Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

MDU-nun Jurnalistika Fakültəsinə 40 il rəhbərlik etmiş Zasursky bu gün bir çox məşhur tələbələrinə görə xəcalət çəkir

Əgər Rusiya jurnalistikasına hamilik edən bir müqəddəs varsa, o da Yasen Zasursky-dir. 85 yaşlı Zasursky Moskva Dövlət Universitetinin Jurnalistika Fakültəsinə 40 ildən çox rəhbərlik edib.

Onun əlindən indiyə kimi Rusiyanın ən məşhur, sayılan jurnalistləri təltiflər alıblar: 2003-cü ildə qəfildən müəmmalı şəkildə vəfat etmiş Yury Shchekochikhin, 2006-cı ildə Moskvada qətlə yetirilmiş jurnalist Anna Politkovskaya, “Ximkinskaya Pravda”nın 2008-ci ildə döyüləndən sonra bir daha yataqdan qalxa bilməyən redaktoru Mikhail Beketov və başqaları…

Dmitry Kiselyov müəlliminin üzünü ağarda bilməyib

Dmitry Kiselyov müəlliminin üzünü ağarda bilməyib

Zasursky keçmiş tələbələrinin hökumətin nəzarətində olan Rusiya televiziyalarında ulduz olmalarından heç də məmnun deyil.

“İndi televiziyadan informasiya almağa çalışmaq faydasızdır- hamısı rəsmi məlumatdır. Televiziyada analitik verilişlər yoxdur, bu verilişlərə baxmaq tamamilə yanlış nəticə çıxarmaq kimi risk yaradır. Televiziya kanallarında öz fikri olan bircə jurnalist belə yoxdur”.

Zasursky-ə deyəndə ki, onun keçmiş tələbələrindən biri, dövlət televiziyasının aparıcısı Ernest Matskyavichyus “Rusiya informasiya müharibəsindədir və ölkə bir zamanlar üz tutduğu Qərb jurnalistika standartlarından- balanslı xəbərləmədən əl çəkməlidir”- deyib, müəllim boynunu qısır…

Ernest Matskyavichyus deyirdi ki, məgər İkinci Dünya Müharibəsində jurnalistika iki tərəf arasında balans saxlayırdı?

“İnsanlar yalnız yarımçıq məlumatlananda tərksilah olurlar”

“Matskyavichyus əla tələbə idi… Amma mən onunla razı deyiləm. İnsanlar yalnız yarımçıq məlumatlananda tərksilah olurlar. Bu baş verəndə biz düşmən hücumundan qabaq mühasirəyə düşmüş oluruq”.

O, maraqlı jurnalist idi. Çox ağıllı gənc idi, ağıllı yazıları olurdu. İndi isə eyni fikirləri təkrarlamaqla məşğuldur

Söhbət Zasursky-nin başqa bir tələbəsi Dmitry Kiselyov-dan düşəndə, o, deməyə söz tapmır. Kiselyov hazırda “Rossiya Seqodnya” dövlət mediası holdinqinə rəhbərlik edir və anti-Qərb təbliğatı aparan jurnalist kimi tanınır.

“O, maraqlı jurnalist idi. Çox ağıllı gənc idi, ağıllı yazıları olurdu. İndi isə eyni fikirləri təkrarlamaqla məşğuldur. Bunun jurnalistikaya heç bir aidiyyatı yoxdur. Jurnalist insanlara hadisələri başa düşməkdə kömək etməlidir".

“Bəlkə jurnalistlər çörəkpulunu tərcümədən çıxarmalıdırlar”

Zasursky 1929-cu ildə doğulub, 2-ci Dünya Müharibəsi vaxtı Sibirə köçürülüb, orda yaşadığı dövrü nəzərə almasaq, o, bütün ömrünü Moskvada yaşayıb.

İxtisasca ingilis dili mütəxəssisidir, 1967-ci ildə doktorluq dissertasiyasını 20-ci əsr Ameriika ədəbiyyatı mövzusunda yazıb.

O vaxt öz şeirləri qadağan şairlərə tərcümə işi verməyə icazə var idi, onlar da çörəkpulunu tərcümədən çıxarardılar. Bəlkə də indi jurnalistlər tərcümə ilə məşğul olmalıdırlar

Son aylar Zasursky-nin səhhətində problemlər yaranıb, əlil arabasında gəzir. Amma o, optimistdir və ümid edir ki, yeni ilə qədər yenidən ayaq üstə dura biləcək.

Amma Zasursky Putinin hakimiyyəti dövründə işləyən səmimi jurnalistlərin taleyi ilə bağlı daha az nikbindir.

O, 1950-ci illərdə “Xarici Ədəbiyyat” nəşriyyatında redaktor işlədiyi dövrü xatırlayır və deyir ki, həmin vaxtlar siyasi səbəblərdən yazıları dərc olunmayan şairlər tərcümə ilə məşğul olardılar: “O vaxt şairlərə tərcümə işi verməyə icazə var idi, onlar da çörəkpulunu tərcümədən çıxarardılar. Bəlkə də indi jurnalistlər tərcümə ilə məşğul olmalıdırlar. Məncə, intellektual iş tapmaq mümkün olur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG