Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:03

Rusiyada uşaqlara qoyulan adlar -'БОЧ рВФ 260602', 'Delfin'


Foto: arxiv
Foto: arxiv

Rusiyada uşağa qeyri-ənənəvi ad qoyulması yasaqlanır. Ölkə parlamenti “əndrəbadi adlara” qarşıdır

"Arvil", "Printsessa Daniella, “БОЧ рВФ 260602”… Bunlar Rusiyada yeni doğulan körpələrə qoyulan, bəzisi mənasız söz yığını olan adlardır. Və Rusiyada artıq belə adların qoyulması yasaqlanır. Ölkə parlamenti yeni doğulan uşaqlarına qeyri-ənənəvi adlar vermək istəyən valideynlərə mane olmaqdan ötrü qanun layihəsi hazırlayıb.

Yeni qanun valideynlərə nömrə, ixtisarlar, simvollar, pis sözlərdən ibarət, rütbə və bu kimi “adlar”ı uşaqlarına qoymağı qadağan edəcək. Qanun layihəsi oktyabrın 20-də parlamentin ailə, qadın və uşaq məsələləri komitəsində bəyənilib. Layihədə yeni doğulan körpələrə qoyulan adların qeydiyyatını aparan “ZAQS” (VVAQ) orqanına səlahiyyət tanınması nəzərdə tutulur ki, belə “əndrəbadi adlar”ı rəsmiləşdirməkdən imtina etsinlər və belə adlara doğum şəhadətnaməsi verilməsin.

Buna da bax: Valideynlər uşaqlarına Sevgilim, Ansambl, Limon adlarını verə bilməyəcək

Qanun layihəsinin izahında yazılıb ki, bu, sadəcə, uşaqları məktəbdə gülüş hədəfi olmaqdan, dava-dalaşdan qorumaq məqsədi daşıyır:

“Uşaqlarına qeyri-adi, ekzotik adlar verən valideynlər anlamırlar ki, onun oğlu və ya qızı öz uşaq cəmiyyətində hansı fəsadlarla, zərbələrlə üzləşə bilərlər”, – qanunun izahında qeyd edilir.

“Valideynlər uşaqlarına ad verməkdə nə qədər sərbəst olmalıdırlar?”

Perm vilayətində valideynləri uşağına Lusifer adını vermək istəyəndə, rəsmilər bir məsələni qaldırıblar – valideynlər öz uşaqlarına ad verməkdə nə qədər sərbəst olmalıdırlar?

Rusiya Dövlət Duması
Rusiya Dövlət Duması

Qanun layihəsinin müəlliflərindən biri, Valentina Petrenko deyir ki, belə nümunələr cəmiyyətin diqqətini valideynin uşağa istədiyi adı vermək hüququna yönəldir. Misal gətirir ki, Rusiyada doğulmuş uşaqlara qoyulan adlar siyahısında “Delfin”, Luka-Schastye Sammerset Oushen (Ray-Happiness Summerset Ocean) kimi adlar var. Ancaq o deyir ki, bu adlar qanun layihəsində kriteriyanı pozmur. “Printsessa Daniella”, “БОЧ рВФ 260602” kimi adların isə uşaqlara qoyulmasına, yəqin ki, qanun qüvvəyəminəndən sonra icazə verilməyəcək.

Buna da bax: «Nəyə görə Günəş adı olar, Yupiter yox?»

“Adım “БОЧ рВФ 260602”dur”

“БОЧ рВФ 260602” adı 2002-ci ildə doğulmuş uşağa verilib. Bu adın açıqlaması belədir ki – 2002-ci il iyunun 26-da doğulan Voronin Frolova bioloji insan varlığıdır. Daha doğrusu, bu sözlərin baş hərflərindən və rəqəmlərdən quraşdırılıb:

“Biological Human Object Born Of Voronin-Frolova on June 26, 2002”.

Adların qeydiyyatını aparan şöbə bu adı rəsmiləşdirməkdən imtina edib, ancaq valideynlər geri çəkilməyiblər.

Deputat Valentina Petrenko
Deputat Valentina Petrenko

Deputat Valentina Petrenko deyir ki, artıq 14 yaşında olan “Kiçik BOCh”un heç bir sənədi yoxdur:

“Çünki məhkəmə adı qeydiyyata almaqdan imtina edən Moskva VVAQ-nın ("Zaqs”) xeyrinə qərar verib”.

Xanım Petrenkonun sözlərinə görə, Rusiyanın zəngin ad tarixi var.

Sovet dövründə “Vladlen”, indi “Putin”, “Krım”

Sovet dövründə də sovet qəhrəmanlarının və inqilabla bağlı tədbirlərin adlarını uşaqlarına verən valideynlər olub: “Məsələn, Vladlen (Vladimir Lenin adının birləşməsindən), Oktyabrina, Arvil (V.Leninin ordusu) adlarını misal gətirmək olar.

Bu təcrübə geniş yayılmasa da, bəzi hallara rast gəlinir.

2015-ci ildə “İzvestisiya” yazıb ki, dekabrda doğulan bir körpəyə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın şərəfinə Krim adı verilib.

Keçən il bir körpəyə Putin adı qoyulub. Bu ilin sentyabrında doğulan bir körpəyə valideynləri “Stalin” adını verib, bu adın 2002-ci ildən uşaqlara qoyulması qeydə alınmamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG