Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:29

Rusiya Suriyada “hava zərbələrini davam etdirəcəyini” bildirib


Rusiya müdafiə naziri Sergei Shoigu (sağda) müavini Nikolai Pankovla

Rusiya müdafiə naziri Sergei Shoigu (sağda) müavini Nikolai Pankovla

Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov deyib ki, “hələlik terrorizmin məğlub olduğunu söyləmək çox tezdir”

Rəsmi Moskva bildirib ki, Rusiyanın əsas döyüş qüvvələrinin Suriyadan çıxarılmasına baxmayaraq onun hərbi təyyarələri havadan raket zərbələrini davam etdirəcək.

Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov deyib ki, “hələlik terrorizmin məğlub olduğunu söyləmək çox tezdir”.

Rusiya əsas qüvvələrinin çıxarılmasına çərşənbə axşamı başlayıb və Rusiya telekanalları daimi bazalarına qayıdan təyyarələri göstərir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Rusiyanın Suriyadakı əsas döyüş qüvvələrini çıxarmaq qərarını alqışlayıb və deyib ki, bu addım Cenevrə sülh danışqlarına müsbət impuls verə bilər.

Bəyanatdan sonra bombardman

Xəbər verilir ki, prezident Vladimir Putin əsas qüvvələrin çıxarılması barədə bəyanatı verdikdən sonra Rusiya təyyarələri qədim Palmira yaxınlığındakı İD mövqelərinə zərbə endirib.

Rusiya təyyarələri Palmiradakı İD mövqelərinə zərbə endirib

Rusiya təyyarələri Palmiradakı İD mövqelərinə zərbə endirib

Livanın əl-Manar telekanalı və Londondakı Suriya müxalifətçiləri Suriya ordusunun Palmira üzərinə yürüşə başladığını bildiriblər.

İslam Dövləti adlandırılan təşkilat Palmiranı ötən mayda tutduqdan sonra qədim şəhərdəki UNESCO mədəniyyət irsi nümunələrinin dağıdılmasına başlayıb.

Buna baxmayaraq, Rusiya telekanalları Su-24 taktiki bombardmançılarının, Su-25 qırıcılarının, Su-34 zərbə təyyarələrinin və helikopterlərinin vətənə qayıtmaqda olduğunu xəbər verir.

S-400 çıxarılmayacaq

Bununla belə, cənab Pankov deyib ki, Rusiya qüvvələrinin hava qruplaşması Suriyada qalacaq.

O bildirib ki, “terrorçuların mövqe və qurğularına hava zərbələri davam etdiriləcək”.

Müasir S-400 raket sistemi Suriyadan çıxarılmayacaq

Müasir S-400 raket sistemi Suriyadan çıxarılmayacaq

Başqa bir rəsmi, parlamentin müdafiə komitəsinin rəhbəri Viktor Ozerov deyib ki, 800 əsgərlik iki batalyon Hmeymim və Tartus bazalarının mühafizəsi üçün Suriyada qalacaq.

O İnterfax agentliyinə deyib ki, Suriya hərbçilərinə təlim verən zabitlər də missiyanı davam etdirəcəklər.

Kreml administrasiyası isə bəyan edib ki, S-400 təkmil raket sistemi də Suriyadan çıxarılmayacaq.

Rusiyanın əsas müttəfiqi – Assad rejiminin nümayəndələri qüvvələrin çıxarılması ilə bağlı Moskva və Dəməşq arasında hər hansı fikir ixtilafının olması barədə şayiələri rədd ediblər.

Minlərlə öldürülən

Qərb mediası yazır ki, Rusiyanın Suriyaya nə qədər qüvvə gətirdiyi bilinmir, lakin ABŞ-ın təxminlərinə görə Suriyadakı Rusiya qoşunlarının sayı 3000-6000 arasında olub.

Rusiyanın Suriyadakı hərbi missiyasının nəticələri barədə danışan müdafiə naziri Sergei Shoigu deyib ki, Rusiyanın döyüş təyyarələri kampaniya ərzində 9 min uçuş edib, 2 min “quldur” öldürülüb və Suriya hökumətinin 10 min kvadrat kilometrlik əraziyə, 400 yaşayış məntəqəsinə nəzarəti bərpa olunub.

Lakin Suriya müxalifətinin məlumatına görə Rusiyanın hərbi kampaniyası nəticəsində 429 uşaq da daxil 1733 mülki öldürülüb.

Müxalifət həmçinin hava reydlərində 1492 qiyamçının və Əl-Qaeda döyüşçüsünün, habelə 1183 İD cihadçısının öldürüldüyünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG