Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:04

Çavuşoğlu 'üçlər' formatından danışır


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

«Biz bölgənin sabitliyi və gələcəyindən ötrü Dağlıq Qarabağ probleminin həlli üçün üzərimizə düşəni edəcəyik».

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu «Anadolu» agentliyinə müsahibəsində belə deyib.

M.Çavuşoğlu Azərbaycan-Türkiyə-Rusiya formatından da danışıb. O, bu məsələnin iyulun 14-də Azərbaycana səfəri zamanı prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə edildiyini söyləyib.

«Azərbaycan-Rusiya-İran formatı yaradıldığını söylədilər. Eyni formatın, Azərbaycan-Türkiyə-Rusiya formatının qurulması da gündəmə gəldi. Bir çox siyasi və regional layihələr var. Daşınmalarla bağlı əngəllər, kvotalar aradan qalxacaq», – nazir bildirib və bu məsələlərin «üçlər» formatında müzakirə olunacağını sözlərinə əlavə edib.

Buna da bax - Politoloq: 'Erdoğan vəcdə gəlib'

«BU, DANIŞIQLARA DİNAMİKA VERƏ BİLƏR»

Deputat Rasim Musabəyov bu formatda Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsinin prosesə əlavə dinamika verəcəyini düşünür: «Türkiyə bu problemin həlli ilə çoxdan məşğuldur və fərz edirəm ki, Türkiyə –Rusiya dialoqu Azərbaycan – Rusiya dialoqunu tamamlaya bilər bu məsələdə. Müzakirə olunmaqla yanaşı, prosesə müəyyən əlavə dinamika da verə bilər».

Ancaq deputat onu da deyir ki, üç dövlət başçısının görüşüb münaqişənin həllində qəti qərar verəcəyini və həmsədrlərin, Ermənistanın mövqeyini nəzərə almamasını gözləmək sadəlövhlük olardı.

Rusiyanın münaqişənin həllində maraqlı olmaması haqda fikirlərə Musabəyov belə cavab verir ki, düzdür, Moskva bu yolla Bakını və Yerevanı təsiri altında saxlayır: «Amma artıq o da aydındır ki, konfliktin indiki vəziyyətdə saxlanılması müharibəni qaçılmaz edir. Müharibə riskdir. Müharibə başlasa, Rusiya ancaq ermənilərə dəstək verə bilməyəcək, bu halda Azərbaycanla da, Türkiyə ilə də münasibətləri korlanacaq. Halbuki bu münasibətlər faydalıdır. Ermənistan iqtisadi cəhətdən Rusiyaya heç nə vermir, amma Azərbaycanla əməkdaşlıq vacibdir. Həm Xəzərdə, Qafqazda nəzarəti itirməmək, həm də enerji sahəsində əməkdaşlıq baxımından».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG