Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:33

Deyəsən, Putin-in tonu dəyişib


 Vladimir Putin 18 mart 2016
Vladimir Putin 18 mart 2016

Rusiya prezidenti Vladimir Putin-in Federal Məclis önündə budəfəki illik çıxışında nə qəzəb vardı, nə də Qərbə ittihamlar

Putin-in bir il öncə Kremldəki bənzər çıxışının hədəfi Türkiyəni qınamaq və həmin ölkəyə nifrət oyandırmaq idi. Çıxış türk hərbi-hava qüvvələrinin Suriya yaxınlığında Rusiya təyyarəsini vurmasından bir neçə gün sonraya təsadüf edirdi. 2014-cü ildəki çıxışınsa əsas mövzusu Krımın ilhaqı və Şərqi Ukraynadakı təcavüzə cavab olaraq Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar idi.Həmin çıxış Qərbin, nəyin bahasına olur-olsun, Rusiyanı zəiflətməyə yönəlmiş qəddar planına həsr olunmuşdu.

70 dəqiqəlik çıxışın yarıdan çoxu...

Əvvəlki çıxışlarla müqayisədə bu il Putinin tonu daha barışdırıcı görünürdü. O, Qərbin sanksiyalarından lap az danışdı, onları "Rusiyanı yadların çaldığı havaya oynamağa, öz milli maraqlarını nəzərə almamağa məcbur etmək cəhdi" adlandırdı. Budəfəki çıxışda Türkiyənin də adı çəkilməyib.

Bun da bax: Putin ailəsinin milyardları- [Video]

Putin 70 dəqiqəlik çıxışının yarıdan çoxunu ölkənin daxili problemlərinə həsr edib. Əsasən, sosial müdafiədən, iqtisadi problemlərdən danışan Putin çıxışının sonuna yaxın xarici siyasətə toxunub:

«Bizə dostlar lazımdır, ancaq maraqlarımızın pozulmasına... imkan verməyəcəyik».

Amerika prezidenti Barack Obama və Rusiya president Vladimir Putin, 2015.
Amerika prezidenti Barack Obama və Rusiya president Vladimir Putin, 2015.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın administrasiyasından danışan Putin bildirib ki, Rusiya heç kimlə qarşıdurma istəmir və Suriya məsələsində əməkdaşlığa can atır:

«Əlbəttə, mən yalançı yox, real təhlükə ilə - beynəlxalq terrorizmlə mübarizədə ABŞ-la qüvvələrin birləşdirilməsinə ümid edirəm».

«Onun tonu yetərincə açıq və xeyli barışdırıcıdır»

«O, prinsipcə, Moskva etirazlarından və “Maydan”dakı ikinci etiraz dalğasından əvvəlki, Ukrayna və Suriya müharibələrindən öncəki tonuna qayıdıb. Beləliklə, onun tonu yetərincə açıq və xeyli barışdırıcıdır», - Moskva Carnegie Mərkəzindən Aleksandr Baunov belə deyib.

Buna da bax: Putin Qarabağ haqda danışır

Təhlilçilərin sözlərinə görə, Putin-in tonundakı dəyişiklik təkcə xarici siyasi əlaqələrin yaxşılaşdırılmasına ümiddən yox, həm də onun xarici siyasətdə bugünədək atdığı addımların düzgünlüyünə inanmasından qaynaqlanır.

«Putin Rusiyanın dünyadakı statusunu uğurla bərpa edib. Bütün dünyaya Rusiyanın hərbi gücünü öz sərhədlərindən uzaqlarda yaymağa qadir dünya dövləti olduğunu nümayiş etdirib», - «Kontrapunkt» jurnalının baş redaktoru Maria Lipman-ın sözləridir.

Moskva, parada hazırlıq 5 may 2012
Moskva, parada hazırlıq 5 may 2012

«Şübhəsiz ki, Rusiyanın güclənmədiyini görərik»

Bu yaxınlarda aparılan rəy sorğusunun nəticələrinə görə, Putin-in reytinqi 86 faizdir.

«...Digər tərəfdən, Rusiya iqtisadiyyatına baxsaq, şübhəsiz ki, Rusiyanın güclənmədiyini görərik. Putin bugünədək öz uğurunu - Rusiyanın əvəzsiz lideri kimi tanınmasını... öz vətəndaşları üçün üstünlüyə və inkişaf potensialına çevirə bilməyib», - yenə Lipman-ın sözləridir.

Putin öz çıxışında Rusiyanın kənd təsərrüfatı, informasiya texnologiyaları, inflyasiyanın və iqtisadi tənəzzülün sabitləşdirilməsi istiqamətində nailiyyətlərini qeyd edib. Bununla yanaşı, bir daha vurğulayıb ki, «iqtisadiyyatın tormozlanmasının əsas səbəbləri, ilk növbədə, daxili problemlərimizdən qaynaqlanır». Prezident həmin səbəbləri də açıqlayıb: «Hər şeydən öncə, bu, investisiya resurslarının, çağdaş texnologiyaların, peşəkar kadrların çatışmazlığı, rəqabətin yetərincə gəlişməməsi, işgüzar mühitdəki qüsurlardır».

Maria Lipman, 7 may 2009
Maria Lipman, 7 may 2009

Sıfır inkişaf xəbərdarlığı

Putin xəbərdar edib ki, uyğun tədbirlər görülməsə, Rusiya iqtisadiyyatı bir neçə il heç inkişaf edə bilməz.

Rusiya prezidenti çıxışında heç bir konkret çözüm yolundan söz açmayıb. Lipman-ın sözlərinə görə, o, dövlətin iqtisadiyyatdakı roluna "paternalist" münasibət ifadə edib: «Bu, dövlətin dominant, əsas nəzarətçi, rəhbər, hami və tənqidçi olduğu siyasətdir. Fikrimcə, zəruri olarsa, bu, davam etdiriləcək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG