Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:44

►Rusiya ilə ticarətin incəlikləri...

“Rusiya bazarına aqressiv çıxmaq lazımdır, bundan ötrü isə ənənəvi üstünlüyümüz olan sahəni – kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu sahənin inkişafı üçün ciddi düşünülmüş proqramlar, faizsiz, və ya çox aşağı faizli kreditlər, aqrar sahədə innovasiyaların tədbiqi, məhsuldarlığın artırılması lazımdır. Bu da uzaqgörən hökumət istəyir”.

İqtisadçı ekspert Natiq Cəfərli avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin Bakıda Azərbaycanla ticarət dövriyyəsinin artırılması barədə açıqlamalarını şərh edərkən deyib.

İqtisadçı yada salıb ki, Azərbaycan 2016-cı ilin ilk 6 ayında Rusiyaya cəmi 191,7 milyon dollarlıq mal-məhsul ixrac edib. Rusiyadan isə həmin dövrdə 742,7 milyon dollarlıq mal-məhsul idxal edib. Yəni, Rusiya ilə ticarət balasında Azərbaycanın 551 milyon dollarlıq mənfi saldosu var.

N.Cəfərli mənfi saldonu bağlamağa Azərbaycanın əlində o qədər də geniş imkanların olmadığını ifadə edib:

“Biz Rusiya bazarına nə ixrac edə bilərik - kənd təsərrüfatı məhsulları, spirtli və spirtsiz içkilər, vəssalam. Rusiya isə bizə ərzaq məhsullarından tutmuş, avtomobillərə, hərbi texnikaya qədər ixrac edir və bunu artırmaq istəyir. Hər bir ölkə ikili münasibətlərdə aldığından daha çox satmaq istəyir”

Buna da bax: Putin Bakıya 'salam və sağ ol'a gəlməz

İqtisadçı vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında 2017-ci ildə 10 ədəd MS-21 təyyarəsinin alınması ilə bağlı müqavilə imzalanıb:

“Bu təyyarənin hər birinin qiyməti, ortalama, 80 milyon dollardır. Bu ilin ilk 6 ayında biz Rusiyaya cəmi 191 milyon dollarlıq, “pomidor-xiyar” satmışıq. Deməli, Rusiya bizə 1 təyyarə satanda, biz 3 ay maşın-maşın, vaqon-vaqon “pomidor-xiyar” satmalıyıq ki, 1 təyyarənin pulu qədər Rusiyaya mal ixrac edək. Ölkədə valyuta çatışmamazlığını nəzərə alsaq, deməli, Rusiya bizdən daha çox dollar qopardıqca, valyutamız da bahalaşacaq”, ekspert qeyd edib.

Avqustun 8-də Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli müzakirələr keçirilib.

Rusiya prezidenti Vladimir Putin müzakirələr zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışmış, Azərbaycanla ticarət dövriyyəsinin artırılmasını xüsusi vurğulamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG