Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 06:55

Rusiyanın Suriyada savaşa qoşulmasından düz bir il ötür. Ötən il sentyabrın 30-da rus təyyarələri Suriya müxalifətini bombalamağa başlayanda, Bashar Assad hökuməti son günlərini yaşayırdı. Ölkənin çox az hissəsinə nəzarət edən və tam ruhdan düşən hökumət qüvvələrini artıq özlərinə rəqib saymadıqlarından, liberal və radikal müxalif qruplaşmalar öz aralarında döyüşürdülər.

Suriyada hərbi əməliyyat başlanmasının ertəsi günü Rusiya prezidenti Putin televiziyada xalqa müraciətində belə demişdi: «Beynəlxalq terrorçularla mübarizənin ən yaxşı yolu onların bizə hücumunu gözləmədən elə öz yerlərindəcə məhv etməkdir».

Ancaq son bir ilə göz atanda görünür ki, Rusiya hava zərbələrinin hədəfi heç də həmişə İŞİD və ya «Əl-Qaidə»yə bağlı «Əl-Nusra» Cəbhəsi olmayıb. Liberal müxaliflər və hətta mülki insanlar da Rusiya bombardmanlarından acı nəsibini alıb.

Bu bir ildə Rusiyanın hava hücumları nəticəsində 9 min 364 insan həlak olub.

Bunu Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir. Məlumata görə, ölənlərdən 2 min 746-sı İŞİD üzvü olduğu halda, 2 min 814-ü başqa qiyamçı qüvvələrə aid şəxslər, 3 min 804-ü isə ümumiyyətlə mülki şəxslərdir. Həlak olmuş dinc sakinlərdən 906-sı uşaqdır.

Buna da bax-Rusiya Suriyanı Xəzərdən vurdu

RUSİYA NƏ VAXTADƏK SURİYADA QALACAQ?

Rusiya Suriya savaşına başlarkən verilən sual hələ də açıq qalır: Ruslar nə vaxtadək və hansı məqsədə yetişənədək burada qalacaqlar?

Rusiya bombardmançı təyyarələrinin zərbələrini, zaman-zaman, praktik baxımdan səmərə verməsə də, Xəzər və Aralıq dənizlərindəki hərbi gəmilərdən atılan raketlər də müşayiət edib. Üstəlik, Moskva Assad ordusunu ABŞ və Səudiyyə Ərəbistanının tank əleyhinə raketlərinə qarşı dayanıqlı olan müasir T-90 tankları ilə təchiz edib.

Bütün bunların nəticəsidir ki, Assad hakimiyyəti bu gün nəinki son günlərini yaşamır, tam tərsinə, daha çox əraziyə nəzarət edir. Hökumət qüvvələri hazırda ölkənin ikinci böyük şəhəri olan Hələbi tutmağa çox yaxındır.

Moskvanın Yaxın Şərqdəki son müttəfiqini ayaq üstə saxlaması Rusiyanın regiona qayıdışına işarədir. Bu, Sovet İttifaqının rüsvayçı Əfqanıstan məğlubiyyətindən sonra onun siyasi varisi Rusiyanın SSRİ sərhədlərindən kənarda ilk hərbi kampaniyasıdır. Bu baxımdan həmin kampaniyanı hər hansı uğura calamaq Kremldən ötrü çox önəmlidir. Reallıqsa tam başqadır: Rusiya Suriyada qələbə ilə yox, pat vəziyyəti ilə üz-üzədir.

Hələb bombardmandan sonra

Hələb bombardmandan sonra

HUMANİTAR FƏLAKƏT YAŞAYAN HƏLƏB HƏLƏ DƏ BOMBALANIR

Moskva və Vaşinqtonun vasitəçiliyi ilə sentyabrın 9-da əldə olunmuş atəşkəs rejimi öncə ABŞ təyyarələrinin İŞİD əvəzinə yanlışlıqla Assad qüvvələrini vurması, ardınca da Rusiya və Assad qüvvələrinin Hələbə gedən beynəlxalq yardım konvoyuna zərbə endirməsi ilə pozuldu. Elə o gündən Hələbin müxaliflərin nəzarətindəki hissəsini Rusiya və hökumət qüvvələri aramsız bombalayır.

Vaşinqton bildirib ki, Hələbin bombardmanı dayandırılanadək Moskva ilə danışıqları kəsəcək. Rusiya isə bombardmana ara vermək fikrində deyil. Əksinə, xarici işlər naziri Sergei Lavrov Amerikanı «Əl-Nusra» qruplaşmasını himayə etməkdə günahlandırıb. «Biz getdikcə daha əminliklə belə düşünürük ki, ABŞ-ın lap əvvəldən «Əl-Nusra»nı B planı, yaxud rejimin dəyişməsini nəzərdə tutan ikinci mərhələ üçün qoruyub saxlamaq fikri olub», - Lavrov BBC-yə müsahibəsində belə deyib.

Bu həftə Ağ Ev Assad rejiminə qarşı hərbi əməliyyat da daxil, daha sərt tədbirləri nəzərdən keçirdiyini açıqlayıb. ABŞ gerçəkdən hərbi əməliyyata əl atsa, Moskvanın köməyilə qazandığı «Pirr qələbəsi»ndən başqa rəsmi Dəməşqin əlində bir şey qalmayacaq («Pirr qələbəsi» deyərkən, heç bir uduş gətirməyən və sonu məğlubiyyətlə bitən qələbə nəzərdə tutulur. Kral Pirr miladdan öncə 279-cu ildə Roma legionuyla döyüşdə belə bir anlamsız qələbə qazanmış və sonra bənzər qələbələr onun adıyla adlandırılmışdı – red.).

Buna da bax-'Arvadım İŞİD-ə qoşulub'

Günün bütün mövzuları

XS
SM
MD
LG