Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:35

'Seçkidən sonra çətin olacaq'


Rus pensioner
Rus pensioner

«Bir azca da dözsək...». Gazeta.ru Rusiya hökumətinin seçkidən sonrakı strategiyası barədə yazını istehzayla belə adlandırıb.

Müəllif elə ilk cümlədən hökumətin ölkəni iqtisadi böhrandan çıxarmaq, beynəlxalq münasibətləri yaxşılaşdırmaqla bağlı xüsusi ideyasının olmadığını deyir. Seçkilərdən sonra vergi və yığımların kəskin şəkildə artacağını, 2017-ci ildə Rusiyada mənzil-kommunal xərclərinin çoxalacağını, işığın, qazın bahalaşacağını, sosial öhdəliklərin azalacağını vurğulayan sayt yazır: «Minimal iqtisadi dirçəlişə hər şeyə qənaət etməklə və daha çox xalqın hesabına nail olmaq niyyətindədirlər, büdcəni planlayarkən Nazirlər Kabineti bu fikrə əsaslanır».

Müəllif baş nazir Dmitry Medvedev-in yeni büdcə planları barədə məqaləsini şərh edir, bildirir ki, nazir yalnız şüarlar səsləndirir, məqalədə diqqəti çəkən ən güclü ideya yenə xalqın hesabına qənaət etməkdir. Halbuki 7 il əvvəl dərc olunmuş «İrəli, Rusiya!» məqaləsində Medvedev ölkəni istehsalın, nəqliyyatın, enerjidən istifadənin keyfiyyətinə görə liderə çevirəcəklərinə söz verirdi. Yeni yanacaq növlərinin hazırlanacağını, nüvə texnologiyalarının keyfiyyətinin artırılacağını, ölkəni tibbi avadanlıqların, dərmanların istehsalı üzrə irəli çəkəcəklərini, Rusiyanın yeni informasiya texnologiyalarından istifadə edərək qlobal informasiya şəbəkəsinə təsir edəcəyini deyirdi. Bu ideyaların heç biri reallaşmadı.

«İşi görənlər hanı? İşə, deyəsən, heç başlamayıblar da...», - məqalədə oxuyuruq.

Dmitry Medvedev
Dmitry Medvedev

İNDİ HEÇ VƏD DƏ VERMİRLƏR

Müəllif Medvedev-in 7 il əvvəlki məqaləsini indiki ilə müqayisə edərək, indi Nazirlər Kabinetinin heç vəd də vermədiyini vurğulayır: «Struktur islahatları barədə çox söz deyilir, amma islahat deyəndə, nəyin nəzərdə tutulduğu aydın deyil».

Medvedev yeni məqaləsində neftin qiymətinin Rusiyanın düşmənləri arasındakı siyasi razılaşmaya əsasən düşdüyünə işarə edir və elə danışır ki, guya iqtisadçılar neftin həmişə 100 dollar olmayacağını deməmişdilər. Ən başlıcası isə odur ki, nazir hökumətin istiqamətini göstərərək, siyasətin iqtisadiyyatdan, təhlükəsizliyin rifahdan vacib olduğunu vurğulamağa çalışır. Gazeta.ru bu gün Rusiyada istənilən iqtisadi planlamanın bu sərt çərçivə daxilində aparıldığını yazır: «Hazırda Rusiya rəsmiləri ölkənin sanksiyalara tab gətirməsindən fəxrlə danışır, Rusiya iqtisadiyyatının parça-parça olduğunu deyən Obama-ya istehza edirlər. Amma nəzərə almırlar ki, qərbli siyasətçi üçün əhalinin gəlirlərinin ilə 7% düşməsi elə iqtisadiyyatın param-parça olması deməkdir».

Rusiyada seçkilər
Rusiyada seçkilər

SEÇKİDƏN SONRA ÇƏTİN OLACAQ

Müəllif yazır ki, hökumətdəkilərə böhrana davam gətirmələri ilə qürrələnməyə imkan verən amil odur ki, rus xalqı həyat səviyyəsinin pisləşməsinə daha etiraz aksiyaları ilə deyil, «bundan da pis ola bilərdi» deyərək reaksiya verir. Ona görə də, iqtisadiyyatın bu dönəmini xalqdan pul qopartmaq hesabına keçməkdən başqa yol görünmür. Büdcə strategiyasının müəllifləri bilirlər ki, sanksiyalar yaxın 3 il ərzində ləğv olunan deyil. Deməli, Qərb və Rusiyanın bir-birinə yaxınlaşmağını da gözləmirlər.

Beləliklə, Rusiya hökumətinin yaxın gələcək üçün nəzərdə tutduğu strategiya vəziyyəti prezident seçkilərinə qədər uzatmaq, xalqı çox qıcıqlandırmamaq, xırda artımlara əsaslanaraq çıxışlar etməkdən ibarətdir. Amma seçkidən sonra vergiləri də, yığımları da, kommunal xərcləri də artırmalı olacaqlar. Yəni seçkiyə qədər sakitlik ola bilər, ancaq seçkidən sonra çətin olacaq. Əhali bunu nəzərə almalı, planlarını buna görə qurmalıdır. Qarşıda bir il var, əlbəttə, əgər prezident seçkilərini vaxtından əvvəl keçirmək qərarına gəlməsələr... Gazeta.ru belə yazır.

XS
SM
MD
LG