Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Dünya xəbərləri

BMT Mladic-ə ömürlük həbs istəyir

Ratko Mladic
Ratko Mladic

BMT prokurorları Ratko Mladic-ə ömürlük həbs cəzası verilməsini istəyiblər.

Bosniya müharibəsi zamanı--1992-1995-ci illərdə Bosniyadakı serb ordusunun komandanı olmuş R.Mladic müharibə cinayətlərində, soyqırımında, insanlığa qarşı cinayətlərdə günahlandırılır.

Dekabrın 7-də Haaqa məhkəməsinin dinləmələrində ittihamçılardan Alan Tieger deyib ki, R.Mladic-ə ömürlük həbsdən yüngül cəza vermək onun qurbanlarını, ədaləti təhqir etmək deməkdir: «R.Mladic-in məsuliyyət daşıdığı cinayətlərin insanlığa verdiyi əzab ölçüyə gələsi deyil».

74 yaşlı R.Mladic-ə qarşı 11 ittiham irəli sürülüb. O, Srebrenitsada 8 min müsəlman kişi və oğlanın öldürülməsində, Sarayevoda 10 min adamın güllələnməsində günahlandırılır.

R.Mladic haqda hökmün gələ il çıxarılacağı gözlənir.

Bütün xəbərləri izləyin

Türkiyə Çin, Rusiya... ilə bir birlikdə olmaq istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in Yohannesburq sammitində
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in Yohannesburq sammitində

Türkiyə BRICS-ə qoşulmaq istəyir, bu məsələ birlik nazirlərinin Nijni-Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq. Belə bir bəyanatla Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.

"Əlbəttə, biz BRICS-in üzvü olmaq istərdik. Görək, bu il nəyə nail ola bilərik", - "South China Morning Post" qəzeti nazirdən sitat gətirir.

Fidan gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRICS toplantısına qatılacağını bildirib.

Qəzet yazır ki, bu görüşdə gündəmdəki mövzulardan birinin NATO üzvü Türkiyənin BRICS-ə qoşulma imkanı olacağı gözlənilir.

2006-cı ildə qurulan BRICS hazırda özündə 10 dövləti birləşdirir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya.

Türkmənistanda qadınlara sürücülük vəsiqələrinin verilməsi sərtləşdirilir

Yol polisi əməkdaşları Aşqabad küçələrindən birində keşik çəkirlər
Yol polisi əməkdaşları Aşqabad küçələrindən birində keşik çəkirlər

Türkmənistanda qadınların avtomobil idarə etməsinin bir qədər də çətinləşdiyi bildirilir. Yeni sürücülük vəsiqəsi alarkən qadınlara tələblərin siyahısı artır.

"Avtomobil öz adına qeydiyyata alınmayıbsa, müddəti bitdikdən sonra vəsiqəsini yeniləmək istəyən xanımlardan polis şöbəsi sənədləri qəbul etmir", - AzadlıqRadiosunun müxbiri yazır.

Türkmənistanda bir çox hallarda qadınların idarə etdiyi avtomobillər onların adına rəsmiləşdirilmir, qardaşlarının və ya ərlərinin adına qeydiyyatdan keçmiş nəqliyyat vasitələrini etibarnamə ilə sürürlər: "İndi onlar sürücülük vəsiqəsi almaq üçün maşınları öz adına keçirməli və ya yeni maşın almalıdırlar, əks halda, onlara yeni sənəd verilməyəcək".

Qadınların sürücülük vəsiqəsi alması üçün yaş həddi də dəyişməz qalır: "Qızlara 35-40 yaşına qədər sürücülük vəsiqəsi verilmir. Onların niyə avtomobil idarə etmək hüququndan məhrum edildiyi açıqlanmır".

AzadlıqRadiosuna danışan Marı sakinlərinin sözlərinə görə, sürücülük vəsiqəsi almaq hər kəs üçün çətindir, problemi həll etməyin ən asan yolu rüşvətdir.

"Ölkədə rüşvətsiz heç nə etmək mümkün deyil. Sonda vəsiqə almaq üçün rüşvət verməyə razılaşırsan. Bundan əlavə, vəsiqəni yeniləmək üçün tibbi arayış, psixi dispanserdən arayış lazımdır. Onlar yerli tibb müəssisələrindən alınır. Sürücülük vəsiqəsinin təzələnməsi ən azı 200-400 manata (57-115 dollar) başa gəlir", - yerli sakin deyir.

Mənbə iddia edir ki, qadınlar üçün sürücülük vəsiqəsi almaqda mövcud çətinliklər tələb olunan rüşvətin miqdarına da təsir edir: "Ölkədə qadınlar öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Əslində, kişilər 4 min manat (1140 dollar) rüşvət ödəməklə sürücülük vəsiqəsi ala bilər, qadın isə 6-7 min manat (1700-2000 dollar) verməli olur".

İddialara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Türkmənistanda qadınlar üçün sürücülük ilə bağlı məhdudiyyətlər uzun illərdir qüvvədədir və zaman-zaman sərtləşdirilir.

Özbəkistanda imamların sosial şəbəkələrdə görünməsi qadağan edilib

Özbəkistan prezidenti məsciddə
Özbəkistan prezidenti məsciddə

Özbəkistan Müsəlmanları İdarəsi imamların sosial şəbəkələrdə çıxışlarını məhdudlaşdırıb. Bu, bəzi imamların internetdə mübahisəli çıxışları fonunda baş verib.

Mayın 27-də Özbəkistan məscidlərinin bütün imamlarına sosial şəbəkələrə girməmək və postları "layk" etməmək barədə xəbərdarlıq olunub.

Daşkənd şəhərinin baş imamının köməkçisi Erqaş Rüstəmovun Telegram vasitəsilə rayonların baş imamlarına göndərdiyi audiomüraciətdə sosial şəbəkələrdəki çıxışlara ciddi nəzarət olunduğu bildirilir: "Salam, əziz rayon imamları. Növbəti işimiz sosial şəbəkələrə girməməkdir. Biz buna ciddi nəzarət edəcəyik. Bu, Həcc ziyarətinə gedənlərə də aiddir... Ayrıca, sosial şəbəkədə hər hansı bir mövzunu "like" edə bilməzsiniz...".

İmamlar dini qurumun qərarını fəaliyyətlərinə dövlət nəzarətinin gücləndirilməsi kimi şərh ediblər.

Təhlükəsizlik səbəbi ilə adının çəkilməsini istəməyən Daşkənd imamı deyib ki, imamların internetdə çıxışının məhdudlaşdırılması vicdan azadlığı haqqında qanuna ziddir: "Deyirlər ki, bu, müftinin göstərişidir. Bizim əl-ayağımızı bağlayırlar".

Son zamanlar bir sıra imamlar, dini idarənin fikrincə, öz mənəvi statuslarına uyğun gəlmədiyi üçün vəzifələrindən uzaqlaşdırılıb.

Bundan əvvəl bildirilirdi ki, Özbəkistanda məscid imamları və imam müavinlərindən xarici pasportlarını Ruhani İdarənin yerli nümayəndələrinə təhvil vermələri istənilib. Səbəb imamların xaricə səfərlərinin qarşısını almaqdır.

"Son günlər imamlar çox güclü təzyiq altındadır, buna görə də hakimiyyət bəzi imamların sadəcə olaraq ölkəni tərk edəcəklərindən ehtiyat edir", – AzadlıqRadiosunun özbək xidmətinin həmsöhbətlərindən biri deyib.

Özbəkistan Dini İşlər Komitəsinin 2021-ci il avqustun 1-nə olan məlumatına görə, ölkədə 16 konfessiyaya mənsub 2 min 285 dini qurum fəaliyyət göstərir. Bunlardan 2 min 98-i İslam təşkilatlarıdır.

Özbəkistan Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Dini qurumların və konfessiyaların fəaliyyəti "Vicdan azadlığı və dini qurumlar haqqında" qanun ilə tənzimlənir.

Qazaxıstan 'Taliban'ı terrorçular siyahısından çıxarıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament spikerləri ilə görüşdə
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament spikerləri ilə görüşdə

Qazaxıstan Əfqanıstan hökuməti ilə ticari-iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün "Taliban" rejimini terrorçu təşkilatlar siyahısından çıxarıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament sədrləri ilə görüşündə bildirib.

Onun fikrincə, indiki mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

Qazaxıstan Ali Məhkəməsinin 15 mart 2005-ci il tarixli qərarı ilə "Taliban" terror təşkilatı kimi tanınıb və Qazaxıstan ərazisində fəaliyyəti qadağan edilib.

"Qazaxıstan Əfqanıstanla iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və "Taliban" hərəkatının ölkədəki nüfuzunun uzunmüddətli amil olduğunu nəzərə alaraq, onları terrorçular siyahısından çıxarıb", - Tokayev bildirib.

O, Qazaxıstanın Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün dayanıqlı inkişaf məqsədləri üzrə Regional Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləməyə çağırıb.

28 may

Rusiyada 'Taliban' terror təşkilatları siyahısından çıxarıla bilər

Rusiya Xarici İşlər və Ədliyyə nazirlikləri prezident Vladimir Putinə Əfqanıstanın "Taliban" islam hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağı təklif edib. Bu barədə dövlət başçısının Əfqanıstan üzrə nümayəndəsi Zamir Kabulova istinadən TASS xəbər verir.

1996-2001-ci illərdə Əfqanıstanda iqtidarda olmuş "Taliban" xarici qoşunların çıxarılmasından sonra 2021-ci ilin avqustunda yenidən ölkədə nəzarəti tam ələ keçirib. Rusiya hakimiyyəti hərəkatın nümayəndələri ilə fəal əlaqə saxlayır, onun nümayəndə heyətləri isə tez-tez Rusiyaya gəlir.

"Taliban" hərəkatının nümayəndələri iyunun 5-dən 8-dək baş tutacaq Sankt-Peterburq Beynəlxalq Forumuna dəvət olunublar.

Eyni zamanda, hakimiyyətin "Taliban" ilə belə sıx əməkdaşlığına baxmayaraq, hərəkat Rusiyada, hələlik, qadağan edilib və terror təşkilatı kimi tanınır. Fəallar və media qurumları müvafiq nişanlama olmadan onun adını çəkdiklərinə görə məsuliyyətə cəlb olunurdu. Həmçinin, Omskdakı Federal Penitensiar Xidmətin (FSIN) xəstəxanasında "Taliban" haqqında danışdığına görə məhkuma üç il yarım koloniya cəzası verilib. Məhbus Anvarzoda Osimconi açıq şəkildə terrora haqq qazandırmaqda və təbliğ etməkdə təqsirli bilinib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, "Taliban"ın terror təşkilatları siyahısından çıxarılması təklifi "obyektiv reallığı əks etdirir". Onun sözlərinə görə, hərəkat Əfqanıstan ərazisində real hakimiyyəti təmsil edir və "Rusiya buna biganə deyil".

2021-ci ilin oktyabrında Vladimir Putin bildirib ki, Rusiya "Taliban"ı terror təşkilatlarının reyestrindən çıxarmaq qərarına yaxınlaşır, lakin, onun sözlərinə görə, əvvəlcə belə bir qərar Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində qəbul edilməlidir.

Əfqanıstanda Taliban dövründə insan haqları kütləvi şəkildə pozulur. Dünyəvi qanunvericilik şəriət qanunları ilə əvəz edilib. Müxalifətçilərin təqibi, açıq edamlar tətbiq olunur. Qadınlar təhsil və işləmək hüququndan məhrumdurlar. Ölkədə onların təkrar hakimiyyətə gəlməsindən sonra iqtisadi çətinliklərin də kəskin şəkildə artdığı bildirilir.

SOCAR-dan İsrailə neft satdığı ittihamlarına cavab

İstanbulda SOCAR-a etiraz
İstanbulda SOCAR-a etiraz

"SOCAR Türkiyə" İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət bu barədə ittihamları "əsassız" adlandırıb: "Qlobal neft bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neft ticarət şirkətləri tərəfindən və ya bu şirkətlər vasitəsilə satılır. Təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərinə... nəzarət və ya müdaxilə etmək imkanı yoxdur".

Açıqlamada o da xatırladılıb ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 16 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb.

SOCAR-ın İstanbul ofisi qarşısında aksiya

Azərbaycanın Türkiyə ərazisi ilə İsrailə neft nəql edən SOCAR şirkətinin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb.

"Cümhuriyet" qəzetinin yazdığına görə "Fələstin üçün min gənc" adlı qrup neft şirkəti ofisinin divarlarına qırmızı boya atıb.

Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.

Qəzetin yazdığına görə, fəallar "soyqırımıçı İsrailə neft verən SOCAR önündə intifada səsimizi ucaltmaqda davam edirik!", "Bu qanlı ticarətə imkan verməyəcəyik" kimi şüarlar səsləndiriblər.

"Cümhuriyet" qəzetinin xəbərində deyilir ki, fələstinyönlü qrup bu hadisəni özünün sosial media hesabında da qeyd edib: "Qatil İsrail Fələstində soyqırımı edərkən Türkiyə və Azərbaycan əl-ələ bu soyqırımına milyonlarla barel neft daşımaqdadır".

Videoda habelə boğazına ənənəvi Fələstin yaylıqlarını bağlamış bir qrup şəxsin şirkətin binasına daxil olmağa çalışdığı, lakin mühafizəçilər tərəfindən qarşılarının kəsildiyi görünür.

Çinin kosmik aparatı Ayın qaranlıq tərəfinə enib

Ay
Ay

Çinin "Çanye-6" kosmik aparatı Ayın qaranlıq tərəfinə uğurlu eniş edib, - "Sinxua" agentliyi xəbər verir. Onun vəzifəsi Ay torpağından nümunələr toplamaq və Yerə çatdırmaqdır.

Əvvəllər heç bir ölkə Ayın Yerdən görünməyən əks tərəfini tədqiq etməyib. "Çanye-6" iki gün ərzində iki kiloqram Ay süxuru nümunələri toplayıb Yerə qayıtmalıdır. Onun iyunun 25-də Daxili Monqolustan bölgəsinə enməsi gözlənilir.

Bu, 2024-cü ildə Yer aparatının Aya üçüncü enişidir. Yanvarda Yaponiyanın SLIM zondu, bir ay sonra isə Amerikanın "Intuitive Machines" şirkətinin cihazı orada olub.

Ay torpağının tədqiqi alimlərə Ayın özünün və bütün Günəş sisteminin yaranma tarixini daha yaxşı anlamağa kömək edəcək. Çin 2030-cu ilə qədər Aya insanlı missiya göndərməyə ümid edir. Rusiya Çinin Ay proqramında tərəfdaşdır. ABŞ "Artemis" proqramı ilə 2026-cı ildə və ya daha sonra Aya astronavt göndərməyi planlaşdırır.

Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

Mahmud Əhmədinejad
Mahmud Əhmədinejad

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezident seçkilərində namizədliyini verib.

Əhmədinejad 2005-ci ildən 2013-cü ilə qədər ardıcıl iki müddət İran İslam Respublikasının prezidenti olub. Onun ikinci müddəti 2009-cu ildə yenidən seçilməsi ilə bağlı şiddətli etirazlar və amansız repressiyalar ilə yadda qalıb. O, prezident olmamışdan əvvəl Ərdəbil vilayətinin qubernatoru və Tehranın meri vəzifələrində çalışıb.

Dövlət başçısı olduğu müddətdə Əhmədinejad Rusiya və ərəb dünyası ilə əlaqələrin gücləndirilməsinin tərəfdarı olub. Eyni zamanda, ABŞ administrasiyasını tənqid edib və İsrailə qarşı sərt bəyanatlar verib.

Əhmədinejadın dövründə İranın nüvə proqramının inkişafının sürətləndiyi güman edilir.

Əhmədinejadın prezidentliyi dövründə onunla İranın ali dini lideri Əli Xamenei arasında hakimiyyət mübarizəsinin kəskinləşdiyi ilə bağlı fikirlər yayılıb.

Bundan əvvəl Əhmədinejad seçkilərdə namizədliyini irəli sürmüş, lakin namizədliyi qeydiyyata alınmamışdı.

İranda növbədənkənar prezident seçkisi iyunun 28-nə təyin edilib.

Mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub.

Çin Ukrayna üzrə 'sülh sammiti'ndə iştirak etməyəcək

Moskvanın mərkəzindəki suvenir mağazasında Çin lideri Si Cinpinin portreti olan matryoşka
Moskvanın mərkəzindəki suvenir mağazasında Çin lideri Si Cinpinin portreti olan matryoşka

Çin Ukraynadakı müharibəyə son qoymaq məqsədi ilə iyunda İsveçrədə toplaşacaq konfransa nümayəndələrini göndərməyəcək.

Bu barədə "Reuters" dörd mənbəyə istinadən xəbər verir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinə Kiyevin "sülh sammiti" adlandırdığı konfransa qatılmaq çağırışı ilə açıq müraciət etmişdi.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Pekin onun iştirakı üçün zəruri olan şərtlərə əməl edilmədiyindən belə qərar verib. Onların arasında "bütün tərəflərin bərabər iştirakı və bütün təkliflərin dürüst müzakirəsi" üçün həm Rusiya, həm də Ukraynanın sammitə dəvət məsələsi də var. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi (XİN) də bu şərti səsləndirmişdi.

Moskva konfransa dəvət edilməyib, baxmayaraq ki, İsveçrə münaqişənin həlli üçün Rusiyanın prosesdə iştirak etməli olduğuna əmindir.

Ukrayna Moskvanın prosesi pozmasını istəmir, - prezident Zelenski məsələni belə izah edib.

Rusiya nümayəndələrinin növbəti mərhələdə vasitəçilər vasitəsilə prosesə cəlb olunması planlaşdırılır. Rusiya, öz növbəsində, Ukraynadan qoşunlarının çıxarılmasını müzakirə etmək niyyətində olmadığından dəvət olunsa belə, görüşdə iştirak etməyəcəyini bəyan edib.

İsveçrə XİN rəsmisinin sözlərinə görə, ümumilikdə, sammitə 160-dan çox nümayəndə heyəti dəvət olunub. "70-dən çox dövlət sülh konfransında iştirakını təsdiqləyib, əksəriyyəti dövlət və hökumət başçıları səviyyəsində", - nazirlikdən bildirilib.

"Bloomberg" daha əvvəl yazırdı ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün vəsait toplama tədbirinə görə, çox güman, Ukrayna ilə bağlı bu konfransı buraxacaq.

Ukraynada müharibənin dayandırılması yollarını müzakirə edəcək konfrans iyunun 15-dən 16-dək Bürqenştokda keçiriləcək.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibənin iki ilində on mindən çox insan həlak olub, 20 minə yaxın insan isə yaralanıb. Milyonlarla insan bu ölkədən didərgin düşüb.

12 andlı Trampa 'günahkardır' dedilər

Donald Tramp
Donald Tramp

Mayın 30-da Nyu-York məhkəməsində 12 andlı Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Donald Trampa qarşı cinayət işi ilə bağlı hökmü elan edib. O, bütün 34 maddə üzrə təqsirli bilinib. Yekun cəza iyulun 11-də keçiriləcək xüsusi iclasda veriləcək. Beləliklə, Tramp seçkidən əvvəl də mühakimə oluna bilər. O, cərimə, şərti cəza və ya faktiki həbslə üzləşə bilər.

12 andlının hamısı onun günahkar olması ilə bağlı hökmün lehinə səs verib. Tramp 2016-cı il prezident seçkilərinə mane olmamaq üçün pornoaktrisa Stormi Denielsə aralarında olduğu iddia edilən cinsi əlaqə haqqında susmağa görə ödənişləri gizlətmək məqsədilə iş hesabatlarını saxtalaşdırmaqda günahkar bilinib. Builki seçkilərdə Tramp ardıcıl üçüncü dəfə Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb.

Hökm elan edildikdən sonra jurnalistlərin suallarını cavablandıran D.Tramp ona qarşı cinayət prosesini "utancverici, saxta" adlandırıb. O, Co Bayden administrasiyasını məhkəməni təşkil etməkdə günahlandırıb: "Bunu Bayden administrasiyası bir rəqibi, siyasi rəqibini yaralamaq, xəsarət yetirmək məqsədi ilə edib".

D.Trampa qarşı ittiham irəli sürən Manhetten rayon prokuroru Elvin Breqq onun tənqidini rədd edərək prokurorların "faktlara və qanunun hərfinə" əməl etdiklərini deyib. "Hazırda çoxlu səslər eşidilir, amma vacib olan yeganə səs andlılar kollegiyasının səsidir və onlar öz sözlərini deyiblər".

Bir neçə respublikaçı D.Trampı dəstəkləyib. Senatdakı Respublikaçı azlığın rəhbəri Mitç Makkonnell ittihamları əsassız adlandırıb və apellyasiya məhkəməsinin hökmü ləğv edəcəyini təxmin edib.

Prezident Bayden andlıların qərarını birbaşa şərh etməyib. "Donald Trampı Oval kabinetdən uzaq tutmağın yeganə yolu seçki qutularıdır" - Bayden sosial mediada öz seçki fonduna ianələr səhifəsinə keçid verərək yazıb.

Müdafiə tərəfinin hökm çıxarıldıqdan sonra apellyasiya şikayəti verəcəyi gözlənilir. Tramp günahsız olduğunda israr edir.

Əslində, bu hökmlə bağlı hadisələrin istənilən inkişafı apellyasiya məhkəməsinin qərarından asılı olmayaraq D.Trampın seçkidə iştirakına mane olmayacaq. O, prezident seçkilərində qalib gəlsə, həbs cəzasına məhkum olunsa belə, - analitiklərin fikrincə, bu, az inandırıcıdır, - prezident vəzifəsini icra edəcək

ABŞ tarixində ilk dəfədir ki, keçmiş prezident cinayət törətməkdə təqsirli bilinir.

Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edəcəklər

Minskdə hərbi parad
Minskdə hərbi parad

Azərbaycan ordusu Belarusun Müstəqillik Günü ilə əlaqədar iyulun 3-də Minskdə keçiriləcək hərbi paradda iştirak edəcək.

Parada habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən - Rusiya və Qazaxıstanın hərbçiləri də qatılacaq. (KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir)

Bu barədə Minsk Hərbi Komandanlığının komandanı, polkovnik Dmitri Jukovski məlumat verib.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi hərbi parada 6 mindən çox hərbçinin və 250 texnikanın çıxarılacağını bildirmişdi.

Lukaşenko Putinə: "Çox maraqlı təkliflərim var"

Ötən həftə Minsk hava limanında Rusiya prezidenti Vladimir Putini qarşılayan Belarus lideri Lukaşenko Bakıdan "maraqlı" təkliflər ilə qayıtdığını bildirib: "Regionumuz və Qafqazla bağlı çox maraqlı təkliflərim var. Yaxınlarda Azərbaycana səfərim zamanı biz bu təklifləri çox ciddi müzakirə etdik".

Rəsmi Belarus mediasının yaydığı qısa videoda Lukaşenko təfərrüatları açıqlamayıb.

Lukaşenkonun bu ay gerçəkləşən Bakı və Şuşa səfərindən sonra doğan təklifini Putinin necə qarşıladığı bilinmir.

+++

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi son bəyanatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı üzvlərini nəzərdə tutduğuna aydınlıq gətirməyə çağırıb: "Düzünü desəm, mənim üçün Ermənistan Baş nazirinin hansı ölkələrdən danışması maraqlıdır. Bunu biz özümüz təxmin etməliyik, yoxsa sonradan o, hansı ölkələri nəzərdə tutduğunu özü deyəcək? Düşünürəm ki, söhbət belə ciddi bəyanatlardan gedəndə həmin ölkələrin buna münasibət bildirməsi məntiqli olardı".

Zaxarovanın sözlərinə görə, Rusiya Ermənistanın özünü "atılmış və tərk edilmiş" kimi hiss etməməsi üçün mümkün olanı edib.

Paşinyan: 'Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib'

Mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib.

Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə deyib: "Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar".

Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini deyib: "2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini təqlid edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı".

Paşinyan 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında oxşar cəhdlərin edildiyini, lakin uğursuz nəticələndiyini vurğulayıb. "2024-cü il mayın 9-da bir daha cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq", - o sözlərinə əlavə edib.

Bundan əvvəl Paşinyan bildirmişdi ki, KTMT-ə etibar etmək olmaz. (Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) Onun iddiasına görə, KTMT 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini pozması zamanı cavab mexanizmlərindən istifadə etməyib. Təşkilatdan o zaman sərhədlərin delimitasiya edilməməsi ilə bağlı bəyanat səslənmişdi.

Azərbaycan rəsmiləri isə Ermənistan sərhədlərinin pozulmasını təsdiq etməmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Ermənistanda Rusiyanın Birinci kanalının yayımı dayandırılıb

Moskvada "Ostankino" teleqülləsinin yanında Birinci kanalın binası
Moskvada "Ostankino" teleqülləsinin yanında Birinci kanalın binası

Ermənistanda borc ödənilənə qədər Rusiyanın Birinci kanalının yayımı dayandırılıb.

Bu barədə "Armenpress" agentliyi Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyana istinadən xəbər verir.

Ayrapetyanın sözlərinə görə, Birinci kanalın xaricdəki hüquqi şəxsi – "1st Channel World Network" müqavilə öhdəliklərini yerinə yetirməyib, iki ay yarımdır borcu yığılıb, buna görə də onun ictimai multipleksdə yayımı müvəqqəti dayandırılıb.

Martda Ermənistan hakimiyyəti kremlyönümlü teleaparıcı Vladimir Solovyovun "RTR-Planeta" telekanalının multipleksində iki müəllif proqramının yayımını bloklayıb. Qərarın "bölgədə qeydə alınan daimi qanun pozuntuları faktları əsasında" qəbul edildiyi açıqlanıb.

Solovyovun proqramlarını əngəlləməzdən əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin pozulmasına dair nota göndərib. O zaman Ayrapetyan hansı pozuntuların olduğunu açıqlamayıb, ancaq insidentin fevralın 25-də Rusiya kanallarından birində baş verdiyini deyib.

Fevralın 25-də "Vladimir Solovyov ilə axşam" verilişində Ermənistan və onun rəhbərliyinin adı bir neçə dəfə çəkilib, bir sıra təhqiramiz ifadələr səslənib.

Baş nazir Nikol Paşinyan fevralda "France 24" telekanalına müsahibəsində bildirib ki, payızda Rusiya nümayəndələri Ermənistan vətəndaşlarını küçələrə çıxmağa və hökuməti devirməyə çağırıblar. Onun deməsinə görə, Rusiya televiziya kanalları altı ildir hökumət və şəxsən ona qarşı sistemli, ardıcıl təbliğat aparırlar.

Putin keçmiş cangüdənini Dövlət Şurasının katibi təyin etdi

Aleksey Dyumin və Vladimir Putin
Aleksey Dyumin və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin köməkçisi və keçmiş mühafizəçisi Aleksey Dyumini Dövlət Şurasının katibi təyin edib.

Bu ilin əvvəlində, növbəti altı illik müddətə yenidən prezident seçildikdən sonra Putin Dyumini müdafiə sənayesinə cavabdeh köməkçisi vəzifəsinə gətirmişdi. O, bundan əvvəl, 2016-cı ildən Tula vilayətinin qubernatoru idi.

Dyumin karyerasına keçmiş prezident Boris Yeltsinin yanında rabitə idarəsində başlayıb. Lakin prezident Putinə yaxın sayılır. Putinin 1999-cu ildə hökumət başçısı təyin edildiyi gündən bəri onun mühafizəçisi vəzifəsində çalışıb. Daha sonra faktiki onun adyutantının işini yerinə yetirib. Ukraynanın Krım bölgəsinin işğalından (2014) sonra o, Rusiya Qəhrəmanı adına layiq görülüb. General-polkovnikdir.

Dövlət Şurası, Rusiya qanunvericiliyinə görə, prezident yanında məsləhətçi orqan kimi bu ölkənin siyasətinin əsas istiqamətlərini müəyyən edir. Buraya hökumət başçısı, Dövlət Duması və Federasiya Şurasının sədrləri, Prezident Administrasiyasının rəhbəri, regionların, parlament partiyalarının rəhbərləri daxildir.

Qurum 2000-ci ildən mövcuddur, lakin 2020-ci ildə Putinin başlatdığı konstitusiya dəyişiklikləri çərçivəsində Konstitusiyanın ayrıca maddəsinə salınıb. Bəzi ekspertlər hesab edirdilər ki, Dövlət Şurası prezidentlik müddəti bitdikdən sonra Putin üçün məxsusi yer kimi hazırlana bilər. Lakin sonradan bəlli oldu ki, düzəlişlər onun yenidən yeni müddətə namizədliyini irəli sürməsinə imkan verəcək.

Dyumin Putinin köməkçisi təyin olunduqdan sonra Rusiyada bir çoxları yenidən onun varis olacağından bəhs etməyə başlayıb.

7 ayda ABŞ sərhədində 3 min özbəkistanlı saxlanılıb

Amerika hərbçiləri ABŞ-Meksika sərhədində gözləyən miqrantları izləyir.
Amerika hərbçiləri ABŞ-Meksika sərhədində gözləyən miqrantları izləyir.

Ötən il oktyabrın 1-dən 2024-cü il mayın 28-nə kimi 57 min 200 qanunsuz miqrant ABŞ cənub sərhədini keçərək Kaliforniya ştatına çatmağa cəhd edib. Onlardan 2 min 900-ü Özbəkistan vətəndaşıdır.

Bu barədə ABŞ Sərhəd-Gömrük Xidmətinə istinadən "Fox News" xəbər verir.

Xidmətin məlumatına görə, saxlananların 27.5 mini Çindən, 8.9 mini Hindistandan, 7.8 mini Türkiyədən, 4.4 mindən çoxu Mavritaniyadan, 3 minə yaxını Vyetnamdan, 5.6 mini isə Qvineyadandır.

Bəzi miqrantlar "Fox News"a ABŞ-da daha yaxşı həyat axtardıqlarını söyləyiblər.

"İngilis dilim çox yaxşı deyil və ABŞ-da heç kimi tanımıram. Bilirəm ki, ABŞ-a gəldikdən sonra hər şeyi yenidən başlamalı olacağam. Ancaq gələcəkdə yaxşı bir həyat və övladlarımın yaxşı təhsil almasını arzulayıram. Mən mümkün qədər tez ABŞ-da məskunlaşmaq istəyirəm", - qeyri-qanuni miqrantlardan biri deyib.

2023-cü ildə ABŞ-ın cənub-qərb sərhədinə 2.5 milyondan çox miqrant gəlib. Onların əksəriyyəti ölkəyə daxil olmağı bacarıb.

Ötən il Mərkəzi Asiya ölkələrindən gələn miqrantların sayı xeyli artıb – regiondan 50 mindən çox insan ABŞ-a qeyri-qanuni yollarla daxil olub. Onların arasında 17 min Özbəkistan, 7 min Qırğızıstan, 3 min Tacikistan, 2 min 700 nəfər Qazaxıstan, 2 min Türkmənistan vətəndaşı var.

ABŞ-ın statistikasına görə, bu il qeyri-leqal miqrantların, o cümlədən orta asiyalıların kütləvi axını azalmır.

2021-ci ilin oktyabrından 2023-cü ilin oktyabrınadək ABŞ sərhədini qanunsuz keçən 13 mindən çox özbəkistanlı saxlanıb.

2023-cü ilin dekabrında ABŞ-a qanunsuz gedənlərdən 119 Özbəkistan vətəndaşı vətəninə ekstradisiya edilib.

'İran Rusiyaya ən yeni aviabombalar göndərib'

"Mühacir-6"
"Mühacir-6"

İran Ukraynaya hücumlar üçün ilk dəfə Rusiyaya ən son idarəolunan aviabombalar verib.

"Bild" nəşri hərbi analitik Yulian Röpkeyə istinadən belə yazır.

Mayın 25-də Kursk vilayətində "Mühacir-6" dronunun düşməsi ilə bağlı videonu təhlil edən Röpkenin sözlərinə görə, pilotsuz aparat İranın ən son "Qaem-5" idarəolunan bombalarını daşıyırdı.

Onun ehtimallına görə, bu dron Sum vilayətinin ərazisinə hücum etməli idi, lakin naməlum səbəblərdən hədəfə çata bilməyib və düşüb.

BBC-nin rus xidməti yazır ki, Kurska düşən sursat zahiri görkəminə görə İranın "Mühacir-6" və "Hamaseh" ağır dronlarının daşıya bildiyi kiçik diametrli idarəolunan "Qaem-5" aviabombasına çox bənzəyir.

İran hərbi mühəndislərinın hazırladığı və 2019-cu ildə bu ölkənin silahlanmaya qəbul etdiyi "Qaem-5" bombası telekamera ilə tuşlana, müxtəlif növ döyüş başlıqları ilə təchiz oluna bilir. Sursatın uçuş məsafəsi 40 km-ə qədərdir.

"The Washington Post" yazır ki, Rusiya qoşunları 2022-ci ilin avqustundan Ukraynadakı müharibədə "Mühacir-6" dronlarından istifadə etməyə başlayıb, lakin silahsız. Röpkenin sözlərinə görə, "Qaem-5" bombalarından istifadə İran və Rusiya arasında hərbi əməkdaşlığın yeni səviyyəsinə işarə sayıla bilər.

Etirazçılar arxiyepiskop Qalstanyanı baş nazir vəzifəsinə irəli sürüb

Armenia-Members of ‘Tavush for the Motherland’ leaded by Bagrat Srbazan hold a actions of disobedience in the streets of Yerevan, 27May2024
Armenia-Members of ‘Tavush for the Motherland’ leaded by Bagrat Srbazan hold a actions of disobedience in the streets of Yerevan, 27May2024

Ermənistan polisi 300 saxlanmış etirazçının əksəriyyətini sərbəst buraxıb

Ermənistan polisi mayın 27-də arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyasına çıxmış 300-dək etirazçını saxlayıb. Keşiş və tərəfdarları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Polis paytaxt Yerevanda küçələri bağlamağa cəhd göstərən etirazçıları saxlayırdı. Son məlumata görə polis Yerevandakı bütün küçələri açıb və nəqliyyatın hərəkətini bərpa edib.

Ermənistan polisinin rəhbəri Aram Hovannisyan etirazçıları “özlərini xuliqan kimi aparmaqda” günahlandırıb.

Polis bunu da bildirir ki, saxlanmış 284 nəfərdən 278-i artıq sərbəst buraxılıb.

Saxlananların arasında Daşnaksutyun partiyasından iki deputatı da vardı. Onlardan biri – Aşot Simonyan öz maşını ilə küçəni bağlamağa cəhd göstərmişdi.

Sərdarabad memorialı

Bu arada Qalstanyanın özü yüzədək tərəfdarı ilə Yerevanın mərkəzindən keçərək şəhərin 50 kilometrliyindəki I Dünya Müharibəsi abidəsinə - Sərdarabad kompleksinə yollanıb.

Keşişin sözlərinə görə onlar gecəni burda keçirib, səhər birinci Ermənistan Respublikasının 106 illiyini qeyd edəcəklər.

Mayın 28-də bütün Ermənistan boyunca Respublika Günü qeyd olunur. Rəsmi mərasim ənənəvi olaraq Sərdarabad memorialında keçirilir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qalstanyan və tərəfdarlarının Nikol Paşinyanın və başqa rəsmilərin bura gəlişinə mane olub-olmayacaqları bilinmir.

Ermənistanın iqtidar mediası qeyd edir ki, mayın 26-da etiraz aksiyasında iştirak edənlərin sayı mayın 9-da olduğundan az olub.

Mayın 27-də Yerevanda küçəni bağlamağa çalışanlar
Mayın 27-də Yerevanda küçəni bağlamağa çalışanlar

"Vətən naminə Tavuş" müxalifət hərəkatı Ermənistanın baş naziri postuna Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın namizədliyini irəli sürüb. Bunu Yerevanda keçirilən mitinqdə çıxışı zamanı təşkilatın liderlərindən biri Qurqen Melikyan deyib.

"4 May" hərəkatının fəalları Azərbaycanla həmsərhəd Kirants kəndindən yürüşə başlayıblar. Onlar mayın 9-dan Yerevanda, habelə ölkənin regionlarında mitinqlər və itaətsizlik aksiyaları keçirirlər.

Azərbaycanla sərhədin delimitasiyası prosesi ilə razılaşmayan hərəkat iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını və müvəqqəti hökumətin yaradılmasını tələb edirlər.

Bazar günü, mayın 26-da etirazçılar hökumət daçaları kompleksinə gəliblər. Qalstanyan mitinqdə Paşinyan ilə görüşü gözləyəcəyini bildirib. Daha sonra onlar şəhərin mərkəzinə qayıdıblar.

N.Paşinyan mayın 26-da ölkənin şimalında daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib. Daşqın nəticəsində ölənlər, itkin düşənlər var.

Baş nazir Paşinyanın istefasını tələb edən hərəkatın lideri, arxiyepiskop Qalstanyan ikili vətəndaşlığı olduğu üçün, Konstitusiyaya görə, namizədliyini irəli sürə bilməz. O, Kanada vətəndaşlığından imtina etsə belə, namizədliyi qanunla təsdiqlənə bilməz. Müxalifət buna ictimai təzyiqlə nail olmaq istəyir. Hakimiyyət isə hesab edir ki, Paşinyan hökumətinə ictimai təzyiq yoxdur və Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat zəifləməkdədir.

Qırğızıstan yeni Asman şəhərinin tikintisinə başlayır

Asman şəhərinin layihəsi
Asman şəhərinin layihəsi

Mayın 25-də Qırğızıstan prezidenti Sadır Japarov İssık-Kul vilayətinə səfəri zamanı Asman şəhərinin tikintisinə təxminən 10 gün ərzində başlanılacağını bildirib.

O, ötən il kapsulun - şəhərin təməlinin qoyulmasından sonra tikintinin dayandırılmasını layihəyə bəzi dəyişikliklərin olunmasını ilə izah edib.

"Keçən il kapsul qoyulandan sonra xarici tərəfdaşlarımız təkcə şəhər deyil, "yaşıl şəhər" tikməyi təklif etdilər. Layihəyə edilən dəyişikliklərlə əlaqədar tikintinin başlanması gecikdi. İndi dünya iqtisadiyyatı "yaşıl iqtisadiyyat", "yaşıl enerji" tələb edir. Biz təklifi qəbul etdik və "yaşıl şəhər"in tikintisinə başlayırıq ki, İssık-Kula heç bir zərər dəyməsin", - Japarov vurğulayıb.

Asman şəhərinin tikintisinin təməlini prezident Japarov 2023-cü ilin yayında qoyub. Ölkə prezidenti Qırğızıstanın turizm və investisiya imkanlarının inkişaf etdirilməsini Asmanın tikintisinin əsas məqsədi adlandırıb.

Asman şəhərinin ərazisi, əvvəllər bildirildiyi kimi, 4 min hektar olmalıdır. Yeni şəhər 500-700 min sakin üçün nəzərdə tutulub. Hökumətin planına görə, şəhər 7-10 il ərzində tikiləcək.

2023-cü ilin iyununda layihənin müəllifi və ekoşəhərin dövlət direktorluğunun rəhbəri Ruslan Akmataliyev bildirib ki, Asmanın tikintisi, ilkin hesablamalara görə, 20 milyard dollara başa gələcək. İlk investor Koreyanın "Promise Land" şirkəti olub.

Ermənistan MDB Oyunlarına ev sahibliyi edə bilməyəcəyini deyir

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Karen Giloyan
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Karen Giloyan

Yerevan “sıx idman tədbirləri cədvəlinə” görə 2027-ci ilin MDB Oyunlarına ev sahibliyi edə bilməyəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 24-də Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Karen Giloyan deyib.

Nazir izah edib ki, MDB-nin İdman və Mədəniyyət Şurası birliyin 2027-ci il Oyunlarının Yerevanda keçirilməsini təklif edib.

Giloyan təəssüf etdiyini deyib ki, Ermənistan həmin vaxt üçün başqa böyük idman tədbirlərinə ev sahibliyini planlaşdırır və bunlardan biri də Frankofon İdman Oyunlarıdır.

Frankofon termini fransızdilli və ya bu dilin geniş danışıldığı ölkələri bildirir.

Nazir əlavə edib ki, 2027-ci ildə Ermənistanda habelə Avropa Gimnastika Çempionatı, ağırlıqqaldırma üzrə Dünya Çempionatı və Ümumerməni Oyunları keçiriləcək.

Giloyan bildirib ki, Yerevan 2029-cu ilin MDB Oyunlarına ev sahibliyi məsələsini müzakirə etməyə hazırdır.

Mayın 24-də habelə Rusiyanın Ermənsitandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığı xəbər verilib.

Ermənistan son aylarda Rusiyanın başçılıq etdiyi MDB-nin bir sıra tədbirlərində iştirak etməyib.

Aprelin 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrindən olan həmkarları ilə görüşdə iştirakdan imtina etmişdi. Rəsmi məlumatda görüşdən imtinanın səbəbi göstərilmirdi.

Xatırlatma

Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə SSRİ-nin çökməsindən dərhal sonra keçmiş sovet respublikaları tərəfindən təsis edilib.

Rusiya təcavüzü ilə üzləşən Gürcüstan və Ukrayna Moskvanın başçılığı altında olan birliyi artıq tərk ediblər.

Birlikdə iştirakını de facto dayandırmış Moldova isə bildirib ki, qurumu ilin sonlarınadək tamamilə tərk etməyi planlaşdırır.

ABŞ Gürcüstana viza məhdudiyyətləri elan edir

Antoni Blinken
Antoni Blinken

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken "xarici agentlər qanunu"na görə Gürcüstana viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni siyasət elan edib.

"Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlar üçün, o cümlədən "Gürcü Arzusu"nun təklif etdiyi "xarici təsir haqqında" qanunla bağlı yeni viza məhdudiyyətləri siyasətini elan edirəm", - o, X sosial şəbəkəsində yazıb.

"2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək seçkilər ərəfəsində, seçkilərdə, ondan sonra da daxil olmaqla, demokratik prosesləri, institutları sarsıdan hər kəs bu siyasətə əsasən ABŞ vizalarına uyğun sayılmaya və Birləşmiş Ştatlara girişi qadağan edilə bilər. Bu şəxslərin yaxın ailə üzvləri də bu məhdudiyyətlərə məruz qala bilərlər", - Blinken izah edib.

O, həmçinin ABŞ və Gürcüstan arasında əməkdaşlığa "hərtərəfli" yenidən baxıldığını bildirib. Vaşinqton indi Tbilisinin hərəkətlərini nəzərə alacaq.

15 may 2024

Aİ Gürcüstanın üzvlük ərizəsini dondura bilər

Avropa İttifaqı Gürcüstanın bloka üzvlük ərizəsini dondurmaq niyyətindədir. Bu barədə son günlər Gürcüstan və Aİ rəsmiləri arasında aparılan müzakirələrdən xəbərdar olan mənbəyə istinadən "The Financial Times" yazır.

Belə bir qərar xaricdən maliyyə alan təşkilatların "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edən mübahisəli qanun layihəsinin qəbulu ilə izah olunur.

Gürcüstanın qanunverici orqanı kütləvi etirazlara və bu təşəbbüsün ölkənin Avro-Atlantik istəklərini təhlükə altına salması barədə Qərbin xəbərdarlıqlarına məhəl qoymadan həmin qanun layihəsini dünən, mayın 14-də səs çoxluğu ilə qəbul edib.

Vaşinqton Gürcüstanla münasibətlərə 'əsaslı şəkildə' yenidən baxa bilər

"Xarici agentlər" haqqında qanunun qəbulu qətiləşərsə, Vaşinqton Gürcüstanla münasibətlərə "əsaslı şəkildə" yenidən baxa bilər. Bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib.

"Gürcü xalqı bu qanunla bağlı öz fikrini küçələrdə etiraz aksiyası keçirərək bildirdi. Bu həftəsonu Gürcüstan tarixindəki ən böyük etirazların bəzilərini gördük. On minlərlə dinc etirazçı hədə-qorxu taktikasından qorxmayaraq öz hökumətlərini bu qanuna qarşı çıxmağa çağırıblar, çünki onlar Avro-Atlantik gələcək istəyirlər. Görək parlament nə edir, lakin bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək", - Ağ evin mətbuat katibi bildirib.

Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul etdi

Gürcüstan parlamenti tənqidçilərin Rusiyanın "xarici agentlər" barədə repressiv qanununun analoqu adlandırdıqları "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü, sonuncu oxunuşda qəbul edib.

Sənədin lehinə 150 deputatdan 84-ü – qanun layihəsinin təşəbbüskarı olan "Gürcü arzusu"nun nümayəndələri və onların müttəfiqləri səs verib. 30 deputat əleyhinə səs verib. Qərardan əvvəl gedən müzakirə zamanı deputatlar dalaşıblar, əlbəyaxa davaya keçiblər.

Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl qanun layihəsi parlamentdə qəbul olunacağı təqdirdə ona veto qoyacağını vəd edib. Bununla belə, "Gürcü arzusu" prezidentin vetosunu aşmaq üçün kifayət qədər səsə malikdir. Bundan sonra da prezident qanunu imzalamazsa, onu parlamentin sədri imzalaya bilər və dərc olunar.

Qanun imzalanarsa, təşkilatlar və vətəndaş qrupları maliyyələrinin 20 faizindən çoxunu xaricdən alırlarsa, "xarici agent" kimi qeydiyyatdan keçmələri tələb ediləcək. Layihənin təşəbbüskarları bildirirlər ki, bu qanun Gürcüstanı etiraz aksiyalarının, radikal partiyaların və təbliğat mediasının xaricdən maliyyələşdirilməsindən qorumaq üçün lazımdır. Qanunun pozulması ağır cərimə ilə nəticələnəcək. Müəlliflər bildirirlər ki, onlar Rusiyanın deyil, Amerika qanunvericiliyinin normalarını götürüblər.

Müxalifət, xüsusən də həbsdə olan Mixeil Saakaşvilinin Vahid Milli Hərəkatının tərəfdarları hesab edirlər ki, bu sənəd vətəndaş cəmiyyətinə qarşı repressiyaları qanuniləşdirəcək, Gürcüstanın Qərbdən üz döndərməsinə və "Rusiyanın zəbtinə" gətirib çıxaracaq.

Dekabrda Gürcüstana Avropa blokuna namizəd ölkə statusu verən Avropa İttifaqı (Aİ) bu qanunun qəbulunun onun dəyərlərinə uyğun olmadığını və həmin ölkənin bu birliyə üzvlüyünü təhlükə altına atacağını bildirib.

On minlərlə Gürcüstan vətəndaşı da qanun layihəsinin əleyhinədir. Artıq bir aydan çoxdur ki, onlar ölkənin müxtəlif şəhərlərində Gürcüstan, Aİ bayraqları və "Rusiya qanunu"nu qəbul etməmək tələbi ilə küçələrə çıxırlar. Etirazlarda polislə toqquşma olub. Polis güc tətbiq edib və, onun ifadəsi ilə, "ictimai asayişi pozan" etirazçıları saxlayıb. Ölkədə "xarici agentlər" qanun layihəsinə qarşı tələbə tətili də keçirilir.

Keçən il kütləvi etirazlardan sonra Gürcüstan parlamenti "Gürcü arzusu"nun səsvermədən keçirməyə çalışdığı "xarici agentlər" haqqında qanun layihəsini rədd etmişdi. Bu il hakim partiyanın parlament fraksiyasının lideri Mamuka Mdinaradze qanun layihəsinin heç bir halda geri götürülməyəcəyini bəyan etmiş və onun yaz sessiyasının sonuna qədər qəbul olunacağına əminliyini bildirmişdi. Qanun layihəsini dəstəkləmək üçün Tbilisidə "Gürcü Arzusu" liderlərinin təşkil etdiyi mitinq də keçirilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Saakaşvilinin şikayətini rədd edib

Mixeil Saakaşvili klinikadan video bağlantısında
Mixeil Saakaşvili klinikadan video bağlantısında

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 23-də Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin şikayəti üzrə qərarını dərc edib.

Saakaşvilinin şikayəti onun barəsində Gürcüstanda qaldırılmış iki cinayət işi ilə bağlı idi.

AİHM bildirir ki, keçmiş prezident bu məsələlər barədə Gürcüstan məhkəmələrində qəbul olunmuş qərarların ədalətsiz olmasına dair kifayət qədər sübut təqdim edə bilmədiyindən ona rədd cavabı verilib.

Sözü gedən cinayət işlərində söhbət 2005-ci ildə müxalifət deputatının döyülməsindən və 2008-ci ildə qətlə görə məhkum edilmiş 4 keçmiş DİN əməkdaşının qanunsuz əfv edilməsindən gedir.

AİHM hakimləri yekdilliklə qərara gəliblər ki, Saakaşvili bu işlər üzrə ədalətli mühakimədən məhrum edilməyib.

Hakimlər belə qərara gəliblər ki...

Hakimlər habelə 5 leyhinə, 2 əleyhinə olmaqla belə qənaətə gəliblər ki, Gürcüstan hakimiyyəti Avropa Konvensiyasının cinayət olmayan işə görə cəzalandırmaya dair maddəsini də pozmayıb.

Saakaşvili şikayətində iddia edirdi ki, ona qarşı ittihamlar siyasi motivli olub.

Lakin AİHM-in qərarında deyilir ki, ittihamlar “ciddi və əsaslandırılmış” sayılmalıdır.

Hakimlərin fikrincə mühakimə mübahisələndirilib və məhkəmə öz qərarını əsaslandırıb.

Mixeil Saakaşvili bir deputatın döyülməsi ittihamı üzrə 2018-ci ildə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onun barəsində habelə digər iş, qətllə bağlı məhkumların qanunsuz əfv edilməsi işi ilə bağlı 3 il həbsxana hökmü çıxarılıb.

“Gürcü dövlətinin tam qələbəsi”

Saakaşvili 2021-ci ilin payızında Gürcüstana qayıtdıqdan sonra hazırda 9 illik həbsxana cəzasını çəkir.

Bununla belə o, xeyli müddətdir ki, səhhəti ilə bağlı Tbilisidəki özəl klinikada saxlanır.

Saakaşvili əmindir ki, ona qarşı cinayət təqibi siyasi motivlidir. O iddia edir ki, bu məsələdə Tbilisi Kremlin sifarişini yerinə yetirir.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze AİHM-in qərarını “gürcü dövlətinin tam qələbəsi” adlandırıb.

Bu da qeyd olunmalıdır ki, AİHM-in qərarı Gürcüstanda “xarici agent” qanununa qarşı etirazlarla eyni vaxta təsadüf edib.

Saakaşvilinin tərəfdarları bu aksiyalarda fəal iştirak edirlər.

Baş Qərargah rəisinin müavini korrupsiya işi üzrə həbs edilib

Vadim Şamarin (sağda) Rusiya Müdafiə Nazirliyi kollegiyasının iclasında.
Vadim Şamarin (sağda) Rusiya Müdafiə Nazirliyi kollegiyasının iclasında.

Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarini xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edib. Bu barədə RBK-ya məhkəmənin mətbuat xidmətindən bildirilib.

Hələlik, ittihama onun münasibəti bəlli deyil.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, generalın evində axtarış aparılıb. Daha sonra o, dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

V.Şamarin Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi vəzifəsini tutur. Bundan əvvəl qoşunlarda rabitəyə cavabdeh olan daha iki yüksək rütbəli general həbs edilmişdi.

2020-ci ildə V.Şamarinin idarə rəisi vəzifəsində sələfi general-polkovnik Xəlil Arslanov korrupsiya işi üzrə həbs edilib. O, 6.7 milyard rublu (74 milyon 300 min dollar) mənimsəməkdə ittiham olunub. Söhbət telekommunikasiya avadanlıqlarının şişirdilmiş qiymətlərlə tədarükündən gedirdi.

Uzun illərdir ki, hərbi ekspertlər müasir kommunikasiyaların çatışmazlığını Rusiya ordusunun əsas problemlərindən biri adlandırırlar. Qeyd olunur ki, bu, həm 2008-ci ildə Gürcüstanda hərbi münaqişə zamanı, həm də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü zamanı yüksək itkilərə səbəb olub.

14 may 2024
Yuri Kuznetsov
Yuri Kuznetsov

Rusiya ordusunun Kadrlar İdarəsinin rəisi saxlanıb

Rusiya Müdafiə Nazirliyi (MN) Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov korrupsiya işi ilə bağlı həbs edilib, - İstintaq Komitəsi mayın 14-də səhər saatlarında bildirib.

General kommersiya strukturlarının nümayəndələrindən onların xeyrinə müəyyən hərəkətlər etmək üçün rüşvət almaqda şübhəli bilinir.

İstintaq Komitəsinin məlumatına görə, axtarışlar (iş yerində, evində) zamanı 100 milyon rubldan (1 milyon 96 min dollar) çox pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar aşkar edilərək müsadirə olunub.

2010-2023-cü illərdə Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu orqan MN tərkibində dövlət sirrinin mühafizəsi xidmətinin məsələləri ilə məşğul olur.

Kuznetsov 2023-cü ilin mayında Rusiya MN Kadrlar Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Buna qədər, aprelin 23-də İstintaq Komitəsi MN-nin rəis müavini general Timur İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlandığını elan edib. İvanov hərbi tikinti kompleksinə nəzarət edirdi. Ertəsi gün Moskvanın Basman məhkəməsi istintaqın tələbi ilə generalı ilkin dövr üçün iyunun 23-dək həbsə göndərib.

Onunla birlikdə iş üzrə digər təqsirləndirilən - işadamı Sergey Borodin də məhkəməsinə qədər 2 ay müddətinə həbs edilib. Aprelin 25-də bu işlə bağlı üçüncü təqsirləndirilən– "Olimpsitistroy" şirkətinin təsisçisi Aleksandr Fominin həbsi barədə məlumat yayılıb. O, rüşvət verməkdə ittiham olunur.

Mayın 12-də müdafiə naziri Sergey Şoyqu vəzifəsindən uzaqlaşdırılıb. O, Nikolay Patruşevin yerinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

Lüksemburq Bakını bütün hərbi əsirləri azad etməyə çağırır

Klod Vizler
Klod Vizler

Lüksemburq Bakını bütün hərbi əsirləri dərhal azad etməyə və bütün itkin düşmüş şəxslər haqqında hərtərəfli məlumat verməyə çağırır.

Bu barədə Lüksemburq Deputatlar Palatasının spikeri Klod Vizler mayın 22-də Ermənistan Milli Assambleyasında çıxış edərkən bildirib.

"Ədalət və bəşəriyyət bu insanların gecikmədən azad olunmasını, ailələrin layiq olduqları cavabları almalarını tələb edir", - Vizler deyib.

Lüksemburq Deputatlar Palatasının sədri Ermənistan-Azərbaycan sülh danışıqlarının uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Bununla belə, Avropa rəsmisinin fikrincə, davamlı sülhə gedən yolda dürüst və konstruktiv dialoqun inkişaf edə biləcəyi forumun yaradılması vacibdir. Ona görə də onlar hərbi əsirlərin azad olunmasına çağırırlar.

Altı gün əvvəl Lüksemburq Deputatlar Palatası analoji çağırış ilə qətnamə qəbul etmişdi. Sənəddə Almatı Bəyannaməsi (1991) ilə region ölkələrinin ərazi bütövlüyünün tanındığı vurğulanıb, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və regionda diplomatik münasibətlərin normallaşdırılması istiqamətində iş təqdir olunub. Lüksemburq qanunvericiləri habelə Ermənistanın demokratik tərəqqisini, Roma Statutunun ratifikasiyasını alqışlayıblar, yeni tərəfdaşlıq proqramı vasitəsilə Avropa İttifaqı-Ermənistan əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Ermənistan hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda Qarabağ separatçılarının keçmiş rəhbərləri də daxil olmaqla 23 erməni əsilli şəxs saxlanılır.

Milli Məclis pisləyir

Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatası sədrinin fikirlərini "qərəzli və absurd" adlandırıb, müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəllədiyini bəyan edib.

" ...Onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər", - Azərbaycan parlamentinin bəyanatında vurğulanır.

Üç ölkə Fələstin dövlətini tanıdı

BMT Baş qərargahının qarşısında Fələstin bayrağı
BMT Baş qərargahının qarşısında Fələstin bayrağı

Norveç, İrlandiya və İspaniya Fələstini müstəqil dövlət kimi tanıyıb.

Bununla bağlı qərarlar mayın 28-dən qüvvəyə minməlidir.

İsrail isə buna cavab olaraq Oslo, Dublin və Madriddəki səfirlərini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Sloveniya iyunun 13-də Fələstin dövlətini tanımağa hazırlaşır

Lyublyana Fələstinin dövlət kimi tanınması prosesinə başlayıb və müvafiq təklif iyunun 13-də parlamentə təqdim olunacaq, - Sloveniyanın xarici işlər naziri Tanya Fayon mətbuata açıqlamasında bildirib.

O, Fələstinin müstəqilliyinin tanınması prosesini dönməz hesab edib.

"Şadam ki, hökumət Fələstini tanımaq prosesindədir. Bununla Sloveniya Yaxın Şərqdə sülhün və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinin zəruriliyi barədə aydın siqnal göndərir", - o vurğulayıb.

Mayın 8-də Baham adaları Fələstini müstəqil dövlət kimi rəsmən tanıdığını elan edib. Keçən ay Barbados və Yamayka Fələstini tanımaq qərarını açıqlamışdı.

Bugünədək BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstin Dövlətini tanıyıb.

1988-ci ildə qurulmuş Fələstin Dövləti Şərqi Qüds də daxil, 1967-ci il müharibəsindən bəri İsrailin nəzarəti altında olan İordan çayının qərb sahili və Qəzza zolağı üzərində suverenliyini elan edib.

Xatırlatma

İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verib. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb. Nəticədə tərəflər arasında münaqişə yaranıb.

Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.

Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.

Rusiya orbitdə antikosmik silah yerləşdirmiş ola bilər

Pat Rayder
Pat Rayder

Amerika Birləşmiş Ştatları (ABŞ) hesab edir ki, Rusiya artıq kosmosa antikosmos silahı ilə bir neçə uçan aparat göndərib.

Pentaqonun sözçüsü Pat Rayderin mayın 21-də deməsinə görə, beş gün əvvəl Rusiyanın kosmosa buraxdığı peyk, çox güman ki, Yerin aşağı orbitində peyklərə hücum edə bilən kosmik silahdır.

Onun Amerika peykləri üçün təhlükə olub-olmaması ilə bağlı sualın cavabında Pentaqon sözçüsü vurğulayıb ki, bu, onların peykləri ilə eyni orbitdə yerləşən peyk əleyhinə silahdır: "Şübhəsiz ki, biz bu obyekti izləyəcəyik".

"Reuters" izah edir ki, söhbət Rusiyanın "Kosmos 2576" peykindən gedir, o, 2019, 2022-ci illərdə buraxılan və Pentaqonun kosmik silah olduğunu təxmin etdiyi Rusiya peyklərinə bənzəyir. Bu peyklərdən biri uzun müddət Amerika kəşfiyyat peykini izləyib. ABŞ analitiklərin sözlərinə görə, yeni Rusiya peyki ölkələrinin "USA-314" kəşfiyyat peyki ilə eyni orbitə çıxarılıb və, yəqin ki, gələcəkdə onun yağınlığında olacaq.

Kosmosa silah yerləşdirilməsi məsələsi son həftələrdə BMT-də Rusiya ilə ABŞ arasında qarşıdurmaya səbəb olub.

Ermənistan AES-in ömrünü uzatmaq üçün lazımi tədbirlər görüb- Mirzoyan

Metsamor Atom Elektrik Stansiyası
Metsamor Atom Elektrik Stansiyası

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi ilə görüşərək Metsamor Atom Elektrik Stansiyasının (AES) gələcək təhlükəsiz və etibarlı istismarı məsələlərini müzakirə edib.

Ermənistan tərəfinin məlumatına görə, Mirzoyan qeyd edib ki, ölkəsi nüvə enerjisinin əhəmiyyətindən və milli prioritetlərdən çıxış edərək AES-in ömrünün 2036-cı ilə qədər uzadılması üçün lazımi tədbirlər görüb.

Mirzoyan ilə Qrossi energetika, səhiyyə, xüsusilə onkologiya və radiasiya təbabəti sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan uzun illərdir ki, Metsamor (Ermənistan) AES-in region üçün təhlükə yaratdığını iddia edir. 2023-cü ilin oktyabrında Türkiyə parlamentinin petisiya komitəsinə bu ölkənin sərhədindən 16 kilometr aralıda yerləşən Metsamor AES-in bağlanması ilə bağlı tədbirlər görülməsi üçün vətəndaşlardan müraciət daxil olduğu açıqlanıb. Ərizənin müəllifləri stansiyanın istismar müddətinin başa çatması səbəbindən təhlükəli ola biləcəyindən narahat olduqlarını bildiriblər.

Bu ilin martında Brüsseldə Atom Enerjisi üzrə birinci Sammitdə Ermənistan baş naziri Nikol Paşinyan nüvə enerjisinin ölkəsinin strategiyasının təməl daşı olduğunu bəyan edib. O vurğulayıb ki, Ermənistanın nüvə təhlükəsizliyinin təmin olunmasında IAEA ilə fəal əməkdaşlıq edilir və onların tövsiyələri, bütün öhdəliklər yerinə yetirilir.

1976-cı ildə istismara verilən Metsamor AES Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təmin edir.

'Dini liderin ətrafına toplaşan qrup bu vəzifədə Əli Xameneinin oğlunu görmək istəyir', - 'Hürriyet'

 İbrahim Rəisi
İbrahim Rəisi

Türkiyənin "Hürriyet" qəzeti yazır ki, İran prezidenti İbrahim Rəisinin ölümü bu ölkədə hakimiyyət uğrunda daxili mübarizə ilə bağlı ola bilər.

Mayın 19-da İranın şimal-qərbində Verzeqan bölgəsində prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb. Onlar həlak olublar.

Nəşrdə qeyd edilir ki, hazırkı ali dini lider Əli Xameneinin yaşının çox olması ilə əlaqədar İranda dini rəhbərlikdə hakimiyyət uğrunda mübarizə gedir.

"Rəisi dini lideri seçəcək nümayəndə heyətinin tərkibində idi və həmin posta ən güclü namizədlərdən biri idi. Lakin dini liderin ətrafına toplaşan qrup bu vəzifədə Əli Xameneinin oğlu Müctəba Xameneini görmək istəyir", - qəzetdə yazılıb.

"Helikopter qəzası məsələsində diqqət Rəisi üzərindədir, lakin xarici işlər naziri Hüseyn Abdullahian İran rejiminin mühüm fiqurlarından sayılırdı. O, Rəisidən sonra prezidentliyə namizədlərdən biri idi. Əgər ona qarşı sui-qəsd olubsa, bu, bir daşla iki quş vurmaq deməkdir", – müəllif vurğulayır.

"Hürriyet" İran prezidentinə nə üçün kifayət qədər avadanlığı olmayan helikopter ayrıldığına da diqqət çəkir. "Əksinə, prezidentə ən yaxşı təchiz olunmuş helikopterlər ayrılmalı idi. Hava şəraiti helikopterlərin uçuşu üçün təhlükəli idisə, prezidenti niyə ora apardılar?", - hökumət dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi sual edir.

Onun sözlərinə görə, hərbi və mülki təyyarələr ilə helikopterlərdə quraşdırılan ELT cihazı nəinki havada hərəkəti izləməyə imkan verir, həm də hava limanlarında eniş və uçuş zamanı olmazsa-olmaz sayılır: "Peyk izləməni təmin edən ELT cihazı hətta gəmilərdə də var. Yeganə istisna odur ki, pilotlar xüsusi xidmətlərin istifadə etdiyi təyyarələrdə məxfi tapşırıqları yerinə yetirərkən yaxalanmamaq üçün onu söndürə bilər. Bəs niyə o, prezidenti aparan helikopterdə yox idi? Doğrudanmı prezident hətta ELT cihazı olmayan helikopterdə daşınıb?".

Davamı

XS
SM
MD
LG