Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:36

Qəbələ RLS artıq Moskvanı maraqlandırmır?


Qəbələ RLS (2007-ci il)
Qəbələ RLS (2007-ci il)

Rusiya mediası Moskvanın Azərbaycandakı keçmiş “Daryal” radiolokasiya stansiyasının yerində yeni “Voronej” tipli stansiya tikməyəcəyini bildirib.

Rusiya özünün Azərbaycandakı keçmiş “Daryal” radiolokasiya stansiyasının yerində yeni “Voronej” tipli stansiya tikməyəcək.

RİA xəbər agentliyi bildirib ki, bu barədə məlumatı Rusiyanın Hava Kosmik Qüvvələrinin qərargah rəisi general-mayor Anatoli Nesteçuk RSN radiosunun “Genştab” proqramında səsləndirib.

Əvvəllər Qəbələ RLS kimi tanınan obyektin gələcəyinə dair suala cavab verərkən Nesterçuk deyib ki, “Rusiyanın sistem vasitələri yalnız onun öz ərazisində olmalı və üzərinə qoyulmuş vəzifələri etibarlı icra etməlidir”.

RİA xəbər agentliyi yazır ki, hazırda Rusiyanın xaricdə iki radiolokasiya stansiyası var. Bunlar Qazaxıstandakı “Dnepr” və Belarusdakı “Volqa” stansiyalarıdır.

General Nesteçuk: Rusiyanın sistem vasitələri yalnız onun öz ərazisində olmalı və üzərinə qoyulmuş vəzifələri etibarlı icra etməlidir

General Nesteçuk deyib ki, Rusiyada hətta bu stansiyaların əvəz edilməsi üçün kifayət qədər imkanlar var.

Raket Hücumu Xəbərdarlığı Sisteminə daxil “Voronej” RLS ballistik, kosmik və qanadlı raketlər də daxil aerodinamik obyektləri aşkarlamaq funksiyasını icra edir.

Ötən ay Rusiya, Azərbaycan və Ermənistan mediasında Rusiyanın 2017-ci ildə Azərbaycan ərazisində yeni “Voronej” tipli RLS tikəcəyi barədə xəbərlər yayılmışdı.

Bu da xəbər verilirdi ki, bu RLS-in əsasında yaradılacaq hərbi baza tamamilə Moskvanın tabeliyində olmalı idi.

Bəzi məlumatlarda Moskva və Bakı arasında bu xüsusda danışıqların aparıldığı və yeni bazanın müqabilində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək vəd edildiyi bildirilirdi.

Bu da qeyd olunmalıdır ki, general Nesteçuk RSN radiosuna müsahibəsində hər hansı hərbi bazalardan yox, yalnız RLS-lərdən danışıb.

XS
SM
MD
LG