hesablaşmalarda da dollardan imtina edərək, rublu seçənlərin birliyini də yaradıb. Bu birliyə ozamankı sosialist ölkələri qoşulublar. İran, Çin, Şimali Koreya, Əfqanıstan, Uruqvay, Şimali Vyetnam kimi ölkələr «dollarsız bazar» ideyasını dəstəkləyiblər. Ancaq Stalin-in ölümündən sonra bu ideya əhəmiyyətini itirərək unudulub. Zaman-zaman ərəb ölkələrinin, Çin və Yaponiyanın, Braziliya və Uruqvayın, eləcə də digər ölkələrin rəhbərləri həmin təşəbbüsü diriltməyə çalışsalar da, bu fikir elə fikir olaraq da qalıb. Uzaqbaşı, milli valyutanın məzənnəsinə, neftin qiymətinə ötücü psixoloji təsir göstərib, vəssalam.

- Ancaq XXI əsrin əvvəllərindən «dollarsız dünya» məsələsi tez-tez gündəmə gəlir...

- 2008-ci ildə başlanan qlobal böhrandan sonra daha da aktuallaşıb. Bu ideyanın ən alovlu davamçısı Liviya prezidenti Qaddafi olub. O, bütün Afrika ölkələrini vahid bazarda birləşdirib hesablaşmalarda qızıl dinardan yararlanmağı təklif edirdi. O vaxt Cənubi Afrika Respublikası açıqca bu ideyaya qarşı çıxmışdı. Təbii ki, üzdə bir söz deyib, arxada başqa cür davranan ərəb ölkələri də vardı. Sonralar ayrı-ayrı vaxtlarda Rusiya Çinlə birgə bu məsələni müzakirə etsə də, vahid rəyə gələ bilməmişdilər. Putin də tez-tez bu məsələni ortaya atır. Ardından müzakirələr gedir, fikirlər səsləndirilir və hər şey tezcə də unudulur.

- Dollardan imtina niyə mümkün deyil?

- Əvvəla, indi dünya ölkələrinin borc öhdəliklərinin 80 faizindən çoxu dollardadır. Bura korporativ borcları da gəlsək, böyük bir rəqəm alınar. İkincisi, demək olar ki, bütün ölkələrin (o cümlədən, Rusiya və Türkiyənin) strateji qızıl-valyuta ehtiyatlarının böyük hissəsi dollarla saxlanır. Bu il iyulun 15-ə Türkiyənin dollarda olan valyuta ehtiyatı 103 milyard 111 milyon dollardır. Rusiyanın qızıl - valyuta ehtiyatı 393.3 milyard dollar dəyərində qiymətləndirilir ki, onun da tən yarısı dollarda saxlanılır. Bu şəraitdə, sizcə, Erdoğan və Putin həmin ehtiyatları rubla və ya lirəyə çevirməyə razılaşarlarmı? Bəlkə elə bundan başlasınlar. Üçüncüsü, mümkün olmasa belə, fərz edək ki, Rusiya ilə Türkiyə dollardan imtina edib, qarşılıqlı hesablaşmalarda rubla və lirəyə keçdilər. Rusiyanın məhsulunu Türkiyə rublla aldı və əksinə. Hər şeydən əvvəl rublun lirəyə olan məzənnəsi dollar vasitəsilə (çarpaz kurs) müəyyənləşdirilməlidir. Bunu da görməzdən gələk və tutaq ki, Türkiyə satdı, Rusiya aldı və ya əksinə. Əldə qalan artıq lirə və ya rublu neyləyəcəklər? Rubl və ya lirə dollar deyil, dünya da bu iki ölkədən ibarət deyil. O zaman üçüncü ölkəylə ticarətdə mütləq dollar lazım gələcək. Türkiyə və Rusiya məcburdur ki, əlindəki artıq pulu dollara çevirsin. Sonda yenə dollara möhtac olacaqlarsa, o zaman dollarla müqayisədə yetərincə dayanıqsız valyutalar olan lirə və rublla ticarət aparıb, risk eləməyə dəyərmi? Belə bəyanatlar sadə camaata hesablanıb. Əgər növbəti aylarda eşitsəniz ki, Rusiya və Türkiyənin dollarda olan ehtiyatları artıb, qəti təəccüblənməyin. Bilin ki, Erdoğan-la Putin bir-birindən ayrılan kimi, başqa valyutalarda olan dövlət ehtiyatlarını dollara çevirmək göstərişini veriblər.

Buna da bax - 'Dollar qıtlığı artacaq'

Günün bütün mövzuları

XS
SM
MD
LG